DİASPORA TƏŞKİLAT RƏHBƏRLƏRİ KOMİTƏ SƏDRİNİ “TOPA TUTDULAR” – DAĞIDIR, PARÇALAYIR…
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 19 illiyidir. Xatırladaq ki, Nazim İbrahimov 16 illik sədrlikdən sonra Prezidentin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Yerinə Fuad Muradav təyin edilib.
Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev həmin vaxı deyib: “Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.
Düzdür, F.Muradov komitəyə sədr təyinatından sonra xarici ölkələrə səfərlər edib, diaspora təşkilatları arasında həmrəylik və birliyin yaradılması istiqamətində işlər aparıb. Təşəbbüsü ilə Koordinasiya Şuraları, “Azərbaycan Ev”ləri yaradılıb və s. Bu işlərin yerlərdə necə qəbul edildiyi və dəyərləndirildiyi, effekt verib, vermədiyi barədə diaspora təşkilat sədrləri daha yaxşı bilərlər. Elə bu suallarla onların bir neçəsinə müraciət etdik.
Avropada Azərbaycan Dostları Cəmiyyətinin sədri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadə Avrasiya.net-ə açıqlamasında Komitənin fəaliyyətindən narazı qaldığını ifadə edərək bir az öncəyə ekskurs edib: “Nazim İbrahimov diplomat idi, yeganə minusu vardı ki, yalançı idi. Hamıya yaşıl muncuq verərdi. Nazim İbrahimov təkbaşına Avropada qaçqınlarla, müxalifətçilərlə görüşərdi. O, imkan verməzdi ki, kimsə Prezidentin ünvanına tənqidi fikir söyləsin. Özünün tənqid və hətta təhqir olunmasına göz yumardı, ancaq dövlət başçısına edilən tənqidi həzm etməzdi. Nazim İbrahimov daha çox iqdırlarla işləyirdi və onların əli ilə pul silirdi. Azərbaycanlıya etibar etmirdi. Məsələn, bir iqdırlını cəmiyyət sədri qoyurdu, 60 min pul yazırdı ona, onun 30 minini geri alırdı”.
E.Mustafazadə Fuad Muradovu mədəni adama oxşadığını, amma kosmopolit olduğunu deyib: “Fuad Muradovu tənqid etrmək olmaz, prezidenti tənqid et amma onu etmə. Kinlidir, onu tənqid etsən, ömrü boyu sənə düşmən olacaq. Tərifi daha çox sevir. Qürbətdə güclü diaspor lazım deyil. Amma onun bir üztün cəhəti var ki, azərbaycanlılara üstünlük verir. Fuad Muradovun cangüdənlərinin sayı Prezidentin cangüdənlərinin sayından çoxdur. Xaricə səfər edəndə əhatəsində çoxlu qoruyucuları olur”.
Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuralarının yaradılmasına gəldikdə isə E.Mustafazadə bildirib ki, bu xəstə bir təfəkkür məhsuludur. F.Muradov Nazim İbrahimovun kadrlarını uzaqlaşdırıb yeniləri ilə əvəzləyib, bu da oldu diaspora sahəsində islahat: “Bunun işi qurmaq deyil, dağıtmaqdır. Bir, iki qurulmuş təşkilatı vardı, onları da məhv etdi. Diaspor işi ilə məşğul olmaq hakimiyyətin dostu olmaq demək deyil. Nüfuzu təcrübəsi olan, millətini, xalqını, dövlətini sevən şəxsin gücündən, nüfuzundan, istedadından, biliyindən istifadə edib diaspor təşkilatı qurmaq lazımdır. Yunanlarda, ermənilərdə, hətta vyetnamların da lobbiləri var. Albanlar belə Avropada olan diasporunu lobbiyə çeviriblər. Yaşadıqları ölkənin dövlət strukturuna təsir edə bilirlər. Amma bizim gözəl şoumenlərimiz yetişib. Avropada rəsmi qeydiyyata alınmış bir mətbu orqan var – “Xudafərin” jurnalı. Xahiş etdik ki, iki jurnalistimizə maaş ayırın, etmədilər. Fuad Muradov Avropaya gəlib hakimiyyəti söyən şəxslərdən diaspora fəalı yaradır. O, xaricdəki azərbaycanlıları tanımır ki, kiimlərdir nəyə, hansı məzhəbə qulluq edirlər. Kim Fuad Muradovu tərifləyir, onu irəli çəkir. Onu tənqid edən isə hədələnir. 44 günlük müharibə zamanı Avropada elə gənclər üzə çıxdılar ki, onların heç birini Komitə yaxına buraxmırdı. Amma onlar prezidentə həmrəylik nümayiş etdirdilər, ordunun yanında olduqlarını bildirdilər. Komitə isə onlardan istifadə edə bilmir, elmli, istedadlı gənclərimizin potensialı komitənin marağında deyil”.
