Ermənistanın gündəmi üçün intensiv “raket atəşi” – Elçin Mirzəbəyli yazır
Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələri hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı müzakirələrin ölkə gündəmindən çıxarılmasına zəmin yaradıb.
Robert Köçəryan, Serj Sarkisyan və digər müharibə canilərinin postmüharibə dövründə başlatdıqları revanşçı dalğa – ikici separatçı “Miatsum” hərəkatı iflasa uğradı və bu ideyanın Ermənistanda yenidən gündəmə gətirilməsi üçün əlverişli zəmin olmadığı bir daha öz təsdiqini tapdı. Bu həm də “Qarabağ klanı”nın Ermənistandakı ictimai rəyə təsir imkanlarının “0” nöqtəsinə yaxınlaşdığını və birləşdirici amildən dağıdıcı siyasi-ideoloji faktora çevrildiyini sübuta yetirdi. Separatçıların Xankəndindən revanş götürmək cəhdlərinin də Ermənistanın ictimai rəyinə azacıq da olsa təsir göstərə bilmədiyi göz qabağındadır. Köçəryan və Sarkisyana yaxın 2-3 informasiya resursundan başqa Ermənistanın aparıcı media təsisatlarının Xankəndindən səslənən istefa şüarlarına heç bir əhəmiyyət verməməsi də sübuta yetirir ki, “Qarabağ” mövzusu ictimai rəydə ən sonucu yerlərdən birini tutur və bu mövzu ətrafında aparılan müzakirələr Ermənistan vətəndaşları üçün prioritet olmamaqla yanaşı, həm də onlarda ikrah doğurur, kütləvi psixozun güclənməsinə, cəmiyyətin konsolidasiyasına maneə yaradır. Artıq Ermənistan vətəndaşları “Qarabağ” mövzusunu öz təhlükəsizliklərinə və bütövlükdə isə Ermənistanın bir dövlət kimi mövcudluğuna təhlükə kimi görürlər. Düşünürəm ki, bu yanaşma, açıq etiraf olunmasa da, Ermənistanın siyasi hakimiyyəti də daxil olmaqla, əksər siyasi partiyalarının da qənaətini ifadə edir.
Daha açıq və konkret desək, indi Ermənistan üçün əsas təhdid Azərbaycan və Türkiyə deyil, Qarabağda yaşayan etnik ermənilərdir.
Bu baxımdan, əgər Xankəndində separatçıların yenidən baş qaldırmasına imkan yaradılarsa və Rusiya sülhməramlıları bu prosesə müşahidəçi kimi yanaşarlarsa, bu Moskvanın separatçıları tamamilə öz nəzarətinə keçirmək, oyuncaq bir rejim formalaşdırmaq niyyətindən xəbər verəcək. Köçəryan və digərlərinin məqsədi də elə bundan ibarətdir. Onlar istifadəyə yararlı olduqlarını sübuta yetirmək üçün bütün vasitələrdən yararlanacaq, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmağa çalışacaqlar. Məhz bu səbəbdən də, sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanması, həmçinin kommunikasiyaların açılması mövcud şəraitdə ilk nöbvədə Ermənistanın öz təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Nikol Paşinyan revanşçı düşüncə əleyhdarlarının qələbəsinin ölkəsinin xilası üçün yeganə seçim olduğunu təsdiqləmək üçün Ermənistan vədəndaşlarının sosial-iqtisadi durumunda nəzərəçarpacaq dəyişikliklər etməli və revanşçı qüvvələrin əhatə dairəsinin maksimum daralmasına cəhd göstərməlidir. Bunun da yolu sülh sazişindən və 10 noyabr Bəyannaməsində nəzərdə tutulan tədbirlərin gerçəkləşməsindən keçir. Qənaətimə görə, Nikol Paşinyanın parlamentdən kənarda qalan siyasi qüvvələrin rəhbərləri ilə keçirdiyi görüşlərin əsas motivini də, yuxarıda sadaladığım məqamlar təşkil edir. Parlament müxalifəti ilə məsələ aydındır. Onlar seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. Hətta onların iclaslara gəlməmələri də, nəticə etibarilə hökumətin formalaşmasına, həmçinin qərarların qəbul edilməsinə mane