“Dövlət strukturlarının qəzetlərinə maliyyə yardımının dayandırılması doğru addımdır”
“Yeni layihədə çap mediası ilə deyil, daha çox veb-saytlarla bağlı yeni məqamlar var. Əvvəllər saytlara maliyyə dəstəyi olunmurdu, yeni layihə ilə onlar üçün də maliyyə yardımı nəzərdə tutulub. Bu baxımdan, layihənin nəticəsi maraq doğurur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqə ilə bağlı danışarkən deyib.
Elçin Şıxlı layihənin saytlar üçün faydalı olacağını və yeni mühit yaradacağını bildirib:
“Müsabiqədə qəzetlər üçün xüsusi yenilik, yaxud şərtlər, qəzetlərin dirçəldilməsi baxımından yeni nüanslar yoxdur. Qəzetlərdə inkişaf görmək üçün onların özlərini maliyyələşdirmələri üçün şərait yaradılmalıdır. Bu müsabiqənin nəticələri qəzetlərin inkişafına kömək etsə də, təəssüf ki, bu, müvəqqəti xarakter daşıyacaq. Lakin əsas məsələ saytlara vəsaitin ayrılmasıdır. Bu, həm də yeni şərtlər deməkdir. Artıq saytlar yeni layihə sayəsində yeni mühit yarada biləcəklər.
Layihə şərtlərində digər bir məqam dövlət strukturlarının qəzetləri ilə bağlıdır. Şərtlərə nəzər yetirərkən belə başa düşdüm ki, artıq həmin qəzetlərə maliyyə yardımı ayrılmayacaq. Dövlət strukturlarının qəzetlərinə maliyyə yardımının dayandırılması doğru addımdır. Dövlətin inzibati orqanının qəzetini elə həmin orqan özü maliyyələşdirilməlidir. Onun üçün əlavə olaraq dövlət büdcəsindən maliyyənin ayrılması düzgün deyil”.