Qüdrət Həsənquliyev:”Paşinyan yaxın zamanlarda hakimiyyətdən gedəcək” – MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə müsahibəni oxucularımıza təqdim edirik
– 44 günlük müharibədən xeyli əvvəl sanki bu günlərin proqnozunu verərək demişdiniz ki, Qarabağ probleminin ədalətli həlli üçün erməniləri bir millət kimi məğlub etməyə ehtiyac var. Sizin fikrincə, düşmən məğlubiyyətlə razılaşmadıqca Dağlıq Qarabağdan vaz keçməyəcəklər. 44 günlük savaşda ağır itkilərlə geri çəkilən ermənilər son parlament seçkilərində məğlub Baş nazirə səs verdilər. Bununla da revanşist qrupların yox, “sülhsevər” və məğlub Paşinyanın prinsiplərini qəbul etdiklərini göstərdilər. Seçkilərin bu nəticəsi sizin nəzərdə tutduğunuz vəziyyətin artıq reallaşmasındanmı xəbər verir?
– Bəli. Mən zaman-zaman media qurumlarına, o cümlədən sizin saytınıza da dəfələrlə müsahibəmdə bildirmişdim ki, biz erməni xalqını döyüş meydanında məğlub etməsək, onlar heç bir liderə Azərbaycanla sülh sazişinə imza atmağa imkan verməz. Son seçkinin nəticələri də onu göstərdi ki, erməni xalqı artıq müharibə istəmir və yeni müharibənin onun üçün necə nəticələnə biləcəyindən əmindir. Buna görə də erməniləy ölkədəki ağır iqtisadi vəziyyətə, müharibəni uduzmasına baxmayaraq revanşistlərə yox, Paşinyana səs verdilər. Bəlkə də yeni bir qüvvə ortaya çıxıb, sülh və yeni iqtisadi platforma təklif etsəydi, seçkidə qələbə qazana bilərdi.
Paşinyanın bəxti həm də onda gətirdi ki, rəqibləri köhnə korrupsioner prezidentlər idi. Həmin eks-prezidentlərin hər 3-ü, Levon Ter-Petrosyan da daxil olmaqla müharibə cinayətləri törətmiş şəxslər idi. Düzdür, Levon son seçkilərdə deyirdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq, amma o da zamanında səhra komandirlərinin qarşısında dayana bilmədi, qətiyyətsiz mövqe sərgiləyərək ağır müharibə cinayətlərinin iştirakçısına çevrildi və sonda onların tələbi ilə istefa verdi. Məhz onun zamanında Azərbaycan torpaqları işğal olundu və o, səhra komandiri, soyqırım törətmiş qatil Köçəryanı hakimiyyətə gətirdi.
Amma son seçkiləri qazanmasına baxmayaraq, mənim fikrimcə, Paşinyan bitmiş bir adamdır. Erməni xalqı sadəcə ona görə Paşinyanı dəstəklədi ki, o, atəşkəs bəyanatına imza ataraq, müharibəni dayandırdı. Amma o, yetkin dövlət xadimi, siyasətçi olsaydı, xalqına ilk gündən yalan danışmasaydı, bu qədər itkilər vermədən də müharibəni dayandıra bilərdi. Bilirsiniz ki, Ermənistan tərəfindən 5 mindən artıq, bizdən isə 3 minə yaxın əsgər öldü, 10 minlərlə insan şikəst oldu, sağlamlığını itirdi. Mən ötən seçkilərdə də, indi də deyirəm ki, seçkilərdə qələbə çalmaq Paşinyanı ağır aqibətdən xilas edə bilməyəcək. O, məhvə məhkum olunmuş bir siyasət adamıdır və yaxın zamanlarda hakimiyyətdən gedəcək. Ən çoxu 2 il hakimiyyətdə qalma şansı var.
– Bəs, o getsə nə olacaq? Yenidən revanşistlər təşəbbüsü ələ ala bilərlərmi?
