ManşetMediaMüsahibəXəbər xətti

45 yaşlı baş redaktor: “Kəlbəcərin azadlığı ömrümə ən gözəl hədiyyə oldu”

Bu gün “Türküstan” Media Qrupunun rəhbəri, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalın doğum günüdür. Onun 45 yaşı tamam olur.

Aqil Camal Modern.az-ın qonağı olub və suallarını cavablandırıb.

– Aqil bəy, 6 apreldə sizin 45 yaşınız tamam olur. Maraqlıdır, 45 yaş sizin üçün ömrünüzün və yaradıcılığın hansı mərhələsidir?

– Klassik anlamda insana qoyulan yaş həddi 100-dür. İnsanlar bir-birlərinə arzu edərkən də “100 yaşa!” ifadəsini işlədirlər. Belə bir deyimimiz də var: “Hər kim 100 il yaşamasa, günah onun özündədir”. Bu baxımdan, bir insan həyatını qiymətləndirmək və mərhələyə bölmək istərkən 100 yaş bir şkala rolunu oynayır. Bu şkalaya əsaslansaq, 45 yaş hələ həmin 100 yaşın yarısından aşağıdadır. Yəni, hələ ömrü yarı etmədiyimi düşünürəm. Amma dünyanın gedişatı artıq bəşər övladının maksimum yaş həddinin 100-lə ölçülmədiyini göstərir. Bu gün yaşayıb bitirdiyimiz hər günün sonu bizim üçün 100 yaşa çatmaq kimidir. 50, 70, 100 yaşa görə deyil, yaşadığımız hər günə şükür etmək durumu ilə üz-üzəyik.

Təbii ki, yaş öz işini görür. Bəzən, bunu etiraf etməkdən yayınsaq da. Mən də bu son günlərədək soruşan olanda 44 yaşımın olduğunu deyirdim.  Amma, nə etsək də, zaman, yaş öz işindədir. Ən azı 20 il əvvəlki şəklimizlə bugünkünü yanaşı qoysaq, nə qədər fərqlərin yarandığını görə bilərik.

İnsanların, xüsusən, kişilərin yeniyetməlik və gənclik yaşının arasında heç bir məsuliyyət daşımadığı, həyatda sərbəst olduğu bir dövr olur. Daha çox havayı pul xəclədiyi, valideynlərə daha çox əziyyət verdiyi, necə deyərlər “həyatın dadını çıxardığı” bir yaş dövrü. Bax, biz, mən, o dövrünü yaşaya bilməmişəm. Biz həmin yaşda tamamilə başqa bir taleyə yaxalandıq.

11-ci sinifdə oxuyanda doğulduğumuz, yaşadığımız, keçmişimiz və gələcəyimiz olacaq rayonumuzdan, isti ev-eşiyimizdən didərgin düşməli olduq. Hətta, təsəvvür edin, biz 11-ci sinif belə başa vura bilmədik. Gəlib həyatın dibinə düşdük, gəncliyimizin gözəl çağlarını yaşaya bilmədik. Sıfırdan başlayan bir həyat. Ailə və fərd olaraq toparlanıb özümüzə gəlməyimizə hardasa 20 il vaxt lazım oldu. Onda da artıq bayaq dediyim “qayğısız yeniyetmə,  gənc” dövrü itirilmişdi. Bu baxımdan, 45 yaşdan 20-ni çıxdaş etmək də olar.

– Müharibənin, od-alovunun içərisindən çıxıb gəlmisiniz. Müharibə uşağı ilə müharibə görməyən uşaqların arasında nə kimi fərqlər var, sizcə?

– Azərbaycan ərazi baxımından böyük deyil. 1993-cü ildə biz Bakıya gələndə, gördüm ki, coğrafi baxımdan kiçik olsaq da, ölkənin bu başı ilə o biri başı arasında əlaqə çox kəsikdir. Ölkə paytaxtında böyük əksəriyyət ölkənin ucqar yerlərindən, Qarabağda baş verənlərdən o qədər də xəbərdar deyillər. Yaxud, Qarabağın qayğıları ilə yaşamırlar. Mən ilk fərqi gələn kimi gördüm, burada 2 ay məktəbə getdim, məktəbli yoldaşlarım arasında gördüm.

Biz 3 il Kəlbəcərdə elektrik işığı olmadan yaşamışıq, həm də mühasirə şəraitində. Amma başımızı almış qara buludlar bizə sanki, təbii gəlirdi. İnsanlar mühasirədən, elektrik işığı olmadan yaşamaqdan bezmirdilər.

