Rusiya mətbuatı ermənilərin əlindədir – Deputat
“Təəssüflər olsun ki, bu gün Rusiya mətbuatı ermənilərin əlindədir. Bunun sayəsində ermənilər öz siyasətlərinə qulluq edən informasiyaları Rusiya mediasında istədikləri şəkildə yaymaqla məşguldurlar. Hesab edirəm ki, Rusiya kanallarında Azərbaycana qıcıq verən mövzuların gündəmə gətirilməsi imzalanmış üçtərəfli bəyanatın icrasını şübhə altına sala bilər”.Bunu Pravda.az-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.
Deputat bildirib ki, Rusiyanın “Birinci kanalı”nda Azərbaycana qarşı səsləndirilən fikirlərin müxtəlif siyasi verilişlərdə şahidi olmuşuq: “Müxtəlif erməniyönümlü siyasətçilərin iştirakı ilə Rusiya cəmiyyətində bizə olan münasibəti dəyişmək, ermənilərin haqlı olduğunu sübut etməyə istiqamətlənmiş siyasi verilişləri çox izləmişik. Əlbəttə ki, bu cür addımlar yolverilməzdir. Rusiya hökuməti bu məsələlərə nəzarət etməlidir. Çünki Rusiya həm də ATƏT-in Minsk Qrupunun üzvü olduğu üçün neytrallığını qorumalıdır. Digər tərəfdən, Rusiya imzalanmış üçtərəfli bəyanatların həm iştirakçısı, həm də bəyanatların həyata keçirilməsində əsas rol oynayan ölkədir”.
Azər Badamovun fikrincə, Rusiya mətbuatındakı bu cür davranışlar, Azərbaycana qıcıq verən mövzuların verilişlərdə gündəmə gətirilməsi imzalanmış üçtərəfli bəyanatların icrasını şübhə altına sala bilər: “Vladimir Poznerin verilişində Robert Koçaryanın təbliğ olunduğu açıq-aydın bəllidir. Bunlar yolverilməzdir. Rusiya əməkdaşlığın qorunmasında iştirak edən bir ölkə kimi Azərbaycana öz dəstəyini göstərməlidir və bu cür ayrı-seçkiliyə yol verən verilişlərin yayımlanmasına mane olmalıdır. Hesab edirəm ki, Rusiya özü bu məsələdə maraqlı deyil. Onlar, sadəcə, qonşuluq münasibətində qalmalı, beləcə məsələlərə ədalətli yanaşma nümayiş etdirməlidirlər”.
Qeyd: Rusiyanın “Birinci kanalı”nda Azərbaycan əleyhinə təbliğ kampaniyası davam etdirilir. Aprelin 5-də kanalın efirində jurnalist Vladimir Poznerin eyni adlı verilişində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla müsahibə yayımlanıb. Müsahibə zamanı Pozner Koçaryanı “Dağlıq Qarabağ”ın ilk prezidenti kimi təqdim edərək Azərbaycan əleyhinə daha bir neçə təxribatçı fikirlər səsləndirib.