Satıcı qadını bıçaqla hədələyib pulu aldı
Bakının Sabunçu rayonunda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, Bakıxanov qəsəbəsində naməlum şəxs apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla hədələyib obyektin kassasından 480 manat pulu talayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.
Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.
Zabrat və ətraf qəsəbələrdə fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.
E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.