Media Reyestri “mütrüb dəftəri” deyil – Elçin Mirzəbəyli yazır
Qəribə və hələ də izahını tapa bilmədiyimiz parodoksallıqla qarşı-qarşıya qalmışıq. Bir tərəfdən daha ədalətli, hər kəsin öz bilik və bacarığını, istedadını maneəsiz bir şəkildə büruzə verə biləcəyi bir cəmiyyətdə yaşamaq üçün pozitiv dəyişikliklərin baş verməsini arzulayırıq, digər tərəfdən dəyişikliklərdən narahatlıq keçirir, bir zamanlar xilas olmaq istədiyimiz nəsnələrin ətəyindən bərk-bərk yapışmaq barədə düşünürük.
İllərdir ölkənin media sektoruna fayda vermək, özünü təsdiqləmək potensialında olan insanlar sağlam rəqabət mühitinin, reklam bazarının, müstəqil maliyyə qaynaqlarının olmamasından əziyyət çəkir, media adına “reketçiliyin”, reketçilik, dələduzluq, fırıldaqçılıq adına “media”nın stimullaşdırılmasının basqısı altında cəhənnəm əzabı yaşayanların, oxunmamaq üçün yazılanlar, baxılmamaq üçün göstərilənlər, dinlənilməmək üçün danışılanların kəmiyyət dəyirmanına qarşı Don Kixot hikkəsi ilə yürüyənlərin, jurnalistin “Sizif əməyi”ndən həzz alanlar cameəsinin yaratdığı BOZ və KARDİNAL dəyişikliyə ehtiyacı olan reallıqların məngənəsində gün çürüdürlər. İndisa bütün bunları sıfırlamaq, peşəkarların baxış bucağı üzərindən yeni bir səhifə açmaq imkanı yaranıb. O zaman bu təlaş nədir və ümumiyyətlə biz nə istəyirik?
Allah rəhmət eləsin Əliağa Vahidə, bu yerdə onun dillər əzbəri olan bir neçə beytini xatırlatmaq istəyirəm:
“Gəlmişəm məclisə mən könlünüzü şad eləyim,
Nə ki bihudə yerə naleyi-fəryad eləyim.
Kimsə yox sakit otursun, qulaq assın sözümə,
Qalmışam matu-məətəl, kimə irad eləyim.
Tutalım əsrimizin Həzrəti İsası mənəm –
Bu soxasoxda necə möcüzə icad eləyim”.
…Möcüzə baş verməyəcək. Yəni istedadsız birdən-birə istedadlı, qeyri-peşəkar super, hiper professional, dələduz vicdanlı, reket, fırıldaqcı dürüstlük nümunəsi… olmayacaq. Möcüzə olan yerdə islahat olmur. Birdən-birə hər şeyi gözəl göstərən “sehrli çubuq” zamanla böyük bir “paz”a çevrilir… Gerisi məlumdur.
…İndi media sektorunda ölkə həyatının digər sahələri ilə paralal olaraq islahat aparılır. Boşluqlar, maneələr aradan qaldırılır, hər şeyin həm hüquqi, həm də biznes müstəvisində öz adı ilə çağırılmasına imkan yaradılır. Və biz jurnalistlər, media resurslarının rəhbərləri, əməkdaşları, kəsəsi bu sektordan qazandığıyla həyatını pis-yaxşı təmin edən hər kəs bu prosesin tərkib hissəsidir.
İndi həyata keçirilən və keçirilməsi nəzərdə tutulan islahatların mahiyyəti qalıb bir kənarda, hər kəsi Media Reyestrinə, vahid jurnalist vəsiqəsinə fokuslamaq kimi, anlaşılmayan cəhdlər nəzərə çarpır. Səbəbi nədir? Daim irəli baxdığım üçün köhnə palan içi eşmək niyyətində deyiləm. Amma yəqin ki, səbəbi, yaxud səbəbləri olmamış deyil.
Nə isə…
Bu gün peşəkar media subyektlərinin mütləq əksəriyyəti, jurnalist adının Günəş şüalarının altında, piştaxtada saralan göyərti qədər ucuzlaşdırıldığından sıxılan, mənəvi əzab çəkən hər kəs bu məsələyə hüquqi müstəvidə çəki-düzən verilməsini arzulayır. İndi xeyli müddətdir həsrətlə gözlənilən hüquqi çəki-düzən məsələsi gündəmə gəlib və bu problemi tənzimləyəcək hüquqi mexanizmlərin yaradılması reallaşmaq üzrədir. Media haqqında qanunla jurnalist hesab olunan şəxslərin dairəsi aydın bir şəkildə müəyyənləşəcək, manipulyasiyalara yer qalmayacaq və hər kəs öz adı ilə çağırılacaq. Daha kimlərsə jurnalist sözünün önünə bir “reket” kəlməsi də pərçimləyib medianın “dünyaya gəldiyi günə” lənət oxutdura bilməyəcəklər. Jurnalist Media haqqında qanunun tələblərinə uyğun yoluna, reket isə cinayət və inzibati xətalar məcəllələrinin müvafiq müddəalarına əsasən “fəaliyyətinə” davam edəcək.
