GündəmİqtisadiyyatManşetMüsahibəSiyasətXəbər xətti

Qüdrət Həsənquliyev:“İqtidar islahatların həyata keçirilməsini sürətləndirməlidir”- MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:

 

– Qüdrət bəy, Milli Şura Birinci vitse-prezident Mehriban xanım Əliyevanın YAP-da birinci müavin təyin olunmasını top-tüfənglə qarşıladı. Sizin bu məsələyə münasibətiniz necədir?

– Bu, Yeni Azərbaycan Partiyasının daxili işi olsa da, qeyd etməliyəm ki, hər kəs bu təyinata münasibət bildirə bilər. Mehriban xanımın 2017-ci ildə Birinci vitse-prezident təyin olunması hökumət daxilində sabitliyin daimiliyını təmin edən ciddi faktora çevrildi, o cümlədən xalqın gözlədiyi dəyişikliklərə yol açdı. Ümid edirəm hakim partiyada da onun təyinatı partiyadaxili sabitliyə, canlanmaya və ümumən ölkəmizdə siyasi sistemin inkişafına töhfə verəcəkdir.

– Son vaxtlar bəlli düşərgənin bəzi təmsilçiləri xalqımızı, onların çağırışlarına cavab verib küçələrə tökülmədiyi üçün, təhqir edib aşağılamaqdan belə çəkinmirlər. Bu barədə nə deyə bilərsiniz?

– Xalqı heç vaxt nəyə görəsə qınamaq və ya təhqir etmək olmaz. Bunu edənlər ədəbsiz və savadsız insanlardır. Siyasətçilər öz fəaliyyətlərini xalqın sosial inkişaf səviyyəsinə görə qurmalıdırlar. Kimsə bunu başa düşmürsə bu onun problemidir. Hələ 20 il öncə mən deyəndə ki, cəmiyyətimizdəki bütün nöqsanlara görə iqtidarı günahlandırmaq olmaz və biz Qərb standartlarına uyğun cəmiyyət qurmaq istəyiriksə əvvəlcə həmin cəmiyyəti quracaq insanları hazırlamalıyıq. Buna görə radikallıqdan imtina edib azsaylı tərəfdarlarımızı mərhumiyyətlərlə üz-üzə qoymamalı,iqtidarla əməkdaşlıq edib, təlatümlərsiz cəmiyyətin inkişafına nail olmalıyıq. O zaman mənə hücum edirdilər ki, yox, xalqımız demokratik cəmiyyət qurmağa hazırdı,amma iqtidar imkan vermir. Baxmayaraq ki, Milli Azadlıq hərəkatının lideri Elçibəy də deyirdi ki, elə məsələlər var ki, onun həlli zamana bağlıdır. 20 ildən sonra mən deyəni deyəsən başa düşüblər. Amma onları cəmiyyətin inkişafı yox, hakimiyyətə gəlmək düşündürür. Ona görə də hikkələrindən onları müdafiə etməyən xalqı təhqir edirlər. İstəyirəm xalqımız bilsin ki, biz hamımız yüksək standartlara cavab verən cəmiyyət qurmağa hazır olmayana qədər hakimiyyət dəyişikliyi yaxşı mənada mövcud problemlərin qalmasına, pis variantda isə ölkəmizdə sabitliyin pozulub əldə olunanların itirilməsinə səbəb olacaq. Həm keçmişdə yaşadıqlarımız,həm dünya təcrübəsi bunu təsdiq edir. Əvvəllər söylədiklərimi bir daha təkrar edirəm, hazırda ölkəmizin xoşbəxt gələcəyi hakimiyyət dəyişikliyində yox, yuxarıdan islahatlar yolu ilə cəmiyyətin inkişafına nail olmaqdadır. Mövcud daxili və xarici siyasi konyukturanı, beynəlxalq və regional vəziyyəti təhlil edərək əminliklə deyirəm ki, hazırda qansız-qadasız bu islahatları yalnız İlham Əliyev həyat keçirə bilər. Kimsə İlham Əliyevi sevməyə bilər, amma ölkəmizin və xalqımızın mənafeləri üçün islahatların genişləndirilməsi naminə onu müdafiə etməlidir.

