GündəmKÖŞƏManşetMediaXəbər xətti

Çap mediası üçün nəfəslik… – Elçin Mirzəbəyli yazır

Medianın İnkişafı Agentliyinin çap mediası subyektləri ilə bağlı son müsabiqə elanı bu sahədə gözlənilən islahatların sistemli bir şəkildə davam etdiriləcəyinə əminlik yaradır. Proses barədə fikirlərimi konkret istiqamətlər üzrə ifadə etməzdən öncə islahat anlayışının özünə subyektiv münasibətimi sərgiləmək istəyirəm.
Təəssüf ki, bir çox cəmiyyətlərdə, xüsusilə də SSRİ kimi totalitar idarəçilik sisteminin “şinelindən” çıxan ölkələrdə islahat anlayışı köhnənin məhv edilıməsi və onun xarabalıqları üzərindən, əksər hallarda konseptual əsaslara malik olmayan, xaotik cizgilər toplusundan ibarət “yeni”sinin yaradılması kimi qəbul edilir. Nebolşevik təfəkkürdən qaynaqlanan bu “proletkultçu” yanaşmaya görə dünya iki rəngdən – ağ və qaradan ibarətdir. “Köhnə”, hansı əsaslar üzərində dayandığından və hansı inkişaf mərhələlərindən keçməsindən asılı olmayaraq qara, “yeni” isə, bütün hallarda ağ-appaq, qar kimidir. Məhz bu yanaşma, şərti olaraq postsosialist məkan (keçmiş SSRİ respublikaları və Varşava Müqaviləsi ölkələri) adlandırdığımız ərazidə yerləşən dövlətlərin əksəriyyətində islahatların həyata keçirilməsinə və effektiv nəticələrə gətirib çıxarmasına ciddi maneə yaradan əsas amil kimi dəyərləndirilə bilər. 1990-ci illərin əvvəllərində Rusiyada, daha sonra isə Polşa və digər postsosialist ölkələrində “şok terapiyası” adı altında həyata keçirilən islahatların daha acınacaqlı nəticələrə gətirib çıxarması da bunu sübuta yetirir. Radikalizm, antikonstruktivizim, dağıdıcı və birqütblü düşüncə, hədəfindən asılı olmayaraq bütün digər istiqamətlərdə olduğu kimi islahat prosesi üçün də ziyanlıdır və bəzən, bütövlükdə “islahat” anlayışının gözdən düşməsinə gətirib çıxarır ki, bu da inkişafın qarşısını alan əsas amillərdən biridir.
Mahiyyət etibarilə, mətləbə müəyyən qədər geniş müstəvidən yol alsam da, media sektoru da daxil olmaqla, ölkəmizdə islahatların “iki rəng” üzərindən deyil, bütün “rənglər” və “çalarlar” nəzərə alınmaqla həyata keçirilməsinin, prosesə yaradıcı yanaşmanın ön plana çıxmasının daha doğru və nəticəyönlü olduğunu düşünürəm.
Meduanın İnkişafı Agentliyinin son müsabiqəsində yer alan qaydalara da, media sektorunda həyata keçirilən islahatların davamı və islahatların yeni mərhələsinə hazırlıq kimi dəyərləndirirəm.
Müsabiqə qaydalarında nəzərə çarpan ən mühüm dəyişiklik qəzetlərin kateqoriyaya bölünməsi kimi aşağılayıcı və nəinki ölkəmizdəki siyasi sistemin mahiyyətinə, bütövlükdə Azərbaycan xalqının mədəniyyətinə uyğun gəlməyən yanaşmanın aradan qaldırılmasıdır.
Digər önəmli məqam isə birdəfəlik tirajın 1500 nüsxəyədək azaldılmasıdır. Bu, ilk növbədə qəzetlərin müəyyən zaman kəsiyində olsa da belə öz resurslarını keyfiyyət dəyişikliklərinə yönəltmələrinə imkan verəcək, rəqabət üçün bərabər imkanlar yaradacaq.
Müsabiqənin şərtlərinə uyğun olaraq, müvafiq istiqamətlər üzrə yazılması və dərci nəzərdə tutulan yazılar üçün söz sayının yarıbayarı azaldılması, kəmiyyətin deyil, keyfiyyətin əsas götürüləcəyinə imkan verəcək ki, bu da redaksiyalarda yaradıcı mühitin formalaşması baxımından mühün əhəmiyyətə malikdir.
Digər bir önəmli məqam, qəzetlərə 19 sahəinin hər biri üzrə məqalələrin yazılması baxımından sərbəstliyin verilməsidir. Bu da, şübhəsiz ki, mövzu rəngarəngliyinə imkan verəcək, yeknəsəkliyi, təkrarçılığı aradan qaldıracaq, ayrı-ayrı istiqamətlər üzrə məqalələrin konkret saman kəsiyində, baş verən hadisələrin ritminə və mahiyyətinə, oxucu sifarişinə uyğun olaraq təqdim olunmasına şərait yaradacaq.
Qəzet redaksiyasının yaradıcı heyətinin ən azı beş nəfərdən ibarət olunması şərtinin də, kifayət qədər obyektiv və neqativ amillərin aradanq aldırılmasına xidmət edən bir yanaşma olduğu qənaətindəyəm.
Müsabiqə qaydalarında nəzərə çarpan və çoxdan arzuladığım məqam qəzet redaksiyalarının eyniadlı vebsaytına maliyyə yardımının göstərilməsinin nəzərdə tutulmasıdır. Qəzetlərin eyniadlı saytlarının yenidən yaradılması üçün nəzərdə tutulan maliyyə dəstəyinin də, bütövlükdə medianın simasının dəyişəcəyinə xidmət edəcəyini düşünürəm. Qeyd edim ki, hazırda “Xalq cəbhəsi” media qrupunun tərkibində iki vebsayt (xalqcebhesi.az və baymedia.az), bir multimedia studiyası fəaliyyət göstərir. Bu studiyada hazırlanan videmateriallar AXCTV adı altına, YouTube üzərindən yayımlanır. Yaxın günlərdə “Xalq cəbhəsi” media qrupuna daxil olan daha bir sayt – axctv.az fəaliyyətə başlayacaq və redaksiyada hazırlanan videoxəbər, videoreportaj və digər videokontentlər məhz bu vebsayt üzərindən yayımlanacaq. Və beləliklə kənar və subyektiv təsirlərdən, məhdudiyyətlərdən azad, müstəqil, həm də daha təhlükəsiz bir şəkildə yolumuza davam edəcəyik.
…Bütün bunları vurğulamaqda məqsədim redaksiyamızın gördüyü işləri təbliğ etmək, görəcəklərimizin isə anonsunu vermək deyil, həyata keçirilən islahatların bizim üçün açacağı “nəfəsliyin” nə qədər həyati əhəmiyyət kəsb etdiyini vurğulamaqdır.
…Kimsə sevinməsin. “Düşdü bütün qəzetlər qiymətdən ay can, ay can” deyib, Mirzə Ələkbər Sabirin satirik misralarının gerçəkləşə biləcəyi ehtimalın xoşbəxt olmasın. Nə qəzetlər qiymətdən düşəcək, nə də ƏLAHƏZRƏT SÖZ!
Elçin Mirzəbəyli
Əməkdar jurnalist