Təhsil Nazirliyi yarım milyona odun alır — Şübhəli TENDER
Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağının satın alınması üzrə elan etdiyi satınalma müsabiqəsinin qalibi bəlli olub.
Qalib şirkət “Koneks Construction” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 442 163.12 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur.
Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur. “Koneks Constructions” MMC-yə gəlincə, şirkət bundan əvvəl də tenderlərdə iştirak edib.
MMC 25 fevral 2021-ci il tarixdə Bakı Dövlət Universiteti ilə 172 601.81 AZN, martın 12-də 155 257.04 AZN, may ayında Nəsimi rayon MKTB ilə 202 379. 50 AZN, iyun ayında isə Xətai rayon MKTB ilə 80 499.6 AZN dəyərində satınalma müaviləsi imzalayıb. Mediada gedən məlumatlara görə, həmin vaxt şirkətin 904 AZN vergi borcu olub. “Dövlət Satınalmaları haqqında” qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qanun “Koneks Construction” MMC-yə aid edilməyib.
Açıq mənbələrdə qeyd edilir ki, şirkət 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Təsərrüfat malları, dəftərxana ləvazimatları, xüsusi geyimlərin satışı ilə məşğul olan və 2019-cu ildə yaradıldığı qeyd edilən şirkətin 2016-cı ildən inşaat sektorunda necə fəaliyyətdə olması maraq doğurur.(hit.az)