– Paşinyanın Rusiyaya qarşı duruş gətirmək imkanı çox məhduddur. Mümkündür ki, bu mərhələdə onunla bağlı Co Bayden və Makronun Putinlə müəyyən söhbətləri olub. Rusiya, bilirsiniz ki, min illik dövlətçilik təcrübəsi olan bir ölkədir və oturuşmuş dövlət institutları var. Böyük dövlətlər bəzən bu və digər hədəflərə çatmaq üçün səbrlə və uzun müddətli plan işləyib hazırlayırlar. Məncə, Rusiyanın Ermənistanı uzun müddət Paşinyanla idarə etmək planı yoxdur. Rusiyanın regiondakı əsas məqsədi Qərb yönümlü siyasəti iflasa uğratmaqdır. Paşinyan da həmin qüvvələrin başında duran şəxs kimi bu işi uğurla həyata keçirir. Rusiya bu istiqamətdə artıq ciddi nəticə əldə etdi. Fikir verirsinizsə, müharibəyə qədər sıfır reytinqi olan Köçəryan artıq 20%-dən artıq səslə parlamentdəki ana müxalifət qrupunun lideri statusunu qazandı. Beləcə, birinci mərhələ üçün Köçəryan ölkədə legitim qüvvə halına gətirildi, bundan sonra onun və digər müxalif lider Sarkisyanın Paşinyana təzyiqləri daha da artacaq. Ölkədə isə böyük problemlər var və düşünmürəm ki, Paşinyan bu təzyiqlərin qarşısında sona kimi duruş gətirəcək qədər müdrik siyasətçidir və Qərb onu sona qədər dəstəkləyəcək. Həm də ola bilsin ki, Azərbaycan və Türkiyə ilə sülh sazişinin imzalanması, diplomatik əlaqələrin qurulması kimi erməni camiəsi tərəfindən çirkli iş kimi qəbul olunan məsələləri Paşinyana gördürüb sonra hakimiyyətdən uzaqlaşdırılması nəzərdə tutulur. Onun yerinə gələnlər isə bu çirkli işi Paşinyanın həyata keçirdiyini əsas gətirərək vəziyyətlə razılaşacaqlar. Erməni xalqına deyəcəklər ki, biz üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklərə sadiq qalmalıyıq. Paşinyanın ağlı olsa, qalan çox qısa siyasi ömründə erməni xalqının gələcəyi naminə daha cəsarətli addımlar atar; məsələn, kommunikasiyaları açmaqla iqtisadi inkişaf yolu üzərində ən ciddi maneləri aradan qaldırar, Azərbaycan və Türkiyə ilə dostluq və əməkdaşlıq haqqında saziş imzalayar, Ermənistan tarixinə təkcə məğlub Baş nazir kimi yox, həm də Ermənistanın inkişafına yol açan birisi kimi düşər.
– Sizin sözünüzdən belə anladım ki, Paşinyandan sonra hakimiyyətə hətta revanşist qüvvələr gəlsə belə, onun indi bağlayacağı sülh sazişinə sadiq qalacağına inanırsınız.
– Sözün doğrusu, mən əmin deyiləm ki, Paşinyan sülh sazişinə qol çəkəcək. Sadəcə deyirəm ki, onun az zamanı qalıb, ağlı çatsa, sülh sazişini imzalayar. Həm Türkiyə ilə, həm də bizimlə münasibətləri qaydaya salar. Amma o, bunu edəcəkmi, bilmirəm. Paşinyanda Rusiyadan heyvani qorxu yaranıb – instiktiv qorxu. Belə bir halda o qorxur ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması Rusiyanın müəyyən dairələri tərəfindən xoş qarşılanmaz. Bu qorxu onu həmin addımları atmaqdan çəkindirə bilər.
– Bəs Rusiyanın bu təzyiqləri qarşısında Qərb onu dəstəkləməzmi?
– Mən söhbətimizin əvvəlində də Makronun, Co Baydenin Putinlə danışaraq onu dəstəkləməsini istisna etmədim. Hətta səsvermə gününə az qalmış Azərbaycanın 15 erməni əsirini Ermənistana qaytarmasını da Paşinyana bizim verdiyimiz dəstək kimi qiymətləndirirəm. Hesab edirəm ki, səsverməyə 4 gün qalmış Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsi belə, ona dəstək idi. Bu Bəyannamə ilə Azərbaycan və Türkiyə revanşistlərə böyük bir zərbə vurdu. Erməni cəmiyyəti başa düşdü ki, revanşistlərə səs versə və yeni hakimiyyət müharibəyə başlasa, bu dəfə tək Azərbaycan yox, Türkiyə də açıq formada müharibəyə qoşulacaq. Türkiyəyə qarşı vuruşmaq ehtimalı yaranarsa, ermənini kim müdafiə edir etsin, Ermənistan bu müharibədən salamat çıxa bilməz. Bu qorxu Paşinyanın xeyrinə işlədi və o, seçkilərdə heç kimin gözləmədiyi möhtəşəm qələbə çaldı. Müharibədən məğlub ayrılan bir lider təkbaşına hökumət formalaşdıra biləcək səviyyədə seçkini uddu.
