Transxəzər Fiber Optik Kabel Xətti layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” tədbirində vurğulanıb – FOTOLAR
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin icra etdiyi Xəzərin dibi ilə Azərbaycanla Qazaxıstan arasında dənizaltı infrastruktur layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” mövzusunda işgüzar görüşdə müzakirə olunub.
Qazaxıstanın Bakıdakı Səfirliyində təşkil olunmuş işgüzar görüş çərçivəsində iki ölkə arasında müasir iqtisadi prioritetlər, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, onların post-pandemiya dövründə inkişaf perspektivləri müzakirə edilib.
AzerTelecom şirkətinin Direktorlar şurasının sədri Fuad Allahverdiyev tədbirdə çıxış edərək Azərbaycanla Qazaxıstanın İKT və telekommunikasiya sektorlarının inkişafına töhfə verəcək Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilməsi və bu layihənin imkanları barədə danışıb.
Fuad Allahverdiyev bu layihənin ümumilikdə regionda İKT sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirməsinə töhfə verəcəyini bildirib, layihənin icrası üçün dövlətlərarası sazişin imzalandığını qeyd edib, layihənin iqtisadi və texniki imkanları barədə danışıb. O, bu layihə ilə Avropa ilə Asiya arasında Azərbaycan və Qazaxıstan vasitəsilə “Rəqəmsal İpək Yolu”nun qurulması imkanının formalaşacağını vurğulayaraq, dənizaltı magistral fiber-optik kabel xətti sayəsində Orta Asiya və ətraf region ölkələrinin bağlantı xidmətlərinə olan ehtiyaclarının təmin olunacağını qeyd edib.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, iki ölkənin dövlət sektorunun, işgüzar dairələrinin və milli şirkətlərinin nümayəndələri Azərbaycan və Qazaxıstanın işgüzar dairələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi barədə danışıblar. İşgüzar görüşdə iki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üçün yeni perspektivlər və imkanlar barədə məzmunlu fikir mübadiləsi baş tutub.
AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.