Müharibə uşağı dediniz. Məktəbə cibimizdə avtomat patronları ilə gedirdik. Belimə “ştiknoj” deyirlər – əsgər bıçağı bağlayıb məktəbə gedirdm… Məktəbimiz və evimiz vertolyot meydançasına yaxın idi. Dərs sistemi artıq pozulduğundan günümüz o meydançada keçirdi. Vertolyotlar mühasirə şəraitində olan rayona silahlar, snaryadlar, artilleriya mərmiləri gətirirdilər. Biz gətirilən silahları hərbçilərin maşınına yığırdıq, vertolyota isə Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan şəhid tabutlarını qaldırırdıq. Adları, ünvanları qələmlə tabutların üzərinə yazılardı… O vaxt, o yaşda bizim edə biləcəyimiz iş bu idi. 1992-ci ildə Xocalı soyqırımı törədiləndə şəhər məktəblərinin yuxarı sinif şagirdlərinin böyük bir dəstə ilə yerli özünümüdafiə batolyonuna müraciət etdiyi siyahıda mənim də adım vardı.

Ondan əvvəl – 1989-cu ildə Ağdaban kəndində təxribatçı ermənilər yaxalanmışdı. Bir neçə gündən sonra rus hərbçilər onlar almaq üçün hərbi vertolyotla Kəlbəcərə gəlmişdilər. Biz yenə vertolyotun yanında idik. Onda 13 yaşım vardı. Vertolyot havaya qalxanda qəza baş verdi, yerə çırpıldı. Hər gün bir yerdə olduğumuz, dostum, çəpər qonşum olan 8 həmyaşıdımı gözümün önündə vertolyotun pərləri tikə-tikə doğradı… Mənim üstümə bir dəmir parçası düşmüşdü, altından sıyrılıb qaçmışdım. Bu kimi çoxsaylı örnəklər söyləyə bilərəm müharibə uşağı adına.

– Müharibə uşağının zalım olduğunu deyirlər. Siz özünüzdə bu xarakteri  gördünüzmü?

– Məncə zalımlıq deyil, soyuqqanlılıqdır. Yəni, o cür topun-tüfəngin, müharibənin, itkilərin içərisində böyüyərkən, sonradan həyatda qarşılaşdığın çətinliklərə, problemlərə, dəhşətli mənzərələrə, kimlərdənsə aldığın mənəvi, maddi, fiziki zərbələrə soyuqqanlı yanaşırsan. Düşünürsən ki, həyatda hər şey ola bilər. Ağıla gələn-gəlməyən hər şey…

– 45 ilin hesabatını sizdən soruşsalar onu necə ifadə edərdiniz?

– Nədənsə, hesabat veriləcək bir yaşda olduğumu düşünürəm. Bəlkə də, bu, 45 yaşadək etməli olduğum bir çox işləri edə biləməyimlə, bir çox hədəflərimə hələ çata bilməməyimlə bağlıdır. Amma buna, məndən asılı olmayan amillər daha çox səbəb olub. Düşünün, bir uşaq, bir yeniyetmə tədricən özü üçün məqsədlər, hədəflər müəyyən edir. Ona doğru irəliləyir. Və birdən-birə taleyi tərsinə çevirilir. İşğal, köçkünlük… O, bizi onillərlə geriyə atdı. Təkcə toplum halında yox, həm də, hər bir fərdi ayrıca olaraq. Hər şey sıfırdan başladı, ondan sonra 30 ilə özümüzə gəlməyə çalışmışıq. Bu baxımdan, 45 yaşda həlledici bir mərhələnin hesabatını verməyə hazır deyiləm. Qısaca olaraq deyə bilərəm ki, ata-anam, ailəm, yaxınlarım məndən razıdılar. Çoxlu dostlarım, məni dost bilən çoxlu insanlar, yol yoldaşlarım var. Ölkəmin, millətimin sıra nəfəri olaraq bacardığım qədər nələrsə etməyə çalışmışam və buna davam edirəm.

Özümü təftiş etməyi, hər bir addıma başqalarının gözü ilə baxmağı çox sevirəm. Məsələn, elə düşünürəm ki, bu dünyada mənim haqqımda “pis adamdır” deyə düşünən bir insan belə yoxdur. Əgər dünyada belə bir adam varsa, məni əsl olduğum kimi tanımırsa, imkanım olsa, onu tapıb narazılığının səbəbini öyrənib, mütləq aydınlıq gətirməliyəm, fikrindən daşındırmalıyam.

– Qarabağ bölgəsinin insanları əksər hallarda qarşılaşdıqları uğursuzluqlarını işğal faktoru ilə bağlayırdılar. Sizcə insanların bu cür yanaşması doğru idimi?