– Şuşa Bəyannaməsinə Rusiyanın sərt təpksini necə qiymətləndirirsiniz?
– Düşünmürəm ki, Rusiya Şuşa Bəyannaməsinə sərt təpki göstərdi. Bəyannaməni şərh edən Zaxarova dedi ki, iki dövlət arasında imzalanmış sənədin Qarabağ məsələsinə şamil edilməsini düzgün saymırıq. Bir də onu vurğuladı ki, istənilən iki dövlət bir-biri ilə müqavilə bağlayanda qonşularının da mövqeyini nəzərə almalıdır…
– Axı səlahiyyətcə Zaxarovadan daha yüksək postda əyləşən Peskov Şuşa Bəyannaməsinə çox açıq şəkildə qarşı çıxdı…
– Yox, Peskov Şuşa Bəyannaməsinə deyil, Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına etiraz etdi. Peskovdan əvvəl Lavrov bəyan etdi ki, bu şayiədir və biz şayiələri şərh etmirik. Hesab edirəm ki, Rusiya Qarabağ məsələsində konstruktiv mövqeyini qoruyub saxlayacaqsa, sülhün əldə olunmasına mane olmayacaqsa, əksinə sülh sazişinin imzalanmasına kömək edəcəksə, o zaman Azərbaycanda Türk hərbi birləşmələrinin yerləşdirməsinə də ehtiyac yaranmayacaq.
– Doğrudur. Həm də Şuşa Bəyannaməsində nəzərdə tutulan prinsiplər həyata keçiriləcəksə, Azərbaycan Silahlı Qüvvələri elə Türk ordusuna çevriləcək…
– Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin ordusuna çevrilməsi fikri bir az dövlətçiliyimizə hörmətsizlik kimi səslənir. Desəydiniz ki, iki ordunun birləşməsi baş verəcək, mən o fikirlə razılaşardım. Çünki həmin Bəyannamədə göstərilir ki, sənədi imzalayan hər hansı dövlətin ərazi bütünlüyünə və ya təhlükəsizliyinə təhdidlər yaranacağı, yaxud təcavüz olacağı təqdirdə iki ölkənin Təhülkəsizlik Şuraları birgə toplantı keçirəcək. Sonra ordu rəhbərliyi birgə fəaliyyət göstərəcək. İndiyə qədərki heç bir müttəfiqlər arasında bağlanan müqavilələrdə belə bənd olmayıb…
– Prinsipcə, Türk Ordusu 44 günlük müharibədə də Şuşa Bəyannaməsində nəzərdə tutulan həssasiyyəti göstərmişdi. Türk generalları gəlib Prezident İlham Əliyevin qarşısında dayanıb “əmr et, komandanım” deyirdilər. Sanki Azərbaycan prezidentini həm də özlərinin Ali Baş Komandanı kimi qəbul etdikləri mesajını verirdilər.
– Əslində bizim ərazimiz balacadır və Türkiyə ilə həmsərhədik. Türk ordusunun Azərbaycanın daxilində olsun, ya sərhədində dayansın, bu heç nəyi dəyişmir. Məsafə çox az olduğundan Türk təyyarələrinin İrəvanın altını üstünə çevriməsi üçün 4-5 dəqiqə vaxt lazımdır. Türkiyə ərazisindən Ermənistanın istənilən nöqtəsini hətta artilleriya zərbəsi ilə vurmaq imkanları var. Bu mənada Şuşa Bəyannaməsi son dərəcədə əhəmiyyətlidir. Qərbdən idarə olunan siyasi qüvvələr Bəyannamənin dəyərini kiçiltməyə çalışırlar. Partiya sədri var – mən adını çəkib onu şərəfləndirmək istəmirəm – adam deyir ki, bu müqavilə deyil, Bəyannamədir. Yəni heç bir hüquqi qüvvəsi yoxdur. Bu adamlar hər hansı bir məsələ ilə bağlı çıxış edəndə hər hansı məlumat toplamağa belə ərinirlər, mövzu ilə bağlı ədəbiyyata baxmırlar. Sən əgər dövlətlərarası hansısa sənəddən danışırsansa, xüsusilə partiya sədrisənsə, çıxış etməzdən əvvəl öyrənməlisən ki, beynəlxalq müqavilə nədir.
