“Qarabağda partizan qrupları yaradılmalıdır” — Deputat
“Mən nə yaradıcılıq fəaliyyətimdə, nə elmi çalışmalarımda, nə də siyasətdə plagiata yol vermədim. Düşündüyümü fərqli üslublarla da olsa, kiməsə, hətta böyük bir qaragüruh kütləsinə rəğmən söyləməkdən çəkinmədim. Onlarla ideyanı güncəlləşdirdim. Kitablar, məqalələr, statuslar yazdım”.
Deputat, BQB başqanı Fazil Mustafa bu fikirləri feysbukdakı şəxsi səhifəsində yazıb. Millət vəkili ardınca əlavə edib: “Ancaq etiraf edim ki, açıq və ya qapalı platformalarda söylədiyimiz fikirlərin böyük əksəriyyəti diqqətə alınmadı, bəlkə də bir az gözləri yordu. Ona görə də hər gün onlarla qəzet və sayt təmsilçilərinin, televiziya müxbirlərinin də əksər halda zənglərini cavabsız qoymağa çalışıram. “Sizin məsələlərə baxışlarınız həmişə fərqlənir, bu səbəbdən təkid edirik” deyən jurnalist dostlarımızı da gülümsəyərək yola verməyə çalışıram ki, incik qalmasınlar. Hələ indiyədək şahidi olmadım ki, hansısa bir rəsmi qurumdan kimsə zəng edib hansısa təklifinizin müzakirə olunduğunu və nəzərə alındığını söyləsin. Hamının hər şeyi bildiyi məmləkətdə ölkənin gələcəyi, Qarabağdakı cari addımlarımız, taktiki və strateji məsələlərlə bağlı fikir mübadiləsinin də hansısa əhəmiyyəti qalmadığını düşünsəm də, qətiyyən usanmıram, istənilən məsələ ilə bağlı doğru mühakimənin olmasına öz töfhəmi verməyə çalışıram. Ona görə də hər bir məsələyə münasibət bildirərkən köməyimə gələn giriş sözü “fikrimcə” olacaq”.
F.Mustafa bildirib: “İndi də bu mina məsələsinə münasibətdə də bizim aparılan rəsmi təbliğatın da daha doğru istiqamətdə aparılmasının vacibliyini düşünürəm. Fikrimcə, Azərbaycanın “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” deməsi elə “Ermənistan işğal olunmuş ərazilərimizdən çıxmır” deməsi kimi bir şeydir. Yəni 30 ilə yaxın təkrarlanacaq və nəticəsi olmayacaq bir tələbdir. Necə ki, sonda savaş və diplomatiya yolu ilə düşməni ərazilərdən çıxartmaqdan başqa hansısa bir tələb, beynəlxalq təşkilatlardan hansısa bir gözlənti işə yaramadı”.
Burada Azərbaycan nə etməlidir, sualına F.Mustafa aşağıdakı təkliflərlə cavab verib: “Fikrimcə, yerli və yersiz peşəkar sakinlərdən təşkil olunan partizan qruplarının yaranmasına dövlət əngəl yaratmamalıdır. 44 günlük savaşımız göstərdi ki, adsız qəhrəman olmağa hazır minlərlə oğullarımız var. Bununla belə, dövlət onların göstərəcəyi fəaliyyətin məsuliyyətini də daşımamalıdır. Bu partizan qrupları istər Qarabağda ermənilərin yaşadığı ərazilərdə, istər də Ermənistan ərazisində kütləvi şəkildə ermənilər üçün məlum üsullarla mina süfrəsi təşkil etməlidirlər. Ermənistanı və onun himayədarlarını ancaq bu yolla durdurmaq olar. Digər tərəfdən, həmin qruplar ermənilərin ərazimizə soxulan təxribat qruplarını məhv etməklə məşğul olmalıdırlar. Hər dəfə ermənilər mina partlayışının dadını gördüyündə, bizim onlar kimi sevinməyimizə gərək qalmayacaq. Biz bu kimi fəaliyyətləri rəsmi şəkildə pisləyəcəyik və bu adsız qəhrəmanlar da buna görə dövlətdən qətiyyən inciməyəcəklər. Bu zaman ruslar da fakt qarşısında qalacaqlar. Ermənistanın cavabdehlik daşımadığı qanunsuz birləşmələr varsa, o halda bizim də cavabdehlik daşımadığımız qanunsuz birləşmələr avtomatik olaraq mövcud olmalıdır. Elə işlər var ki, onu rəsmi hərbi strukturların etməsi arzuolunan deyil”.
Deputat ardınca əlavə edib ki, eyni zamanda “erməni əsirlər”lə bağlı məsələni də gündəmə gətirmək yanlışdır: “Çünki bizdə artıq erməni əsir qalmayıb, hamısı təhvil verilib. Bizdə savaşdan sonra ərazimizə soxulmuş ermənilərin terrorçu qruplaşma üzvləri var ki, onlar da qanunvericiliyə uyğun mühakimə olunmalıdır”.