Elmar Hüseynovun ölümündən 16 il keçir
Martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölümünün 16 ili tamam olur.
O, evinin pilləkanında tapançadan açılan yeddi güllə ilə öldürülüb. Araşdırmaya cəlb olunan Türkiyəli müstəntiqlər bildiriblər ki, hüquq-mühafizə orqanları işçilərinin timsalında cinayətkar qrupun törətdiyi cinayətin üstünü açıblar. Lakin hakimiyyət bildirib ki, qətli Gürcüstandan olan etnik azərbaycanlılar Tahir Xubanov və Teymuraz Əliyev törədiblər.
İstintaq bildirir ki, İnterpol vasitəsilə həmin şəxslərin barəsində axtarış elan edilib, lakin Gürcüstan hakimiyyəti bunu təkzib edib. Faktiki olaraq, iş durdurulub və heç kim sözügedən şəxsləri axtarmayıb.
Həmin vaxt DİN-in polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun qətldə əli olması haqda versiya var. O, çoxsaylı qətl və adam oğurluğu hallarına görə həbs olunub, ömürlük mühakimə edilib. Sonradan həbsxanada vəfat edib.
“Monitor” jurnalı hakimiyyətə qarşı kəskin tənqidi mövqe tutaraq klançılıq, korrupsiya, səmərəsiz idarəetmə, insan hüquqları və azadlıqların pozulması problemlərini ortaya qoyurdu. Elmar Hüseynov hakimiyyətin yüksək eşelonlarından hədələrə və tənqidə son qoyulması ilə barədə tələblərə məruz qalırdı.
Bu gün Turan agentliyi Elmar Hüseynovun məzarının önünə gül dəstəsi qoyaraq onun cəsarətinə və işinə sadiqliyinə öz töhfəsini verib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşəbbüsü ilə bu gün saat 19.30-dan 21.00-dək Elmar Hüseynovun ölümünün növbəti ildönümünə həsr olunmuş “Elmara ədalət!” adlı virtual konfrans keçiriləcək. Konfrans Youtube və Facebook-da canlı yayımlanacaq.(turan.az)