Mən sizin vasitənizlə deyirəm, qoy, bilməyənlər də öyrənsinlər: beynəlxalq müqavilə iki dövlət arasında bağlanmış yazılı sənəddir və tərəflər bu sənədə imza atmaqla öz üzərlərinə öhdəlik götürürlər. Əgər öhdəlik götürürsənsə, adından asılı olmayaraq istənilən sənəd artıq beynəlxalq müqavilə olur. Beynəlxalq müqaviləyə olduğu üçün də beynəlxalq hüququn predmetinə çevrilir və beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası var və Azərbaycan da 2017-ci ildə həmin konvensiyaya qoşulub. Konvensiyanın 2-ci maddəsi “terminlərdən istifadə” adlanır. Maddədə açıq formada deyilir ki, beynəlxalq müqavilə bəyanat, bəyannamə, saziş, müqavilə, protokol, xartiya, traktat, pakt, konvensiya və s. adlandırıla bilər. Yəni sənədin necə adlandırılmasının mənası yoxdur. Sən öz üzərinə öhdəlik götürübsənsə, deməli beynəlxalq müqaviləyə qol çəkibsən. Azərbaycan-Rusiya-Ermənistan arasında 10 noyabrda imzalanan atəşkəs bəyanatı var ha, o da beynəlxalq müqavilədir. Çünki dövlətlər öz üzərlərinə hansısa öhdəlik götürüblər və bunu yerinə yetirirlər.
Bu müqavilələrə qarşı çıxanlar nəyi anlamırlar, mən onu sizə izah edim; məzmununa görə beynəlxalq müqavilələr fərqli ola bilər. Məsələn, sülh sazişi. Bizim konstitusiyaya əsasən, Azərbaycan sülh sazişinə imza atmaq üçün əvvəl parlamentin razılığını almalıdır. Prezident onu imzaladıqdan sonra sənəd təkrar parlamentə təqdim edilməli və ratifikasiya olunmalıdır. Hələ mərhum Prezident Heydər Əliyevin zamanında 1995-ci ildə qəbul etdiyimiz Beynəlxalq Müqavilələrin İmzalanması, İcrası və Təsdiqi Haqqında Azərbaycan Respublikasının Qanunu var. Səhv etmirəmsə, Qanunun 8-ci maddəsində deyilir ki, bütün dövlətlərarası müqavilələr Milli Məclisdə təsdiq olunmalıdır. Mən ona görə tələb edirdim ki, Ermənistanla imzalanmış atəşkəs haqqında bəyanat parlamentin müzakirəsinə çıxarılmalıdır. Hökumətlərarası müqavilələr o zaman MM-də müzakirə edilir ki, həmin sənəddə qanunlarımızla ziddiyyət təşkil edən məqamlar mövcud olur. Amma dövlətlərarası müqavilələr istinasız olaraq MM-də ratifikasiya olunmalıdır. Məzmununa görə siyasi, ocial, iqtisadi və s. kimi məsələləri tənzimləyən müqavilələr var. Onlar məzmununa görə fərqli olsalar da, tərəflər öz üzərlərinə hər hansı öhdəlik götürürlərsə, bu müqavilə adlanır. Bu mənada Şuşa Bəyannaməsi də beynəlxalq müqavilədir.
– Şuşa Bəyannaməsi imzalanmamışdan əvvəl NATO ölkələrinin liderlər sammiti keçirilirdi və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da həmin toplantıda iştirak edəndən sonra Azərbaycana gəlmişdi. Maraqlıdır ki, Şuşa Bəyannaməsi imzalandıqdan bir gün sonra ABŞ prezidenti rusiyalı həmkarı ilə görüşdü və sanki Ukrayna məsələsində Rusiyaya güzəştə getdi. Bu görüşü və NATO sammitini necə qiymətləndirirsiniz?
