İctimai Şuranın üzvləri Yevlax regional miqrasiya idarəsində olublar
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Yevlax regional miqrasiya idarəsində olublar. Burada Şura üzvlərinə İdarə tərəfindən həyata keçirilən fəaliyyət, o cümlədən miqrantlara göstərilən xidmətlər barədə məlumat verilib. Xüsusilə qeyd olunub ki, Yevlax regional miqrasiya idarəsinin əhatə dairəsinə aid edilən Ağdaş, Mingəçevir, Zərdab, Ucar, Ağcabədi, Bərdə, Tərtər və digər rayonların ərazilərində səyyar xidmətlər təşkil olunur, həmin rayonlarda yaşayan miqrantların miqrasiya qanunvericiliyi ilə bağlı sualları cavablandırılır, müvəqqəti və daimi yaşama üçün sənədlər qəbul edilir, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı təqdim olunur.
Bu barədə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov məlumat verib.
Bundan başqa, İdarə vaxtaşırı yerli icra hakimiyyəti orqanları ilə birlikdə geniş maarifləndirmə aksiyaları təşkil edir, göstərilən xidmətlərin keyfiyyətini ölçmək məqsədilə hədəf qrupları arasında sorğular keçirir və maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparır.
Görüşdə İdarənin fəaliyyət göstərdiyi inzibati ərazilərdə, o cümlədən işğaldan azad olunmuş rayonlarda gələcəkdə vətəndaş cəmiyyəti institutları tərəfindən miqrasiya sahəsində irəli sürülən təkliflərin dəyərləndirilməsi və bu təşəbbüslərin birlikdə həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.