“Pensiyaçılar, aztəminatlı ailələr qiymət artımından əziyyət çəkir” – Millət vəkili
“Bu gün biz əmək pensiyaları haqqında danışırıqsa pensiyçıları düşünməliyik. Qiymətlər qalxdı, əvvəl suyun qiyməti qalxmışdı, indi qazın, işığın qiyməti də qalxdı. Mən ötən iclasda misal çəkdim ki, biz bəzən qiymətləri qaldıranda bunun nədən qaynaqlandığını, əsl səbəbləri demirik. Çalışırıq əsaslandıraq ki, bu camaatın xeyrinədir”.
Bu fikirləri Milli Məclisin növbədənkənar iclasında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib. Millət vəkili daha sonra deyib: “Adını qoyuruq ki, bu idarəetmənin təkmilləşdirilməsi deməkdir, itkilərin qarşısının alınması məqsədilə edilir. Amma hansı məqsədlə edilir-edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan çox əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələni müzakirə eləməli, buna münasibət bildirməli idi. Mən Razi Nurullayevin o təkilifini dəstəkləyirəm ki, bu tipli məsələlər mütləq parlamentdə müzakirə olunmalıdır və monopolist dövlət təşkilatlarının qiymətləri qaldırmasını parlament müəyyənləşdirməlidir. Necə ki, cərimələri, dövlət rüsumlarını biz müəyyənləşdiririk, eyni qaydada da qanunvericilk aktında qiymətlərin yuxarı həddi müəyyən olunmalıdır. Bir də bunun aradan qaldırılmasını yolunu tapmasaq qiymətlər bu cür artmaqda davam edəcək. Biz gördük ki, 74 il ərzində sovet hökuməti məhz dövlət mülkiyyətinə görə, yəni sosialist təsərrüfat sistemi özünü doğrultmadı və dağıldı. Azərbaycanda iqtisadiyyatın aparıcı sahələri dövlət mülkiyyətindədir və ona görə də bunu özəlləşdirmək lazımdır. Yaxud ən azı özəl şirkətlərə idarəetməyə verilməlidir. Yəni bu sistemi saxlamaqla biz ciddi uğurlara nail ola bilməyəcəyik.
Qanun layihələrinə isə səs verəcəyəm”.