Ermənistandakı seçkilərin nəticələri dəyişə bilər – Ekspert
“Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə, parlamentə düşməyən digər partiyaların da səsinin bölgüsü əsasında Nikol Paşinyanın partiyası 71 yer qazanıb. Ermənistan konstitusiyasında parlamentin minimum 101 yerdən formalaşması tələb olunur. Parlamentdə müxalifətin 1/3-də az təmsilçiliyinin olmaması tələbi də nəzərə alınmaqla Robert Köçəryanın seçki bloku əlavə 2 yer da qazanacaq və deputatlarının sayını 29-dan 32-yə çatdıracaq”.
Aktor.Az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, “Şərəfim var” bloku da Ermənistan parlamentində 7 deputatla təmsil olunacaq. Bu isə Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş müqaviləsi partiyasının hökuməti təkbaşına formalaşdıra biləcəyindən xəbər verir: “Qeyd edim ki, Ermənistan konstitusiyasında hökumətin sabit parlament çoxluğu tərəfindən formalaşması barədə müddəa bir sıra mülahizələrin ortaya çıxmasına, hökumətin parlamentdə 54, 55 və hətta 60 deputatla təmsil olunan partiya, yaxud seçki bloku tərəfindən formalaşdıra biləcəyi barədə ehtimalların da irəli sürülməsinə yol açıb. Çünki dünyanın bütün ölkələrində sadəcə “parlament çoxluğu” ifadəsindən istifadə olunur. “Sabit çoxluq” isə ermənilərin “kəşfidir” və subyektiv mülahizələrə yol açır. Parlamentin “azı 101 deputatdan ibarət təşkil olunması” ifadəsi də Ermənistan konstitusiyasında siyasi hakimiyyət üçün manevr imkanı saxlayan, qeyri-dəqiq ifadələrdəndir. Ermənistan Mərkəzi Seçki Komissiyasının son açıqlamasına görə, yeni parlament 107 deputatdan ibarət olacaq. Qeyd edim ki, Ermənistan baş prokurorluğunun son açıqlamasına görə, səsvermə və səslərin sayılması zamanı 141 qanun pozuntisi qeydə alınıb, onlardan 79-u ilə bağlı cinayət işi açılıb. Bu isə o deməkdir ki, seçkilərin nəticələri qismən də olsa dəyişə bilər”.