– Qüdrət bəy, bəzilərinin dediyi kimi ,ölkədə sabitliyin pozulması təhlükəsi varmı?

– Bizim kimi ölkələrdə sabitliyin pozulması üçün iki mühüm faktor birlikdə olmalıdır. Birincisi xalq hakimiyyət dəyişikliyində maraqlı olmalıdır. Xalq deyəndə bitərəfli, iqtidarlı-müxalifətli çoxluğu nəzərdə tuturam.İkincisi ölkəmizə təsir imkanları olan böyük güclər də bunu istəməli və xalq bunu açıq -aydın hiss etməlidir. Söhbət çevriliş etmək istəyən qüvvələrə maliyyə və beynəlxalq siyasi dəstək verilməsindən gedir.

Hazırda bu iki faktorun heç biri yoxdur. Xalqımız bütün mövcud problemlərə baxmayaraq Prezident İlham Əliyevi dəstəkləyir, ona Qarabağı işğaldan azad edən Ali Baş Komandan kimi rəğbət bəsləyir və onların həyatını yaxşılaşdıracaq islahatları həyata keçirəcəyinə inanır. Bundan başqa ictimai təhlükəsizlik və dövlət təhlükəsizliyi DİN və DTX tərəfindən ciddi şəkildə qorunur, təxribatlar üçün hər hansı imkan və şərait yoxdur. Eyni zamanda bölgəyə təsir imkanları olan heç bir ölkə Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyil. Ona görə sabitliyi pozacaq heç bir real şərait yoxdur və sabitliyi xalqımız göz bəbəyi kimi qorumalıdır. Yeri gəlmişkən onu da deyim ki, bu vəziyyət islahatlar davam etməyəcəyi təqdirdə əbədi qalmayacaq, ona görə iqtidar arxayınlaşmamalı, islahatların həyata keçirilməsini sürətləndirilməlidir.

– Türkiyədə Rusiyanın inşa etdiyi Akkyu AES-in 3-cü blokunun təməlqoyma mərasimində hər iki ölkə prezidentinin çıxışını necə qarşıladınız?

– Türkiyə-Rusiya münasibətləri inkişaf edir və bu bizi sevindirir. Bölgədə inkişaf və təhlükəsizlik əhəmiyyətli dərəcədə bu iki ölkənin münasibətlərinə bağlıdır. Hər iki ölkə bir-biri üçün keçilməz tərəfdaşa çevrilməkdədir. Belə bir vəziyyət həmin ölkələrlə strateji münasibətləri olan Azərbaycanın da mövqelərini gücləndirir, ölkəmizin nəqliyyat habına çevrilməsinə, iqtisadi inkişafına və ərazisi üzərində suveren hüquqlarını bərpa etməyə geniş imkanlar yaradır. Türkiyənin Rusiya ilə əlaqələrinin inkişafı Qərbə qarşı yönəlməsə də, bəzi dairələr bunu qıcıqla qarşılayır, Türkəyini sanksiyalarla hədələyirlər. Türkiyə isə NATO üzrə öhdəliklərinə sadiq olduğunu və Qərbə inteqrasiya siyasətindən imtina etmədiyini bəyan etməklə öz dövlət maraqlarından çıxış edir, onunla hədə dili ilə danışmağın heç bir perspektivinin olmadığını bəyan edir. Qərb qapılarını Türkiyənin üzünə açmağa hazır olmadığından Türkiyə haqlı olaraq Rusiya daxil Şərq ölkələri ilə əməkdaşlığın daha perspektivli olduğu qənaətinə gəlib. Hazırda Türkiyə iqtidarı çox çevik siyasət yürüdə bilir və əminəm ki, yaxın gələcəkdə dünyanın siyasi xəritəsini cızan lider ölkələrdən birinə çevriləcəkdir.