“Atan kazaklardır” – Elçin Mirzəbəyli
Rusiyanın informasiya resurslarında, xüsusilə də bu ölkənin əsas dövlət informasiya agentliyi olan TASS-ın hazırladığı xüsusi buraxılışlarda “İskəndər” qısaməsafəlili ballistik raket sisteminin Makedoniyalı İskəndərin şərəfinə adlandırıldığı bildirilir. Amma bizim və digər müsəlman şərq xalqlarının “Makedoniyalı İskəndər” deyə xitab etdiyi böyük sərkərdənin adı rus dilində Aleksandrdı. O zaman ortalığa sadə bir sual çıxır: Nə üçün “Aleksandr” yox, “İskəndər”? Bəlkə Rusiya bu kompleksi Şərq ölkələrinə satmaq, yaxud Şərq xalqlarını qorxutmaq, təhdid etmək üçün belə adlandırıb?
Söhbətin Rusiyadan getdiyini nəzərə alsaq, bu suala məntiqlə cavab vermək mümkün deyil. Ola bilsin ki, raketin sınaqdan uğurla keçdiyini “qeyd edən” başbilənlərin əhval-ruhiyyələrinin kəlləçarxda olduğu vaxtda bu və ya digər səbəblərdən ağıllarına gələn ilk ad “İskəndər” olub. Yaxud layihəni “İskəndər” adlı hansısa iş adamı maliyyələşdirib və s. Önəmli deyil. Önəmli odur ki, Şərq xalqlarının böyük sevgiylə yanaşdığı böyük sərkərdənin adını hələ bu qədər urvatdan salan olmamışdı… “İskəndər-M” raketlərinin Şuşada tapılan qalıqları da belə düşünməyə əsas verir. ANAMA-nın təqdim etdiyi qalıqlardan belə anlaşılır ki, raketlər partlayıb. Amma necə partlayıbsa, qalıqlarından başqa heç nə qalmayıb. Bir “İskəndər-M” raketinin dağıdıcı gücünün 15 min kv. metr (iki futbol meydançası qədər) olduğunu nəzərə alsaq, iki “İskəndər-M” raketi Şuşada daş üstə daş saxlamamalıydı… Bu səbəbdən də, Nikol Paşinyanın dilindən çıxıb deyə, onun “İskəndər” raketlərinin 10% partlaması barədə dediklərini qəribçiliyə salmayaq. Ola bilsin ki, hərbçi olmadığı üçün “İskəndər-M”-in (,) düşdüyü… gülünc vəziyyətin izahını verə bilməyib, nəticəni qiymətləndirib. Yəni “İskəndər-M” raketi 15 min kv metr sahəni deyil, 1500 kv. metr sahəni dağıdıb, yaxud Nikol Kremlin xərtinə dəyməmək üçün 1%-i 10 dəfə böyüdüb.
Fakt isə faktlığında qalır: “İskəndər-M” raketləri Şuşaya atılıb. Ola bilsin, başqa yaşayış məntəqələrinə də… Hər halda işğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi prosesində yeni faktların üzə çıxa biləcəyi ehtimalı yox deyil.
Və indi, faktlar göz önünə sərgiləndikdən sonra, Rusiya rəsmilərinin İkinci Qarabağ savaşında “İskəndər” raketlərindən istifadə olunmadığı barədə israrlı bəyanat və açıqlamalarının, bu qəbildən olan birbaşa və labirintvari təkziblərinin səbəbinin nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışaq.
Əvvəla qeyd edək ki, həm İrəvan, həm də Moskva Ermənistan ordusunun arsenalında “İskəndər-M” raketlərinin olmadığını dəfələrlə bəyan edib. Yəni ruslar ermənilərə, özlərinin dediyi kimi sözügedən raket sisteminin eksport variantını – “İskəndər-E” raketlərini hədiyyə ediblər. “İskəndər-M” raketləri isə Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında, bu ölkənin hərbi komandanlığının nəzarətində olub. Şuşada tapılan qalıqların “İskəndər-M” raketlərinə aid olduğunu və bugünədək verilən, yuxarıda haqqında söz açdığım bəyanat və açıqlamaları nəzərə alsaq, o zaman belə anlaşılır ki, raketlər Azərbaycan ərazisinə Rusiyanın Ermənistandakı hərbi bazasından atılıb. Rusiya bu müharibədə, əslində birbaşa, tərəf kimi iştirak edib. Raketləri isə müzəffər Azərbaycan Ordusunun yürüşünün qarşısını almaq üçün atıb. Vaxtilə özünün Cənubi Qafqaza, Azərbaycan torpaqlarına “əkdiyi” “alaq otları”nı himayə edib, qoruyub… Qoruyub ki, nə zamansa yenidən istifadə etsin… Raketləri Azərbaycana doğru tuşlayıb ki, ikibaşlı qartalın qanlı caynağını “sülhməramlı” pərdəsi arxasında gizlətsin və tarix boyu oynadığı iyrənc oyunlarını, xəyanətlərini davam etdirsin… Əgər belədirdə, o zaman mərhum yazıçımız İsmayıl Şıxlının 300 ildə yalnız görüntüsü və adı dəyişən Rusiya siyasətinin mahiyyətini mükəmməl bir dəqiqliklə ifadə edən “Atan kazaklardır” ifadəsinin daşıdığı məzmunun yenidən təkrarlandığını söyləyə bilərik. Bəli, atan kazaklardır. Həm də sözün bütün mənalarında… Bu xüsusda qeyd edim ki, “atmaq” Rusiya siyasətinin real məzmununu ifadə edən ən qısa, ən lakonik və ən dəqiq sözdür.
Yox əgər Rusiyanın siyasi və hərbi dairələri Ermənistana “İskəndər-M” raketlərini vermədiklərini iddia edəndə klassik ənənələrinə sadiq qalaraq həqiqəti söyləməyiblərsə, bu da onları məsuliyyətdən azad etmir. Əgər belədirsə, Ermənistanın işğal prosesinin başlandığı ilk günlərdən yeganə məqsədinin Azərbaycanı tamamilə məhv etməkdən ibarət olduğu və Rusiyanın da bunu bildiyi halda Ermənistana belə bir imkan yaratdığı bir daha öz təsdiqini tapır.
Bu qədər… “Atan kazaklardır”, atam, atam, kazaklar…
Elçin Mirzəbəyli