GündəmManşetSiyasətSosialXəbər xətti

“Vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır” – Qüdrət Həsənquliyev

“Azərbaycanın vətəndaşları dövlətin idarəetmə xərclərini – vergi ödəmələrini üzərlərinə götürüblər”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, dövlət orqanının xərcləri də büdcə tərəfindən qarşılanır: “Belə olduğu halda vətəndaş hər hansı bir sənəd üçün müraciət edəndə deyirlər ki, filan qədər rüsum ödə. Onda belə çıxır ki, dövlət orqanları faktiki olaraq pullu xidmət göstərirlər. Axı vətəndaş vergi ödəyir, dövlət orqanını saxlayır, dövlət orqanının xərclərini də öz üzərinə götürüb.

Niyə vətəndaş, məsələn, adi vəsiqə almaq üçün 40 manat ödəməlidir? 40 manat az vəsait deyil. Əgər vətəndaş vəsiqəni itiribsə, yaxud onun günahı ucbatından vəsiqə korlanıbsa, o zaman vəsiqənin dəyişdirilməsi üçün rüsum ödəsin. Amma kimsə şəxsiyyət vəsiqəsi alırsa, yaxud vəsiqəni vaxtı bitdiyi üçün dəyişdirirsə, niyə pul ödəməlidir? Hesab edirəm ki, biz, bu məsələyə fundamental, köklü şəkildə yenidən baxmalıyıq. Onsuz da müəyyən təbəqədən olan insanların sosial vəziyyəti o qədər də yaxşı deyil. Bunlar da hər arayışa görə əlavə rüsum ödəyir. Onları bu rüsumdan azad etmək lazımdır. Nazirlər Kabinetində bu məsələ müzakirə olunmalı, bu formada vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır”.