11 təşkilat Niyaz Niftiyevə görə Baş Prokurora müraciət etdi
Tanınmış jurnalist Niyaz Niftiyevin azadlığa buraxılması üçün Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları Baş Prokuror Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət ünvanlayıblar.
Müraciətdə N.Niftiyevin xidmətlərini, cəmiyyətdəki reputasiyasını, artıq 14 aydır, istintaq təcridxanasında saxlanılmasını, bundan əlavə himayəsində ağır xəstə olan anasının olduğunu, övladlarından birinin hərbidə xidmət etməsini nəzərə alaraq, onun haqqında çıxarılan həbs qətimkan tədbirinin dəyişdirilməsi xahiş olunur.
Müraciəti Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyi), Umud Mirzəyev (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Arif Əliyev (“Yeni Nəsil” Jurnalistlər Birliyi), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqası), Seymur Verdizadə (Jurnalist Araşdırmaları Mərkəzi), Xanoğlan Əhmədov (Media və Mülki Cəmiyyət İctimai Birliyi), Ceyhun Musaoğlu (Jurnalist Ekspert Mərkəzi), Qabil Abbasoğlu (Media İnkişaf Mərkəzi İctimai Birliyi), Ayaz Mirzəyev (Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi), Əvəz Rüstəmov (“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi) imzalayıb.
Qeyd edək ki, daha öncə bir qrup ziyalı, jurnalist tərəfindən Niyaz Niftiyevlə bağlı ölkə başçısına müraciət olunub.
Bundan başqa, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Niyaz Niftiyevin 1 ildən artıq müddətdə istintaq təcridxanasında saxlanılmasına etiraz edib. Bildirib ki, Niyaz Niftiyev tanınmış jurnalist, müsbət imicli şəxsdi, məhkəmə onun indiyə kimi olan fəaliyyətini, xidmətlərini nəzərə almalıdır.
Xatırladaq ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.
Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü – mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.
Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.
N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.(bakupost.az)