Onlayn və çap mediası təsis etmək üçün isə heç bir icazəyə ehtiyac duyulmayacaq. Sadəcə Medianın İnkişafı Agentliyinə məlumat xarakterli müraciət göndəriləcək. Vəssalam! Bu məlumat xarakterli müraciət tələbində məqsəd isə fəaliyyətə başlayan media subyektində çalışan jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, onların qanunla nəzərdə tutulan güzəşt və imtiyazlardan yararlana bilmələridir. Fəaliyyətə başlayan media subyekti məlumat xarakterli müraciətlə Medianın İnkişafı Agentli qarşıında heç bir öhdəlik götürmür, götürə də bilməz. Bu hüququn fəlsəfəsinə zidd yanaşmadır. Öhdəlik və vəzifələri qanunlar müəyyənləşdirir, ayrı-ayrı qurumlar yox.
Başqa bir yanlış interpretasiya Media Reyestri üzərindən aparılır. Əziz həmkarlar, əmin ola bilərsiniz ki, Media Reyestri Əbdülrəhim Bəy Haqverdiyevin məşhur hekayəsindəki “mütrüb dəftəri” deyil və heç kimin adını zorla bu “dəftərə” yazmayacaqlar. Kim istəyəcəksə qoşulacaq. İstəməyəcəksə, təbii ki, qoşulmayacaq və şübhəsiz ki, bu halda dövlətin mediaya dəstək siyasətinin bir sıra istiqamətlərindən də faydalana bilməyəcək.
Jurnalistlərin vahid vəsiqəsinə gəldikdə isə, bu barədə təxminən 15 ildir ki, yazıram və danışıram. Əvvala qeyd edim ki, adı Media Reyestrinə düşən və düşməyən bütün media subyektləri və jurnalistlər Media haqqında qanunun tələblərinə uyğun fəaliyyət göstərmək məcburiyyətində qalacaqlar. Yəni Media Reyestri bu reyestrə düşən hər hansı media subyektinin, jurnalistin üzərinə əlavə vəzifə və öhdəlik qoymadığı kimi, reyestrə düşməyən media subyektlərinə, həmçinin jurnalistlərə Media haqqında qanunun və ölkənin digər hüquqi-normativ aktlarının tələblərinə əməl etməmək hüququ da vermir. Yəni, adın Media Reyestrinə daxil edilsə də, edilməsə də, qanunların tələblərinə əməl edəcəksən. Amma adı reyestrə daxil edilənlər, edilməyənlərdən fərqli olaraq, güzəşt və imtiyazlardan yararlana biləcəklər.
Xatırlatma:
Türkiyədə jurnalistlərə verilən vahid “mətbuat vəsiqəsi” (basın kartı) onlara bir sıra üstünlüklər gətirir: İlk növbədə onların peşəkar jurnalistika ilə məşğul olmaları dövlət tərəfindən rəsmən tanınır, qəbul edilir. Digər tərəfdən vahid “mətbuat vəsiqəsi” alan jurnalistlər ictimai nəqliyyatdan ödənişsiz istifadə edir, muzeylərə, qalereyalara, ictimai, siyasi, mədəni tədbirlərin həyata keçirildiyi məkanlara ödənişsiz daxil olur, gün ərzində ölkədə keçiriləcək mühüm tədbirlər haqqında öncədən məlumat almaq imkanı qazanırlar… Bununla yanaşı, “basın kartı” Türkiyənin media mənsublarına poçt şöbələrində teleqraf, faks, telefon, teleks və buna bənzər vasitələrdən növbəsiz və endirimli qiymətlərlə istifadə etmək imkanı verir. “Basın kartı”nın üstünlüklərindən biri də sahiblərinə dövlət tədbirlərində, milli və ya beynəlxalq müsabiqələrdə, mətbuat konfranslarında və digər bu kimi toplantılarda polis əməkdaşlarının verdiyi təlimatlara uyğun olaraq, növbəsiz park etmə, durma, dayanma və sərbəst keçiş imkanı yaratmasıdır.
Qeyd edim ki, qardaş ölkədə “basın kartı” Türkiyə Cümhiriyyəti Cumhurbaşkanlığı İletişim Başkanlığının müəyyənləşdirdiyi qaydaları yerinə yetirən jurnalistlərə Basın Kartları Komissiyası tərəfindən verilir. Bu kartlar sahiblərinin həqiqətən də jurnalist olduqlarını təsdiqləməklə yanaşı, “kimlik kartı” (şəxsiyyət vəsiqəsi) əvəzinə də istifadə olunur.
Sözardı
Media cəmiyyətin bir parçasıdır və cəmiyyətin hər bir fərdinin hüquq və vəzifələri qanunlarla tənzimləndiyi, icrasına nəzarət edildiyi halda, media bu prosesdən kənarda qala bilməz. Qanunlar və onların icrasına nəzarət mexanizmləri informasiya məkanının bütün real və virtual seqmentlərində tətbiq olunmalı, öz əksini tapmalıdır. Əks təqdirdə bu birgəyaşayışı alt-üst edən hüquqi nihilizmə, xaosa yol aça, mövcud çatışmazlıqları, ziddiyyətləri dərinləşdirə, buraxılan boşluqların milli identikliyimizi, mədəniyyətimizi, bir xalq olaraq varlığımızı sarsıda biləcək ideyalara və texnologiyalara qarşı müqavimətsiz vəziyyətə sala bilər.
Mediadakı sistemsizliyə, hüquqi nihilizmə, özbaşınalığa yol açan, milli informasiya məkanına münasibətdə etimadsızlıq mühitinin yaradılmazına, sui-istifadə hallarına imkan verən bütün problemlər qanunların aliliyinin təmin edilməsi və çevik tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə aradan qaldırıla bilər.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru