Simonyanın “Sputnik”indən “Sinovac”a qarşı təxribat – Elçin Mirzəbəylinin şərhi
Marqarita Simonyanın agentliyi və onun müxtəlif dillərdə yayımlanan törəmələri yenə də öz ənənəvi amplualarında informasiya təxribatlarını davam etdirirlər.
Deməli belə, Marqaritanın “Sputnik” adlanan agentliyinin yaydığı xəbərdə qeyd olunur ki, Çinin “Sinovac Biotech Ltd” farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir. Və guya bunu bunu Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu bəyan edib. Xəbərin qurama, təbliğat və təxribat xarakterli olduğu təqdim olunan “fakt”ların müqayisəsində də nəzərə çarpır. Belə ki, “Sputnik” onunla eyni adı daşıyan “Sputnik-V” peyvəndinin efektivliyinin guya 95% faizdən çox olduğunu iddia edir. Həmçinin” Çinin “Sinovac Biotech Ltd” farmakoloji şirkətinin preparatının Braziliyada keçirilən kliniki araşdırmalarının nəticələrini”, yəni artıq informasiya məkanının zibil qabına atılmış “məlumatı” təkrar “istehsala” buraxmaqla, Rusiya peyvəndinin effektivliyini ictimai rəyə sırımağa çalışır. Halbuki bütün etibarlı mənbələr “Sputnik-V”-nin reallıqda üçüncü sınaq mərhələsindən çıxmadığını bildirirlər. “Sputnik” agentliyinin bir tərəfdən Qao Fuya istinadla “Sinovac” peyvəndinin effektivliyinin 50,04%, digər tərəfdən isə “Sinovac Biotech Ltd” farmakoloji şirkətinin araşdırmalarından çıxış edərək, 80%-dən çox olduğunu vurğulaması isə, informasiya təxribatına “gerçəklik” donu geyindirilməsinin Simonyansayağı nümunəsidir.
Elçin Mirzəbəyli