– Təkcə, rayonu, evi işğal edilmiş insanlar uğursuzluqla qarşılaşmır. Eyni zamanda, nəzərə almaq lazımdı ki, yerlərindən didərgin düşmüş insanların qarşılaşdığı uğursuzluqların başlıca səbəbi düşdüyü vəziyyət idi. Biri işini itirmişdi, digəri, təhsilini, bir başqası karyerasını, sənətini, başqası varını-varidatını… Ona görə də, sonrakı dövrdə bir uğursuzluqla qarşılaşanda deyirdi ki, işğal olmasaydı, başqa cür olardı. Bunu hardasa haqlı yanaşma hesab edirəm. Çünki biz də rifahli, təmin olunmuş bir həyat yaşayırdıq…

– Sinif yoldaşlarınızla əlaqəniz, təmasınız varmı?

– İşğaldan sonra hər kəs bir yerə düşdüyü üçün yalnız Bakıda yaşayan 2-3 sinif yoldaşımla rabitəm olub. Bir-birin xeyrində-şərində iştirak etmişik. İndi, Kəlbəcərin azad edilməsi bu əlaqələri fəallaşdırıb. Sinif yoldaşlarım votsap qrupu yaradıblar, oraya qoşulanların sayı artmaqdadır. Sinifdə 22-25 uşaq olardıq. Onların böyük əksəriyyəti ilə ötən 28 ildə heç vaxt rastlaşmamışam.

– Adətən uşaqlar birinci sinfə gedəndə müxtəlif arzularda olurlar.Və bu arzular da tez-tez dəyişir. Lakin artıq yuxarı siniflərdə formalaşma gedir. Məktəb vaxtında nə zamansa mediada olacağınızı düşünmüsünüz?

– Mən yuxarı siniflərdə humanitar fənlərə yönəlmişdim. Tarixi çox sevirdim və həddən artıq çox oxuyurdum. Əzbərçi deyildim, tarixi gözümdə canlandıraraq oxuyurdum deyə bir proses olaraq yaddaşıma köçürdü. Ona görə, bəzən elə olub ki, verilən dərsi oxuya bilməmişəm, amma məndən əvvəl çıxıb dərsi danışan sinif yoldaşımın ardınca, müəllim məni qaldırıb, dərsi danışmışam, “əla” almışam. Media təcrübəm isə elə məktəb dövrünə gedib çıxır. 1990-cı ildə məni sinifimizin divar qəzetinə redaktor təyin etdilər. İlk işim qəzetin qəzetin “Şüa” adını dəyişmək oldu. O zaman məktəbdə dəb idi, ölkədə yeni çıxan müstəqli qəzetlərin adlarını divar qəzetlərinə veridilər. “Azərbaycan”, “Azadlıq”, “Aydınlıq”, “Ədalət”… Mən başqa tapmadım deyə, o vaxt yeni nəşr olunan “Müxalifət” qəzetinin adını divar qəzetinə götürdüm. Təsəvvür edin, nə özüm, nə də məktəbdə rəhbərlik, sinif rəhbəri bu sözün fərqində deyildi. Totalitar sovet rejimində yalnız bir siyasi sistem olduğu üçün əks qütb – müxalifət olmadığı üçün leksikonda da oturmamışdı. O üzdən, mən də adı daşıdığı mənaya görə deyil, öıkədə yeni çıxan bir qəzetin adı kimi götürmüşdüm. Divar qəzetində adətən, məktəb və sinif həyatı bağlı yazılar olmalıdı. Mənsə, Azərbaycan tarixi ilə bağlı yazılar verirdim, xəritələri də özüm çəkirdim.

90-cı ilin sonlarında Səddam Hüseyn Küveytə hücum etmişdi, ABŞ da ona qarşı savaşa başlamışdı. O vaxt Səddama Azərbaycanda, o cümlədən, bizdə – Kəlbəcərdə böyük heyranlıq vardı. Fotoları avtomobillərə vurulurdu. Mən sinifin divar qəzetində Səddam Hüseynin şəkilləri ilə informasiyalar yazırdım. Normalda aydan bir dəfə dəyişməli olan qəzeti, həftədə bir dəfə dəyişirdim. Hər dəfə divardan asanda ətrafına çoxlu uşaq toplaşırdı. Onlar üçün yenilik idi. Bu mənzərəyə kənardan gizli-gizli baxmaq ayrı bir zövq idi.