olmayacaq. Ermənistan qanunvericiliyində parlament azlığının iclaslara qatılmaması yolu ilə parlamentin buraxılması və təkrar seçkilərin keçirilməsi mexanizmi yoxdur. Robert Köçəryan, Serj Sarkisyan və digərləri, seçkilərin nəticələrini tanımadıqlarını bəyan etməklə, əslində özlərini çıxılmaz duruma salıblar. Bu bəyanatlardan sonra onların parlamentin iclaslarına qatılması onsuz çox aşağı olan reytinqlərini yerlə bir edə bilər. Serj Sarkisyanlıa bağlı məsələ aydındır. On adı “Şərəfim var” blokunun siyahısında olmayıb və görünür ki, nəticəni öncədən müəyyənləşdirə bilib. Qeyd edim ki, yazının bu yerində “Şərəfim var” seçki blokunun siyahısına başçılıq edən Artur Vanesyanın mətbuat konfransı başladı və gözlənildiyi kimi, Vanseyan mandatdan imtinanın heç bir hüquqi nəticəyə gətirib çıxarmayacağını bildirərək, “Paşinyanın komandasına rahatlıq verməmək” üçün parlamentin iclaslarına qatılacaqlarını bəyan etdi…
Köçəryana gəldikdə isə, görünür ona çox böyük vədlər verilibmiş, əks təqdirsə bü təkəbbürlü cani heç bir halda adının deputatlığa namizədlərin sihayısında yer almasına razılıq verməzdi. Köçəryan parlamentin iclaslarına qatılmayacaq, amma digərləri iştirak edəcəklər. Xüsusilə də Daşnaksyutun partiyasının təmsilçiləri… Amerikadakı mərkəzi ofislərindən “düyməni” basacaqlar və onlar da qaçaraq gedəcəklər parlamentin toplantılarına…
Köçəryan, himayəçiləri və tərəfdarları isə Ermənistanın ictimai rəyini zəhərləməyə davam edəcəklər. Robertin prezidentliyi dönəmində, Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyanın bu günlərdə yayımlanan məqaləsi də bunu sübuta yetirir. Oskanyanın qənətinə görə, Azərbaycan ilk növbədə qısa müddət ərzində anklavlarla bağlı məsələni həll etməyə, sərhədlərin delimitasiya və demarkasiyası prosesini başa çatdırmağa çalışacaq. Rəsmi Bakının növbəti tələbi Zəngəzur dəhlizinin reallaşması, üçüncü istəyi isə sülh sazişinin imzalanması olacaq.Vardan Oskanyan bütün bunların Ermənistanin təhlükəsizliyi üçün ölümcül təhdidlər olduğunu, buna baxmayaraq Nikol Paşinyanın Azərbaycanın tələblərinə əməl etməyə hazırlaşdığını bildirib. Robertin baş diplomatı düşünür ki, Ermənistanın gündəmini Azərbaycan müəyyənləşdirir və bu baxımdan da onlar öz suallarını yaratmalı və vasitəçilərin iştirakı ilə rəsmi Bakının bu suallara cavab verməsinə nail olmalıdırlar.
Qeyd edim ki, Oskanyanın məqaləsi mövcud zaman kəsiyində təsadüfən gündəmə gəlməyib. Verilən mesajlardan da açıq-aydın görünür ki, bu prosesdə hazırda Rusiya hakimiyyətində təmsil olunmayan, lakin bu ölkənin xarici siyasət idarəsinin nəzarətində olan Kazimirov kimi “diplomat”ların da barmağı var. Rusiyadakı “münaqişələr vasitəsilə təsir gücünün saxlanılması” strategiyasının tərəfdarları “Qarabağ separatçıları” ilə bağlı məsələnin tarixin arxivinə göndərilməsini istəmirlər və müqavimət göstərməkdə davam edəcəklər.
Oskanyanın Ermənistanın siyasi gündəminin əsasən Bakıdan, daha sonra isə Ankaradan müəyyənləşdirildiyi barədə mülahizələrinə gəldikdə isə, Robertin qoca diplomatı bu məsələdə qismən haqlıdır. Bu baxımdan gündəmi daha intensiv şəkildə doldurmaqda davam etməliyik. Hətta Ermənistanda keçirilən seçkilər zamanı nümayiş etdirilən performansdan daha yüksək və daha təsirli addımlar atılmalı, məğlub ölkənin gündəmi intensiv “raket atəşinə” tutulmalıdır.
Elçin Mirzəbəyli