ManşetMüsahibəSiyasətXəbər xətti

Qüdrət Həsənquliyev: “Xarici təzyiqlərə boyun əyməməli, müqavimət göstərməliyik”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev müsahibə verib.

Aktor.az həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, ABŞ Dövlət Departamenti sərhədçilərimizin Laçın rayonunda Ermənistanla dövlət sərhəddinə yerləşdirilməsini “mübahisəli ərazilərdə qoşunların hərəkəti məsuliyyətsiz və təxribat xarakterli addımdır” kimi qiymətləndirib. Açıqlamaya münasibətinizi bilmək istərdik.

– Bu tipli açıqlama məsuliyyətsiz və təxribat xarakterilidir. Mən öncə də söyləmişdim ki, nəinki biz, bütün dünya ABŞ-ın yaşlı və ermənipərəst prezidenti Baydenin, o cümlədən hazırlıqsız və ermənipərəst Kamala Harrisin bu tipli bəyanatları ilə tez-tez üzləşəcəyik. Söhbət həm də təkcə bu şəxslərlə bağlı deyil. Ümumiyyətlə, ABŞ dünyada beynəlxalq hüquqa, haqqa və ədalətə söykənən xarici siyasət yürüdə bilmir. Bunun əksi olsaydı, biz münaqişələrsiz, qansız bir dünyada yaşayardıq. O zaman 44 günlük savaş da olmazdı, minlərlə gənc həyatını itirməz və ABŞ-ın bütün etik çərçivəni aşan bəyanatı da olmazdı. Amma 1989-1994-cü illərdəki birinci Qarabağ savaşı zamanı ABŞ rəsmiləri həm üç-beş erməninin səsinə və puluna görə, həm də xristian həmrəyliyindən çıxış edərək təklənmiş, torpaqları işğal olunan, Xocalıda soyqırıma, Ermənistanda və Qarabağda etnik təmizləmə siyasətinə məruz qalan xalqımızın səsinə səs vermədilər. Hətta torpaqlarından, ev-eşiyindən didərgin salınmış bir milyon qaçqına düzəmməlli humanitar yardım da göstərmədilər. Qaçqınların bir qismi bu gün də acınacaqlı bir həyat yaşayır. Əksinə Bayden başda olmaqla “Azdalığa Yardım Aktına” 907-ci düzəlişi etməklə Azərbaycana sanksiya tətbiq olunmasına, işğalın genişlənməsinə nail oldular. Ermənilər torpaqlarımızı işğal etdikcə beynəlxalq birlik qarşısında sifətlərini qorumaq üçün, riyakarcasına BMT Təhlükəszilik Şurasında (TŞ) dörd dəfə işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad olunmasına dair qərar qəbul etdilər, amma işğalçıdan torpaqları azad etməyi tələb etmədilər. Ona görə də TŞ-nın hər qərarından sonra ermənilər yeni bir rayonumuzu işğal etdi. ABŞ Qarabağdakı separatçı rejimə özünün bəyan etdiyi dəyərlərə tüpürərək hər zaman maliyyə yardımı ayırıb. Budur ABŞ-ın siyasətinin əsl mahiyyəti. ABŞ bu tipli siyasəti ilə dünyada demokratiyaya və hüququn aliliyinə böyük zərbə vurub.

– Qüdrət bəy, 1993-cü ildə Surətin kiçik bir dəstəsi qarşısından qaçanlar dünən ABŞ-dan sosial şəbəkə üzərindən yayımlanan verlişdə Azərbaycan hökumətini ittiham edirdilər ki, niyə Ermənistanla razılaşmadan sərhədə DSX əsgərlərini göndərib. Bu barədə nə deyə bilərsiniz?

– Bu cür cəsarətsiz, hələ də yetkinləşə bilməmiş, kiçik qisasçılıq hissi ilə yaşayan qərəzli adamlar vaxtilə dövlətimizə çox böyük zərbə vurublar. Azərbaycan dövləti sərhədlərimizi bərpa etməlidir, kimin nə deməsindən asılı olmayaraq. İstəyiriksə ki, ermənipərəst və xiristian həmrəyliyindən çıxış edən dövlətlər bizi tərifləsin, onda torpaqlarımızı Ermənistana verməliyik. Torpaqlarımızı istəyiriksə xarici təzyiqlərə boyun əyməməli, müqavimət göstərməliyik.