– Mən həmişə demişəm ki, Rusiya nüvə dövlətidir və çox böyük əraziyə malikdir; bir ucu qərbdə, bir ucu şərqdə, bir tərəfində günəş çıxanda digər tərəfində günəş batır. 17 milyon kv/km-dən çox ərazisi var. Dünyada ən çox – 6 mindən artıq nüvə başlığına sahib olan ölkədir. Nüvə gücünə görə ABŞ-dan belə qüdrətlidir. Həmin nüvə başlıqlarını hədəflərə çatdıracaq ballistik raketlərə, təyyarələrə, sualtı qayıqlara, gəmilərə malikdir. Ordusu müasir silahlarla təchiz olunub. Belə bir dövlətlə hərbi qarşıdurmaya getmək bəşəriyyət üçün çox qorxuludur. Ona görə də hesab edirəm ki, təkqütblü dünya alınmayacaq. Üstəlik, Çin faktoru da getdikcə daha aydın şəkildə ortaya çıxır. Çin iqtisadi və hərbi baxımdan baxımdan gücləndikcə, öz şərtlərini diktə etməyə başlayır.
Rusiya SSRİ-nin hüquqi varisi kimi dünyada qlobal məsələlərin müzakirəsi zamanı onun mövqeyinin öyrənilməsini və nəzərə alınmasını istəyir. Ona görə də bu cür nəhəng hərbi gücə sahib dövlətlərin mövqeyi nəzərə alınmalıdır. Onlarla hərbi qarşıdurmaya getməkdənsə, əməkdaşlıq edilməlidir. Dünyanın nəhəng dövlətlərinin tamamilə təcrid olunması, kənara atılması ağır nəticələr törədə bilər. Xatırlayırsınızsa, Rusiya Prezidenti Vladimir Putin Co Baydenlə görüşdən əvvəl Ukrayna ilə yaşanan münaqişənin səbəbləri barədə Rusiyanın mövqeyini bir daha açıqladı. Açığını deyim, Qərb Ukrayna məsələsində Ukraynanın maraqları baxımından ciddi taktiki səhvə yol verdi. Bəlkə də bu səhvlərə yol verilməsəydi, Ukraynadakı konfliktdən qaçmaq olardı və Ukrayna da ərazi bütövlüyünü qoruyardı. Qərb tələsməyib, əgər uzun illər ərzində iki slavyan xalqı düşmən etmək istəmirdisə, Rusiyanın da mövqeyini nəzərə almalıydı və o zaman indiki problemlər də yaşanmayacaqdı. O vaxt Yanukoviç həqiqətən də razılaşmışdı ki, 6 aydan sonra, payızda növbədənkənar seçkilər keçirsin və həmin seçkilərdə onun yenidən seçilməsi mümkünsüz məsələ idi. Rusiya da Yanukoviçin müttəfiqi kimi öz sifətini qoruyub saxlamaq istəyirdi. Amma Qərb dedi ki, Ukrayna suveren dövlətdir, xalq necə istəyirsə, o cür olmalıdır, əgər Yanukoviçi bu gün devirmək mümkündürsə, bu gün də qovmaq lazımdır. Qərb Maydandakı demokratik qüvvələrə imkanı olduğu halda heç bir təsir göstərmədi. İmkan vermədi ki, Ukraynadakı dəyişiklik sivil qaydada və qanun müstəvisində həyata keçirilsin. Onlar xalqın dəstəyini hiss etdilər və Yanukoviçin də müəyyən zəifliyindən istifadə edib onu devirdilər. Sonda indiki nəticələr baş verdi. Rusiya da sanki acığa əvvəl Krımı, sonra da Donbası işğal etdi. Onu demək istəyirəm ki, Qərb Rusiyanı nəzərə alıb, onunla daha hörmətlə davransaydı, əməkdaşlıq yolunu seçsəydi, nəticələr indiki kimi ağır olmazdı. Hesab edirəm ki, Bayden də artıq bunu başa düşür. Bilir ki, Rusiyanı tamamilə kənarda qoymaqla bu işi həll edə bilməz. Rusiya iqtisadiyyatının strateji sahələrinə ona görə sanksiyalar tətbiq olunmur ki, Moskvanın nəyisə bəhanə edib müharibəyə başlayacağından çəkinirlər. Bu müharibə isə artıq fəlakət deməkdir. Bu səbəbdən mən də hesab edirəm ki, Qərb Rusiya ilə dialoq yolunu seçməlidir, anlamalıdırlar ki, təkqütblü dünya olmayacaq. Əməkdaşlıq yolu ilə münasibətləri tənzimləməyə çalışmalıdır…
– Prinsipcə, Bayden də bu yolu seçdi. Avropaya gəldi, NATO üzvlərinin fikrini aldı və Putinlə danışıqlara getdi. Necə hesab edirsiniz, bundan sonra Rusiyanın mövqeyini dəyişdirmək, xüsusilə də Ukrayna və Krım məsələsində güzəştə getməyə həvəsləndirmək mümkün olacaqmı?
