Azərbaycanlı məktəblidən nümunəvi addım
S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasını bu il bitirən Toğrul Mahmudlu Azərbaycan tarixində izlər qoyan şəxsiyyətlərin şagirdlər arasında tanınması üçün onlar haqqında məlumatları və böyüdülmüş şəkillərini məktəbə hədiyyə edib.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, AXC-nin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri Xosrov bəy Sultanovun və onun qardaşı xalq qəhrəmanı Sultan bəy Sultanovun gimnaziyaya hədiyyə olunan şəkilləri təhsil ocağında yeni yaradılacaq tarix guşəsində asılacaq. Xatırladım ki, Xosrov bəy Sultanov 1919-cu il yanvarın 15-də Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin il martın 21-də erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələrini Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri mayın 30-da darmadağın etmiş, Xankəndi və Şuşa geri alınmışdır. Xosrov bəy və Sultan bəy qardaşlarının Qarabağın müdafiəsində əvəzsiz xidmətləri olub.
Tariximizin öyrənilməsində yeni nəslin bu cür nümunəvi addımlar atması olduqca sevindiricidir.