Diaspora təşkilat sədri fikirlərini “onlarla əməkdaşlıq etmək fikrim yoxdur, lənətə gəlsinlər” ifadəsi ilə tamamlayıb.
İspaniya Azərbaycanlıları Birliyinin (AAEE) sədri , Qərbi Azərbaycan İctimai Birliyinin İspaniyada səlahiyyətli nümayəndəsi Vahid İmanov isə bildirib ki, Fuad Muradov sədr təyin olunandən bəri komitənin fəaliyyəti iflic olub. Diaspora təşkilatlarının fəaliyyətinin genişlənməsi, diaspora quruculuğu üçün dövlətdən ayrılan vəsait ünvanlara çatdırılmayıb: “Fuad Muradov fəaliyyətini ancaq parçalanmaya istiqamətləndirib. Onun bu sahədəki siyasəti diaspora təşkilatları arasında qarşıdurmalara gətirib çıxarıb”.
Niderlandda yerləşən “Connect” təşkilatının sədri, jurnalist Vüqar Abbasov əvvəlcə komitənin 19 yaşı münasibətlə orada çalışanları təbrik edib: “Qaldı ki, nəyinsə dəyişməyinə… Ordan başlayaq ki, komitəyə yeni rəhbərlik gələndən sonra bir neçə layihə başladılar, bəziləri bu gün də var, ki, şəxsən mən onları alqışladım. Bura xaricdə yaşayan yeniyetmə və gənclərimiz üçün Azərbaycanda təşkil edilən “Yay düşərgəsi”, tv-də yayımlanan “Vətən uzaqda deyil” layihələri daxildir. Bunlar barədə mətbuatda da fikrimi bildirmişdim. Nəyin dəyişmədiyinə gəlincə… Məzmun dəyişmədi, təbii ki, mənim fikrimcə. Komitənin əvvəlki rəhbərliyi diaspor təşkilatlarının, diaspor fəaliyyətində aktiv olan ayrı-ayrı şəxslərin əksəriyyəti ilə əlaqə saxlayır, onları incitməməyə çalışır, sonda isə özlərinə yaxın olanlarla əməkdaşlıq edirdilər. Yeni rəhbərliyin dönəmində isə komitə ancaq özlərinə yaxın olanlarla əlaqə saxlayır və elə onlarla da əməkdaşlıq edir. Hətta seçdikləri ifadələrlə belə kimlərisə incidə biləcəklərinin fərqində olmurlar, yaxud da veclərinə almırlar. Məsələn, indi az qala hər yerdə Koordinasiya Şuraları yaradıblar. Kimlər var bu şuralarda? Bu şuraların yaradılmasında məqsəd nə idi? Xaricdəki təşkilatları birləşdirmək idisə, özünü doğrultduğuna inanmıram.
Yox, birləşdirmək adı altında ayrımaq idisə, başqa məsələ. O zaman təbrik edirəm, məqsədlərinə çatdılar. Başqa bir misal, gəlib ayrı-ayrı ölkələrdə özlərinə yaxın üç-beş təşkilatla tədbir keçirdir və mətbuata “Filan ölkədəki diaspor təşkilatlarının iştirakı ilə tədbir keçrildi” deyə məlumat verirlər. Ya savadları çatmır ki, məsələn, “Bir neçə diaspor təşkilatının iştirakı ilə…” yazsınlar, ya da açıq-aşkar saymamazlıq edir, təşkilatlar arasında bilərəkdən narazılıq yaradırlar. Artıq bunu niyə edirlər, bu variantların hansı doğrudur, özlərinin başqa variantı varmı, bunu onlar bilərlər. Reklamçılıq da öz yerində. Məsələn, son layihələrindən birinə baxaq. Bilirsiniz ki, məlum virusla bağlı həmçinin Azərbaycana turistlərin gəlməsinə müəyyən məhdudiyyətlər qoyulub. Ancaq bu yaxın vaxtlarda Avropanın bir çox ölkələrində, deyəsən hətta Avropa ölkələrindən kənarda da Azərbaycanı reklam kampaniyaları aparıldı; avtobus, tramvayların və.s. üstünə reklam yazıları yapışdırıldı. Yol kənarlarında reklam löhvələri qoyuldu. Turizmdən, reklamdan az-çox anlayışı olanlar razılaşarlar ki, bu kimi reklamlar əsasən ölkəyə turist cəlb etmək məqsədilə verilə bilər. Bunu “İmic reklamları” da adlandırmaq olar. Əgər ölkəyə turist buraxılmırsa, yaxud da müəyyən məhdudiyyətlərlə buraxılırsa, bu kimi reklamlara xərc çəkmək kimə lazım idi? Ancaq Azərbaycan mətbuatı bunu böyük uğur kimi təqdim etdi. Yəni xarici ölkələrdə aparılan bu cür mənasız (mənə görə) reklam kampaniyası sözügedən komitəyə Azərbaycanda özünü əməllicə reklam etmək üçün imkan yaratdı. Ona görə yazdım ki, məzmun dəyişməyib, hətta son vaxtlarda bir qədər daha irəli gediblər; Önəmli olan Azərbaycan mətbuatında “uğurlar” barədə çoxlu yazıların getməsi, sosial şəbəkələrdə “davulun səsinin” bərk çıxmasıdır. Təbii ki, çox sözlər demək, yazmaq olar, ancaq hələlik bu qədər bəsdir və təbii ki, bütün bunlar mənim düşüncələrim, mənim gəldiyim qənaətlərdir. Razılaşmayanlar ola bilər”.
Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov isə əvvəl necə işləyirdilərsə indidə o qaydada davam etdiklərini deyib: “Calışırıq ki,hec kimin işlərinə qarışmayaq. Cox şükür ki, hələ hec kimdən asılı deyilik. Amma mənim nədənsə Fuad Muradova inamım var. İki il məncə biraz az müddətdir ki, Komitədə nəyisə səhmana sala bilsin. Amma bəzi məsələlərlə məndə razı deyiləm, sadəcə yazmaq istəmirəm”.
Niderland “Azərbaycan Evi” nin rəhbəri Elxan Mirhəşimli isə qeyd edib ki, Diaspora Komitəsində dəyişiklik olduqda umidlərimiz böyuk idi, Yeni rəhbərlik başlangıcda çox gözəl vədlər verdi. Təəssüflər olsun ki, zaman keçdikcə verilən vədlər unuduldu: “Bizim illərdi topladıgımız təcrubədən yararlanırlar. Komitə yeniliklər edərək nələrisə nail olmaöa çalışır, amma çox böyuk yanlışlıqlar var. Bunları söyləməsək istədiyimiz nailiyyətləri əldə edə bilmərik”.
E.Mirhəşimli onu da vurğulayıb ki, görulən yaxşı işlər də var çatışmayan işlər də. Amma biz çatışmayan yanlışları aradan qaldırmaq, yanlışları tərifləsək
istədiyimiz nəticəni ala bilmərik: “Əksinə bəzi məmurlar görduyumuz işləri əngəlləyir, könullu fəaliyyətimizi kiçıldərək həvəsdən, gözdən salırlar. Nazim İbrahimovun zamanında buraxılan səhvlər yenidən davam etməyə başlayıb. Nazim İbrahimovun dövrundə heç olmasa Komitədəki məmurlar fikirlərimizə hörmətlə yanaşırdılar, məktublarımıza cavab verirdilər, diskusiya edib problemləri aradan qaldırırıq.
İndiki Komitə məmurlar isə əməkdaşlıqdan qaçır.
Misal uçun bu yaxınlarda “Azərbaycan Evlər” inin İstanbul toplantısı oldu, məni dəvət etmədilər, mən Avropda rəsmi qeydiyatdan keçmış təşkilat rəhbəri olaraq xəbəri mətbuatdan oxudum.
Səbəb, düşünürəm ki, bəzi məmurların haqlı tənqidi fikirlərimi həzm edə bilməyib, məni Fuad Muradivla uz-uzə göruşumu əngəlləməkdir ki, fikirlərimi söyləməyi, mənum fikirlərim, duşuncələrim bəzi məmurları narahat edir.”.
E.Mirhəşimli bildirib ki, Komitəyə edilən müraciət və məktublara cavab verilmir, nöqsanlar aradan götrülmur, önəmli, dövlət əhəmiyyətli lahiyələrimizi həyata keçırdə bilmirik, Komitə heç bir dəstək vermir: “19 ildə Komitədən 19 euro yardım, ya kömək belə görməmişəm, yalnız öz imkanlarım çərçıvəsində lahiyələr həyata keçirirəm. Böyuk işlər görmək olar, ona da maliyyə lazımdır. Diaspora işi bir komanda işidir, əgər komandada bir, iki nəfər milli maraqlara deyil, şəxsi maddi maraqlarını düşünsə bu birliyi pozar,
Bəlkə də Komitədə baş verənlərdən Fuad Muradovun ola bilsin xəbəri yoxdur, ona ətrafinda olan komandasındakı məmurlar yanlış məlumatlar verilir.
Ümidim Fuad Muradovla uz-uzə görüşümə qalıb, bəzi məqamlara aydınlıq gətirdikdən sonra daha ətraflı fikirlərimi mətbuata və Dövlət qrumlarına bildirəcəm.
Məqsədimiz xaricdə dövlətimizin maraqlarını təmın edə biləcək güclü lobiçilik qurmaqdır. Ümid edirəm, 20 illik yubileyimizə dogru yanlışlardan uzaqlaşıb guclu bir təşkilatlanma qurub, ümumi Milli Dövlət maraqlarımıza güc qatarı, dövlətimizə dəstək olarıq”.
Təşkilat sədrlərinin fikirləri ilə bağlı Komitənin də mövqeyini dərc etməyə hazırıq./Avrasiya.net/