– Yox, inanmıram. Putin Rusiyaya rəhbərlik etdiyi müddətcə, Krıma fərqli yanaşma mümkün olmayacaq. Krımın Ukraynaya qaytarılması məsələsi zamanın hökmünə buraxılmalıdır. Hazırda Şərqi Ukraynada, yəni Donetskdə Ukraynanın ərazi bütövlüyünün təmin olunması, suverenliyinin tanınması, Rusiya ilə sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlər Normand dördlüyünün gündəmində dayanır. Mən eyni şəkildə Putinin hakimiyyəti dövründə Gürcüstan və Moldovanın da ərazi bütövlüyü məsələsinin həllini mümkünsüz görürəm. Əgər Azərbaycan Putinin dövründə Qarabağ üzərində suveren hüquqlarını bərpa edə bilsə, bu, çox böyük uğur olardı.
– Sizcə, bərpa edə biləcəyikmi? Nəzərə alsaq ki, beynəlxalq vəziyyət də bizim xeyrimizədir, beynəlxalq dəstəyimiz də var, bütün bu üstünlüklərimizin real nəticəyə çevrilməsi üçün daha hansı addımları atmalıyıq?
– Sözün doğrusu, mən hələ 44 günlük müharibədən əvvəl öz fikirlərimi deyib, bəzi təkliflər vermişdim. Demişdim ki, problemin həllini Rusiya ilə danışıqlarda və anlaşmada görürəm. Rusiya qorxur ki, Azərbaycan onu bölgədən, o cümlədən Azərbaycandan birdəfəlik çıxarar. Çünki burda Türkiyə faktoru da var və biz qardaş ölkələrik. Ona görə elə bir şərait yaradır ki, Azərbaycan istəsə də bunu edə bilməsin. Mən də bu amilləri nəzərə alıb təklif edirdim ki, biz Rusiya ilə uzunmüddətli saziş imzalayaq, məsələn, Qəbələdə, yaxud başqa bir yerdə onun öz hərbi bazasını yaratmasına razılıq verək, Rusiyanın liderliyi ilə yaradılmış regional təşkilatlara (Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı, KTMT) üzv olaq. Amma bunun qarşılığında Rusiya imkan verməlidir ki, biz Dağlıq Qarabağda öz suveren hüquqlarımızı bərpa edək. Təəssüf ki, təklif etdiyim həmin variant baş tutmadı. Rusiya konfliktin qorunub saxlanılmasını daha məqbul saydı. Açığı mən bilmirəm, danışıqlarda mənim təkliflərim, ümumiyyətlə, müzakirə olunubmu, amma inanıram ki, Prezident İlham Əliyev bu mərhələdə mümkün olan ən yüksək nəticəni əldə edib. Siyasət də elə budur: mümkün olanı əldə etmək bacarığı. Mən bundan sonra da Rusiya ilə danışıqları davam etdirməyin tərəfdarıyam. Moskva ilə Bakı arasında elə bir etimadlı münasibət qurulmalıdır ki, Rusiya əmin olsun ki, o, Azərbaycana Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etməyə mane olmayacağı təqdirdə, bölgədə öz nüfuzunu qoruyub saxlayacaq. Azərbaycanla strateji müttəfiq, tərəfdaş olaraq qalacaq və Bakı xarici siyasətini müəyyənləşdirərkən indiyə qədər olduğu kimi, bundan sonra da qonşularının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alacaq. Məsələn, Türkiyə NATO-nun üzvüdür, Türkiyə qoşunlarının Azərbaycanda yerləşdirilməsi NATO qoşunlarının ölkəmizdə olması deməkdir. Qonşularımızın narahatlığını nəzərə alıb həmişə bəyan etmişik ki, heç bir ölkə bizim ərazimizdən qonşu ölkələrə qarşı istifadə edə bilməz. Rusiyanın ərazi bütövlüyümüzün bərpasına töhvə vermədiyini görüb KTMT-dən çıxıb Qoşulmayanlar Hərəkatına üzv olmuşuq. Amma bundan sonra rəsmi Bakı görsə ki, Rusiya Qarabağda hərbi iştirakını daimi saxlamaq üçün Azərbaycana həmin ərazidə öz suverenliyini bərpa etmək imkanı vermək istəmir, onda bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaqdan, Qərbə tam inteqrasiya olunmaqdan, Türkiyə hərbi bazalarını ölkəmizdə yerləşdirməkdən başqa seçimimiz qalmayacaq. Türkiyə ilə birlikdə Rusiyanı belə bir seçim qarşısında qoymalıyıq ya dostluq, ərazi bütövlüyünə və suverenliyə hörmət, ya da münasibətlərə yenidən nəzər salınması. O zaman , ümid edirəm birinci variant seçiləcəkdir. Rusiya, Türkiyə və Azərbaycanın həyati mənafeləri tələb edir ki, dostluq və əməkdaşlıq edək.