91-cı ilin aprelində – onda 15 yaşım vardı, SSRİ-nin saxlanması ilə bağlı referendum keçirildi. Prezident Ayaz Mütəllibov Azərbaycanın SSRİ tərkibində saxlanması üçün hər şeyi edirdi. Referendum saxtalaşdırıldı, guya, Azərbaycan xalqı yekdilliklə SSRİ-nin saxlanmasına səs verib. Onda mən prezidentin bu mövqeyinə qarşı bir yazı yazdım. Ayaz Mütəlibovun şəklini rəsmi qəzetdən kəsdim, qarşısında bir seçki qutusu çəkdim. Karikatura formasında qəzetində yazının içərisinə yapışdırdım, gətirdim məktəbdə divardan asdım. Hardasa, 2 dərs keçmişdi. Sinif rəhbərimiz olduğumuz sinifə gəldi, müəllimdən mənə icazə verməsini istədi. Sinifdən çıxdım, sinif rəhbərinin ardınca addımladım, dəhlizdə heç nə demədi. Otağına yaxınlaşanda qəzetin divarda olmadığını gördüm,  məsələni yəqinləşdirdim. Sinif rəhbərimiz qəzeti divardan çıxarıb masasının üstünə qoymuşdu. Əsəbi halda məndən yazı haqda soruşdu, dedi “oxu yazdığını”. Oxudum, dedi, hər şeyi düz yazmısan, amma bura məktəbdi, sən də məktəbli. Prezident haqqında belə yazı yazıb üstəlik də şəklini də yapışdırmısan… Soruşdu ki, bəs bu “Müxalifət” nə deməkdi, çiynimi çəkdim.

Nə isə məndən nümunəvi məktəb qəzet istədi, mən də onu istəməyib, redaktorluğu buraxdım. Amma yuxarı siniflərdə o dövrdə yeni çıxan qəzetlərin hamısını alırdım. Bir neçə dəfə məqalə yazmışdım. Zərfə qoyub poçt qutusuna aparırdım. Poçt qutusunun yanına çatanda, yazını göndərmək istədiyim qəzetdə işləyən tanınmış imzalar gözümün önünə gəlirdi. Düşünürdüm ki, zərfi açacaqlar, məqaləni oxuyub ya güləcəklər, ya, tənə edəcəklər. O üzdən qutuya atmayıb geri dönürdüm… Taleyin işinə bax ki, 8 ildən sonra mən məhz həmin qəzetlərdə işləməli oldum.

– Bu ilin iyun ayında rəhbəri olduğunuz “Türküstan” qəzetinin 15 yaşı tamam olur. “Türküstan” sözü, dəsti-xətti, bəlli, oxucu çevrəsi olan bir qəzetdir. Buna necə nail oldunuz? Maraqlıdır ki, 13-14 yaşında redaktor kimi çalışan Aqil Camalın bu məqama çatmaq arzusu idimi?

– Qeyd edim ki, biz daha əvvəl – 1999-cu ildə həftədə bir dəfə “Türkün səsi” adlı qəzet çıxarırdıq. O qəzet 2000-ci ildə fəaliyyətini dayandırdı. Lakin 2006-cı ildə “Türküstan” qəzeti fəaliyyətə başladı. Artıq 15 ildir. Mənim “Türküstan”ın simasında az-çox əldə etdiyim uğur professional qəzetçiliyə, bu işə biznes sahəsi kimi baxmağıma əsaslanmır. “Türküstan”da mən lap yeniyetməlik vaxtından tapındığım idealları daşıyıram. 1992-ci ili oktyabrında – 16 yaşımda Kəlbəcərdə bir neçə məktəbi əhatə edən “Bozqurd” Gənc Türklər Təşkilatı yaratmışdım. Yəni, bugunku işimizin bir təməli, ideoloji qaynağı var. Məhz bu, qaynaq bizi çətinliklərdən keçirib bu günə gətirib. Əslində bu gün də çətinliklər, rahatsızlıqlar bizimlə bərabərdir. Amma, bu çətinliklər qarşısında təsəllimiz, onu özümüzün seçməyimizdir. İstəsək, başqa cür də ola bilərdi…

