Niyaz Niftiyev dərhal azadlığa buraxılmalıdır – Sahib Məmmədov
“Niyaz Niftiyevlə bağlı həbs qətimkan tədbiri dərhal dəyişdirilməlidir”.Bu sözləri Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
O qeyd edib ki, aidiyyəti qurumlara müraciət edilməli, Niyaz Niftiyevə münasibət dəyişilməlidir: “Mənim Niyaz Niftiyevlə şəxsi tanışlığım yoxdur. Amma onun fəaliyyətindən məlumatlıyam. İşgüzar, dövlətcil bir adamdır. Onun barədə yazılan rəylərdən, münasibətlərdən də görünür ki, Niftiyev müsbət reputasiyaya malikdir, ictimai adamdır. Onun bu müddət ərzində həbsdə saxlanması nəyə lazım idi?
Hesab edirəm ki, bu müddət ərzində onun azadlıqdan məhrum edilməsi yanlış addımdır. Məhkəmə həbs qəti imkan tədbirini dərhal dəyişdirməlidir. Təklif edirəm ki, onun həbs qəti imkan tədbirinin dəyişdirilməsi üçün ziyalılar, KİV, QHT rəhbərləri tərəfindən müvafiq qurumlara müraciətlər ünvanlansın. Lazımdırsa onu zaminliyə götürək”.
Qeyd edək ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.
Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü – mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.
Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.
N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.
Xatırladaq ki, N. Niftiyevin həbsi ilə bağlı bir qrup ziyalı ölkə başçısına müraciət edib.
Bundan başqa, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Niyaz Niftiyevin 1 ildən artıq müddətdə istintaq təcridxanasında saxlanılmasına etiraz edib. Bildirib ki, Niyaz Niftiyev tanınmış jurnalist, müsbət imicli şəxsdi, məhkəmə onun indiyə kimi olan fəaliyyətini, xidmətlərini nəzərə almalıdır.