ManşetMediaSiyasətXəbər xətti

İrandan jurnalistlə bağlı AÇIQLAMA

“İran və Azərbaycan arasında bu gün bölgədə misli görünməmiş yaxınlaşma mövcuddur. Əlbəttə, qədim müştərək tarix və oxşarlıqlar, eləcə də qarşılıqlı potensialı nəzərə alsaq, bu elə belə də olmalıdır. İki ölkə arasında əlaqələr inkişaf tempi üzrə qurulub”.

Bunu İranın İslami İrşad və mədəniyyət nazirinin mətbuat məsələləri üzrə müavini Məhəmməd Xudadi deyib.

İran və Azərbaycanı iki dost və qonşu ölkə adlandıran M.Xudadi iki ölkə arasında əlaqələrin iqtisadi, siyasi və ictimai sahədə yüksək səviyyədə olduğunu vurğulayıb.

 

İki ölkənin mətbuat sahəsində də əməkdaşlığını inkişaf etdirmək üçün geniş imkanların olduğunu vurğulayan M. Xudadi qeyd edib ki, “mətbuat sahəsində bizim əsas vəzifəmiz əlaqələrin artırılması və ikitərəfli münasibətlərdə hər növ anlaşılmazlıqları azaltmağa yönəlməlidir”.

İran rəsmilərinin Dağlıq Qarabağ məsələsi ilə bağlı son açıqlamalarına toxunan M.Xudadi qeyd edib ki, İranın bu məsələ haqqındakı mövqeyi həm Ali Rəhbərin, həm Prezidentin, həm XİN rəhbərinin və həm də Azərbaycana qonşu olan əyalətlərdə İmam Cümələrin mövqeyində əksini tapıb və bu bölgədə olan həqiqətlərin hərtərəfli müdafiə edilməsini göstərir: “İran xalqı həmişə Azərbaycan xalqının yanında olub və bu bir strateji qərardır ki, həmişə rəsmi mövqe göstərən zaman açıq elan olunub”.

M.Xudadi qeyd edib ki, KİV-in vəzifəsi şəffaflıq və dostluq yaratmaq, anlaşılmazlıqlara aydınlıq gətirməkdir: “Mən azərbaycanlı həmkarımı İrana səfər etməyə rəsmi şəkildə dəvət etmişəm, özüm də hazıram ilk fürsətdə Bakıya səfər edim, necə ki ötən ay Türkiyəyə səfər etmişdim. İranla Azərbaycan arasında əlaqələr çox dərin və zəngidir. Hər hansı sual və ya xəbər bu əlaqələrə kölgə sala bilməz. Əlbəttə, Azərbaycan və İran xalqının həmrəyliyini istəməyən müxalif qüvvələr var. Həmişə kimlərsə iki ölkənin əlaqələrinin yaxınlaşmasından özünə təhlükə hiss edirlər”.

O bildirib ki, bəzi KİV ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərdiyi halda, bəziləri də əlaqələri korlamağa çalışır: “Azərbaycan və İran arasında əlaqələrin dərin və qədim keçmişə əsaslanmasını nəzərə alaraq düşünmürəm ki, həmin cərəyanlar iki ölkənin əlaqələrinə ziyan vura bilsin. Biz ölkənin KİV-i üzrə məsul şəxs kimi, Azərbaycan hökumətinə müxalif KİV-in ölkəmizdə fəaliyyətinə icazə verməmişik, Azərbaycandan da həmişə bunu gözləyirik”.

Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransında iranlı jurnalistin sualı ilə bağlı baş verənlərə toxunan M.Xudadi qeyd edib ki, jurnalistin sualı İranın mövqeyi deyil: “İranın mövqeyini bir jurnalist və ya bir mətbu orqanı bəyan etmir. Jurnalistlər öz baxışlarını və aid olduqları mətbu orqanın baxışlarını təmsil edirlər. İranın mövqeyi dövlətin və müxtəlif rəsmilərin Azərbaycan haqqında verdiyi açıqlamalardır”.

M. Xudadi bildirib ki, İran KİV-i Azərbaycanla həmrəy, İran Azərbaycanla dostluğa sadiqdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında iranlı jurnalistə qərəzli sualına görə irad bildirib.

İranın “Mehr” xəbər agentliyinin əməkdaşının İkinci Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların mövcudluğuna dair əsassız, heç bir mənbəyə əsaslanmayan sualı ilə bağlı Azərbaycan Prezidenti bildirib ki, deyilən sözün, ittihamın arxasında durmaq lazımdır. Dövlət başçısı jurnalistə spekulyasiya ilə məşğul olmamağı, belə şayiələr yayarkən daha məsuliyyətli olmağı tövsiyə edib.(apa.az)