“BakuBus”un qəza çəkici oğurlandı – VİDEO
Bir qrup şəxs əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicini oğurlayıb.
“BakuBus” MMC-dən Aktor.Az-a verilən məlumata görə, hadisə 06.02.2018-ci il tarixində saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə “28 May” m/s-dan “Azadlıq” m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus “99JX-116” dövlət qeydiyyat nişanlı avtobus Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib.
Videogörüntüdən aydın olur ki, üzlərinin kameraya düşməməsi üçün gediş haqqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olur. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayır, daha sonra isə onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün yanlarında götürdükləri kəsici alətlə simi kəsməyə başlayırlar. Öz istəklərinə nail olduqdan sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşırlar.
Həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün tərəfimizdən zəruri hüquqi prosedurlar həyata keçirilir.
“BakuBus” MMC bildirir ki, ictimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara biganə qalmamalı, öz vətəndaş mövqeyini nümayiş etdirməlidir. İstənilən sərnişin avtobusda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, ictimai mənafeyə zidd və ya asaişi pozan hərəkətlərə yol verdiyini müşahidə edərsə, dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidir. Təcrübə göstərir ki, bir və ya bir neçə sərnişinin vaxtında müdaxilə etməsi, vətəndaş mövqeyini ortaya qoyması baş verəcək xoşagəlməz hadisələrin əvvəlcədən qarşısını alır.