– Qüdrət bəy, Azərbaycanın cənub qonşusu İranda yeni seçkilər keçirildi və bəlkə də ən mühafizəkar namizəd ölkənin prezidenti oldu. İranın daha da mühafizəkarlaşması dünyaya və Azəbaycana hansı vədlər verir?
– Doğrusu, İranda keçirilən prezident seçkilərinin ölkənin xarici siyasətinə hansısa təsir göstərəcəyinə inanmıram. Çünki prezidentlər İranda dövlətin xarici və daxili siyasətinin müəyyənləşdirilməsində böyük rol oynamırlar. Orada dövlətin siyasətini ali dini lider müəyyənləşdirir ki, o da xalq tərəfindən birbaşa seçkilərlə seçilmir. Prezidentlər də dini rəhbərin müəyyənləşdirdiyi siyasətin icrası ilə məşğul olurlar. Ona görə də İbrahim Rəisinin edə biləcəyi çox az şey var. Xamenei istəməyəcəyi təqdirdə ABŞ-la, Qərblə münasibətlərdə hansısa bir dəyişiklik etmək mümkün deyil. 1979-cu ildən bəri İranda çoxlu Prezident dəyişib, ancaq bunun İranın xarici siyasət kursuna heç bir təsiri olmayıb. Müsahibələrimdə onu da dəfələrlə vurğulamışam ki, İranın xarici siyasəti daha çox Rusiya ilə sinxronlaşdırılır. O cümlədən Azərbaycana münasibətdə. Biz dövlət müstəqilliyimizi əldə etdiyimiz gündən indiyə qədər daim görmüşük ki, Azərbaycanla bağlı Rusiyanın mövqeyi nə olubsa, İran da eyni mövqeyi tutub. Hazırda Rusiyanın Azərbaycanla münasibətləri yüksək səviyyədə olduğundan İrandan hər hansı təhlükə görmürəm. Üstəlik, Şuşa Bəyənnaməsindən sonra İran Azərbaycana münasibətdə daha hörmətli siyasət yürütməli olacaq, hər bir İran rəsmisi artıq milli kimliyini dərk etməkdə olan və öz doğma torpaqlarında- Cənubi Azərbaycanda yaşayan 30 milyonluq Azərbaycan türklərini ciddi siyasi faktor kimi nəzərə alacaqdır. Bunlarla yanaşı bizi İranla ortaq tarixi keçmişimiz, dinimiz, mədəniyyətimiz, humanitar əlaqələrimiz birləşdirir. Biz həm də yaxın qonşuyuq. Ağıllı qonşular isə bir-biri ilə çəkişmir, dostluq və əməkdaşlıq edirlər. Şimal-Cənub dəhlizinin fəaliyyətə başlaması ilə Rusiya və İranın əsas kommunikasiya əlaqələri, xüsusilə dəmir yoluyla yüklərin daşınması Azərbaycan üzərindən baş tutacaq. Qeyd etdiyim səbəblərdən İbrahim Rəisinin prezident seçilməsi İranla Azərbaycan münasibətlərini pisə doğru dəyişdirməyəcək.