Erməni muzdlularla bağlı erməni həyasızlığı və məntiqsizliyi… – Elçin Mirzəbəyli yazır
Ermənistan hərbi birləşmələrinin tərkibində Azərbaycan Ordusuna qarşı döyüşən xarici ölkə vətəndaşlarının – muzdlu müharibə cinayətkarlarının ölkəmizin müvafiq qurumları tərəfindən hüquqi müstəvidə təqib edilmələri məğlub ölkənin və onun məğlub diasporunun narahatlığına səbəb olub. Fransada nəşr olunan nüfuzlu “General de Europe” jurnalında bu ölkənin dövlət qurumlarının Azərbaycan Ordusuna qarşı, Azərbaycan torpaqlarında döyüşən Fransa vətəndaşları ilə bağlı araşdırmalara başlaması barədə yayımlanan məqalə bu narahatlığı daha da gücləndirib.
Ermənistanın və erməni diasporunun “media” adlandırılan təbliğat-təxribat resursları Azərbaycanın muzdlularla bağlı 19 ölkəyə müraciət üçün bütün resurslarını mobilizə etdiyini bildirirlər. Onların qənaətinə görə, “Azərbaycan başqa ölkələrin vətənpərvər vətəndaşlarının izinə düşüb və erməni diasporunun nümayəndələrini təqib edir”. Əslində bu cümlənin hər sözündən klassik erməni həyasızlığının və məntiqsizliyinin izləri açıq-aşkar nəzərə çarpır.
Azərbaycan başqa ölkələrin vətənpərvər vətəndaşlarını hansı səbəblərdən təqib etməlidir? Yəni ortalıqda olduqca sadə, bəsit və eyni zamanda dəmir məntiqlə yanaşılmasına ehtiyac duyulan bir mənzərə var: Xarici ölkələrin vətəndaşları, hətta milliyyətcə erməni olsalar da belə, Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşüblər və müharibə cinayətləri törədiblər. Əgər bu şəxslər vətəndaşları olduqları ölkələrin hərbi birləşmələrinin nəzdində bu və ya digər ölkəyə, xüsusilə işğalçı ordulara qarşı döyüşsəydilər, o zaman onlara vətənpərvər demək olardı. Amma, məsələn, Fransa vətəndaşı olan ermənilər, yaxud qeyri-ermənilər başqa bir ölkənin hərbi birləşmələrinin, işğalçı ordusunun, yaxud “könüllü” dəstələrin tərkibində döyüşüblərsə, o zaman onların bütün dillərə tərcümədə eyni mənanı verən bir adı var – MUZDLU!
Erməni mətbuatı, abrına kor olub qısılmaq əvəzinə, hətta muzdluları hazırda işğaldan azad edilmiş Azərbaycan ərazilərində, həm də silahlı, hərbi geyimdə fotoşəkillər və videogörüntülər paylaşdıqlarına görə qınamağı da unutmur. Onların qənaətinə görə, bu fotoşəkillər və videogörüntülər muzdlularla bağlı Azərbaycan tərəfinə tutarlı faktlar verir. Nəticədə isə “vətənpərvər” muzdlular hüquqi müstəvidə təqib olunmalarına zəmin yaradırlar. Yenə də eyni mənzərə və eyni klassik, “təkrarsız” erməni həyasızlığı və məntiqsizliyi… Yəni əgər bu “vətənpərvər” muzdluların əməllərində hər hansı bir cinayət tərkibi yoxdursa və onlar heç bir hüquq pozuntusuna yol verməyiblərsə, o zaman Azərbaycan torpaqlarında legitim Azərbaycan hərbi birləşmələrinə qarşı döyüşdüklərini sübuta yetirən foto və video görüntüləri paylaşmaqdan, bu barədə açıq şəkildə danışmaqdan niyə çəkinməlidirlər? Yəni, əslində bu kütbeyin, böhtançı və hiyləgər tayfanın təbliğat-təşviqat ruporları “vətənpərvər” deyə öydükləri muzdluların qanunazidd əməllərə yol verdiklərini anlaya bilirlər, amma uzun illərdən bəri bu qəbildən olan əməllərinə yaşadıqları ölkələrin təhlükəsizlik orqanları və hüquq sistemi tərəfindən geosiyasi maraqlar müstəvisində göz yumulduğu üçün yeni reallığın və məğubiyyətin diqtə etdiyi şərtlərlə barışa bilmirlər. Təsəvvür edək ki, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edən Fransa vətəndaşları ilə bağlı bu ölkənin müvafiq məhkəmə instansiyasında araşdırma aparılır. Azərbaycan tərəfi haqlarında məhkəmə istintaqı aparılan şəxslərin muzdlu döyüşçü olduqlarını sübuta yetirən bütün faktları təqdim edib. O zaman erməni, yaxud fransız tərəfinin arqumenti nədən ibarət olacaq? Nə deyib də bu muzdlu qatilləri müdafiə edəcəklər? Deyəcəklər ki, onlar işğalçı ordunun tərkibində, Azərbaycan torpaqlarında “öz vətənləri”ni müdafiə etmək, qorumaq üçün döyüşüblər? Axı bu adamların vətəni Ermənistan yox, Fransadır. Onlar Fransa vətəndaşlarıdır və təbii ki, milli mənsubiyyətlərindən asılı olmayaraq, yalnız və yalnız Fransanın maraqlarından çıxış etməli, bu ölkənin qatıldığı hərbi əməliyatlarda və Fransız ordusunun əsgəri, yaxud zabiti kimi iştirak etməlidirlər. Bu dəmir həqiqətə qarşı irəli sürülə biləcək iddiaların isə, olduqca sadə bir sualqarışıq cavabı var: Ərəb ölkələrində baş verən müharibələrdə müxtəlif hərbi birləşmələrin tərkibində döyüşən ərəb, yaxud fransız əsilli Fransa vətəndaşları ilə erməni əsilli Fransa vətəndaşları arasındakı fərq nədən ibarətdir? Necə olur ki, Liviya, Suriya, İraq və digər ölkələrin ərazində baş verən müharibələrdə qanunsuz olaraq, başqa dövlətin ordusunun, yaxud qanunsuz hərbi birləşmələrin, terror təşkilatlarının tərkibində iştirak edən qeyri millətlərin nümayəndələri Fransada hüquqi müstəvidə təqib edilir, cinayət məsuliyyətinə cəlb olunurlar, amma eyni əməli törədən erməni əsilli Fransa vətəndaşları yox…
Bu baxımdan, vəziyyəti qismən də olsa dəyərləndirməyi bacaran Ermənistan təmsilçiləri, yaxud erməni diasporunun nümayəndələri, konkret halda Fransanın çətin durumda olduğunu və muzdlulara görə cavab vermək lazım gələcəyini də vurğulayırlar. Yəni Ermənistanda və diaspor nümayəndələri arasında artan narahatlığın ciddi əsasları var və şübhəsiz ki, Azərbaycan tərəfinin hüquqi müstəvidə atdığı addımlar öz nəticəsini verməkdədir.
… Muzdluların “vətənpərvər” kimi təqdimatına gəldikdə isə, dünyanın heç bir ölkəsində insanların cinayət əməllərinə onların “vətənpərvər”, yaxud qeyri-vətənpərvər olduqlarına görə qiymət verilmir. Hüquqi müstəvidə hər şeyin və hər kəsin adı olduğu kimi çağırılır. Nümunə üçün deyirəm: Əgər Livan vətəndaşı Ermənistanın hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak edibsə, deməli o, müzdludur, qatildir, cinayətkardır. Vəssalam!
Elçin Mirzəbəyli