GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

“İranlı deputatın səsləndirdiyi fikirlər Azərbaycana qarşı təhdid və şantajdır”

İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komitəsinin sədri Moctaba Zolnurinin Azərbaycan-Ermənistan sərhəddində baş verən son olaylardan dolayı səsləndirdiyi fikirlər Azərbaycana qarşı təhdid və şantajdır.

Əgər Azərbaycan öz sərhədlərini bərpa etmək üçün lap 30 km belə Ermənistanın içərilərinə doğru irəliləyərsə bunu dəstəkləyirik. Bizim heç kimin torpağında gözümüz yoxdur, amma bizə aid olanları da heç kimə vermək fikrində deyilik. Azərbaycan öz sərhədlərini bərpa etmək üçün hərb dili ilə də danışmağa hazır ölkədir və bunu əməldə sübut edib. Zəngəzur da tarixi yurdumuzdur və ora dönəcəyik, orada ikinci Azərbaycan dövləti də elan edəcəyik. Sadəcə, geci-tezi var. Məndən olsa, günü sabah bunu edərəm.

Çox təəccüblüdür ki, necə olub ki, cənab deputat, İran rəsmisi 30 il 130 km sərhəddin dəyişdirilməsinə, Azərbaycanın beynəlxalq hüquqla, o cümlədən öz ölkəsinin də tanıdığı Azərbaycan sərhədlərinin pozulmasına tab gətirə bilib? Axı cənab deputatın gözlərinə 30 il yuxu getməməliydi? Çünki sərhədlərin qorunmasında bu qədər israrlıdır.
Çox üzülürəm ki, İran rəsmisinin xəbəri olmayıb ki, alnını möhürə qoyub namaz qıldığı məscidlərdə Ermənistan Allahın sevmədiyi heyvanı (donuz, свинья, pig, schwein) saxlayıb, sərhədləri, şəhər və kəndləri yerlə-yeksan edib, daşı daş üstündə qoymayıb. Hər tərəfi xaotik basdırılmış minalarla bəzəyib və o minalara onun din qardaşları düşüb partlayır.

Biz Ermənistanla necə danışmaq lazım olduğunu gözəl bilirik. Bu sahədə məsləhətə ehtiyac duymuruq. Biz gözəl qonşuyuq və gözəl qonşuları da sevməyə hazırıq. Yaxşı olar ki, Ermənistana təzyiq edin ki, mina xəritələrini versin.

Qeyd edim ki, İranlı deputat deyib ki, “İran İslam Respublikasının mövqeyi çox açıq-aydın və qətiyyətlidir. Bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmirik, bölgə ölkələrinin ərazi bütövlüyü qorunmalıdır, sərhədlərimiz yaxınlığında bölgədən kənar bir güc qəbul etmirik. Ermənistan ərazilərinin bir hissəsini almaq və sərhədlərimiz dəyişdirmək istəyirlərsə, yəni yeni bir qonşumuz olsa, bizim üçün məqbul olmayacaqdır. Keçmişin sərhədləri tamamilə qorunmalı, İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”.

Razi Nurullayev
Milli Məclisin deputatı