Azər Allahverənov baş nazirə müraciət etdi
Azərbaycan Respublikasının Baş Naziri, Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbəri cənab Əli Əsədova sərtləşdirilmiş karantin rejimi şəraitində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında quru sərhədlərin açılması ilə əlaqədar müraciət göndərilib.
Aktor.Az xəbər verir ki, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov tərəfindən göndərilən müraciətdə qeyd olunub ki, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi bu ölkədə qeyri-qanuni əsaslarla yaşayan əcnəbilər, o cümlədən Azərbaycandan olan on minlərlə qeyri-qanuni miqrant qarşısında cari ilin iyun ayının 15-dək Rusiya ərazisini tərk etmək tələbi ilə çıxış edib. Müxtəlif sosial media hesablarından daxil olan müraciətlərdən məlum olur ki, Rusiya Federasiyasında müxtəlif səbəblərdən dolayı qeyri-qanuni miqrant statusunda yaşayan minlərlə soydaşımız Rusiyanın rəsmi qurumlarının tələbinə uyğun olaraq ölkəni tərk etmək və Azərbaycana qayıtmaq niyyətindədir. Xüsusilə bildirilib ki, Rusiyanın geniş coğrafi arealında yaşayan və böyük əksəriyyətinin maddi vəziyyəti aşağı olan soydaşlarımız qiyməti nisbətən baha olan təyyarə bileti alaraq hava yolu ilə Azərbaycana qayıda bilmirlər.
Bu səbəbdən qeyri-qanuni əsaslarla Rusiyada yaşayıb iyunun 15-dək Azərbaycana qayıda bilməyən soydaşlarımız sonradan bu dövlətin müvafiq qurumları tərəfindən qeyri-qanuni miqrantaların ölkə ərazisindən çıxarılması ilə bağlı verilməsi gözlənilən sərt qərarlarla üzləşə bilərlər. Digər tərəfdən, Rusiyanı tərk etmək istəyən şəxslərin bir qisminin maddi vəziyyətinin aşağı olması ilə yanaşı, onlar arasında həssas qrupların, o cümlədən azyaşlı uşaqlar, ahıl insanlar, səhhətində ciddi problemlər olan şəxslərin olduğu məlumdur ki, bu da məsələnin kifayət qədər aktual olduğunu göstərir.
Yuxarıda qeyd olunan məsələlərin xüsusi əhəmiyyətini və həssaslığını bir daha vurğulayan və çoxsaylı azərbaycanlı miqrantların istəyini nəzərə alan Azər Allahverənov Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbərliyinə müraciət edib ki, iyun ayının 01-dən etibarən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında quru sərhədlərin açılması ilə bağlı qərarın aidiyyəti strukturlar tərəfindən verilməsi məsələsində zəruri köməkliklər göstərilsin.