Konstitusiya dəyişdirilsin, Milli Məclis buraxılsın və…
Yeni Azərbaycan Partiyasında Əli Əhmədov erası bitdi artıq. Dünəndən onun vəzifəsi – icra katibliyi ləğv edildi. Əli Əhmədova YAP sədrinin müavini – nominal bir vəzifə etibar edildi. YAP-da 1-ci müavin vəzifəsi də təsis edildi və bu vəzifəyə haqlı, həm də layiq olaraq Mehriban Əliyeva uyğun görüldü.
Bundan sonra YAP-ın əsas rəhbəri də elə Mehriban Əliyeva olacaq. Çünki YAP sədri, Prezident İlham Əliyev Azərbaycanın onsuz da aşıb-daşan çoxsaylı məsələlərilə məşğul olması üzündən partiyaya çox da vaxt ayıra bilməyəcək. Düzdür, Mehriban Əliyevanın da iş qrafiki zəngindir, amma Prezidentlə müqayisədə onun YAP-a ayırmağa vaxtı bir az çox olacaq.
Eyni zamanda YAP-da ləğv edilmiş icra katibliyi yerinə mərkəzi aparat gündəlik fəaliyyətə cavabdeh olacaq. Bu quruma rəhbərliyi isə çox yaşlı olmasa da təcrübəli YAP-çı olan Tahir Budaqova həvalə etdilər. Bioqrafiyası zəngindir. Həm dövlət işləri baxımından, həm də partiya. O baxımdan işinin öhdəsindən gələ biləcəyi şübhə doğurmur.
YAP-da əsən bu dəyişim rüzgarlarını ölkədə aparılan islahatların inikası kimi də qəbul edə bilərik. Nəzərə alsaq ki, dövlət sektorunda aparılan islahatlar ciddi uğurlarla müşayiət olunur, YAP-dakı islahatların da eyni dərəcədə uğur qazanacağını indidən deyə bilərik. Üstəlik nəzərə alaq ki, bu islahatların başında həm də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva gəlir. O, Prezident İlham Əliyevlə çiyin-çiyinə Azərbaycanın bu yerlərə gəlib çıxmasına əvəzedilməz töhfələr verməyi bacarmasıyla nəinki ölkəmizdə, ondan kənarda da diqqət cəlb etməkdədir.
Belə bir şəraitdə prosesi tamamlamaq üçün tək bir məsələ qalır: Milli Məclisin hazırda nə islahatlara, nə də İlham Əliyevlə Mehriban Əliyevanın çevik dövlət idarəetməsi ruhuna uyğun gəlməyən tərkibi. Onları da artıq yola salmaq, Azərbaycanın daha sürətli inkişafına nail olmaq üçün təcrübəli, bacarıqlı, çevik xadimlərdən ibarət Milli Məclis formalaşdırmaq işin məntiqi yekunu olacaq.
Bu arada Konstitusiya referendumu da keçirməyə zərurət yaranıb. Gec-tez buna da gediləcəyini nəzərə alaraq bir təklif də biz verək: prezident seçkisini birbaşa deyil, Milli Məclis üzərindən keçirmək üçün dəyişiklik edilsin. Bu, həm vaxta, həm də ciddi maliyyə məbləğinə qənaət demək olardı. Həm də nəzərə alaq ki, Milli Məclisi onsuz da xalq seçirsə, xalqın seçdiklərinin prezident seçmə səlahiyyəti niyə olmasın?
Azər Həsrət,
Xaçmaz, Dədəli kəndi