Bizim oxucu çevrəmiz var. Zaman-zaman onlardan məktublar, təşəkkür mesajları alırıq. Düzü, mən heç vaxt o təşəkkürləri ictimailəşdirmirəm. Amma bəzən içimdən bir bağırmaq gəlir ki, eyy, sizlərə də gəlirmi, bu minnətdarlıq məktublarından, mesajlarından… Oxucularımızın böyük əksəriyyəti “Türküstan”ı arxivləşdirirlər. Yaşlı adamlar olub, bizimlə əlaqə saxlayıb ki, sabah başıma bir iş gəlsə, bəlkə məndən sonra 15 ildə topladığım bu qəzetləri götürüb atacaqlar evdən. Onu sizə necə çatdırım? Mən də tövsiyə etmişəm ki, yaxınlığınızdakı kitabxanalara verin. Oxucuların böyük əksəriyyəti ilə əyani tanışıq. Tanımadıqlarımız da çoxdu. Bir dəfə  qeyri-rəsmi mərasimdə idik. Mükafatlandırma da vardı. Adımı çağırdılar, getdim. Yerimə qayıdanda ətrafımda oturanlardan bir neçəsi təəccüblə məndən həqiqətənmi “Türküstan”ın naşiri olduğumu soruşdu. Oxucularımız imiş. Biri dedi, “heç cür təsəvvür etmirdim ki, “Türküstan” qəzetini sizin yaşda bir adam çıxarır. Elə bilirdim, Dədə Qorquda bənzər, saçlı-saqqallı bir adamsız…”.

– Siz eyni adlı sayt yaratmısınız. Onlayn media klassik mətbuatdan fərqlidir. Bu iki fərqli fəaliyyəti bir arada tutmaq çətin deyil ki?

– Biz qəzeti necə başlatmışdıqsa, yəni hansı məzmunda, necə olmalıdır, elə də saxlamışıq. Adına, yoluna, hədəflərinə layiq formada. Oxucumuz da buna uyğun formalaşıb.  Saytın isə mövzu dairəsi genişdir. Demək olar ki, həyatın bütün sahələrini əhatə edir, gündəmi tutur. Eyni zamanda, bu xəbər axınının içərisində “Türküstan”ın milli missiyasını da saytda yürüdürük.

– “Türküstan”a görə Aqil Camal hansı maneələrlə rastlaşıb?

– İmkansızlıqlar başqa, amma inzibati maneələr olmayıb. Müxtəlif vaxtlarda tutduğumuz yola, hansısa yazılara görə tamam başqa dairələrdən təhdidlər və bu təhdidlərdən doğan təhlükələr olub.Amma mən onları ictimailəşdirmək, hüquq-mühafizə orqanlarına müraciət etmək istəməmişəm. Düşünmüşəm ki, üstündən keçib, getsəm daha yaxşı olar, sovuşub gedər. Elə də olub.

– Hazırda mediada nəzərdə tutulan yenilikləri, dəyişiklikləri necə qiymətləndirirsiniz, nə gözləyirsiniz?

– Hər dəfə bir mərhələ başlayanda o, yenilik kimi qəbul edilir. 2009-cu ildə Azərbaycanda Kütləvi İnformasiya Vasitələri haqqında Dövlət Konsepsiyası elan olunanda da, biz ona mediada dəyişikliklərin başlanğıcı kimi baxırdıq. İndi də yeni bir mərhələnin ərəfəsində, içərisindəyik. Ortada media adına iddiaçılar, iştirakçılar hədsiz çoxdur. Ortalıq aydınlaşmayana qədər çətin olacaq. Hazırda Medianın İnkişafı Agentliyi bu aydınlaşma üçün, ölkə mediasının, xüsusilə çap və internet mediasının gələcəyi ilə bağlı bir sıra layihələr həyata keçirir. Media camiəsinin çeşidli təmsilçiləri ilə fərdi görüşlər keçirilir. Qəzet satışını həyata keçirən firmalara qədər… Mənim də bir neçə dəfə görüşüm olub, bəzi təkliflərimi yazılı şəkildə də təqdim etmişəm. İnanıram ki, Agentlik ciddi medianın da dəstəyi ilə nəhayət ki, hamımızın arzuladığı mənzərənin yaranmasına nail ola biləcək. Hər halda, bu məqsədi və iradəni rəhbərlikdə görürəm.

– Bir daha 45 yaşa qayıdaq. 45 illik həyatın ən böyük hədiyyəsi nə olub sizə?

– 45 ilin hər ilində yəqin ki, irili-xırdalı hədiyyələr, sürprizlər, xoş hadisələr olub. Konkret, bu dəfə  – 45 yaşımın ən böyük, ən gözəl hədiyyəsi heç şübhəsiz, 20 yaşa çatmadan tərk etməyə məcbur olduğumuz dünyamızın –  Kəlbəcərin azadlığıdır. O, indiyədək olan və bundan sonra üçün düşünülən bütün arzuların, istəklərin, hədəflərin fövqündədir. Soruşsanız, bundan sonra ən ali arzum ata-anamı mümkün olan ən tez vaxtda doğma elimizə, evimizə aparmaq, Tanrının qismət etdiyi ömrü orada yaşamalarını təmin etməkdi.