GündəmManşetSiyasətVideo xəbərXəbər xətti

ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO

ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam edir. Qurumun 3 Daimi
Komitəsinin bu gün keçirilən birgə iclası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri,
Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış etdi (https://www.youtube.com/watch?v=aSFK-Z8tty0).

Azay Quliyev qeyd etdi ki, sabah Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu
ildönümünü qeyd edəcəkdir.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirdi ki, 26 fevral 1992-ci ildə Ermənistan
silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qırğın törətdi. Bu
dəhşətli soyqırımı aktı nəticəsində, yalnız etnik mənşəyinə görə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla
ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib.
Bu günə qədər 16 dövlət və 22 ABŞ ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır və
bu rəqəm ilbəil artmaqdadır.
ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan Baş Prokurorluğu
bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut və dəlilləri toplayıb, lakin təəssüf ki,
beynəlxalq dəstəyin olmaması səbəbindən bu şəxslər cəzasız qalmaqla yanaşı, həm də yaxın keçmişə kimi
Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.
Yekunda Azay Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i və digər müvafiq beynəlxalq qurumları bu soyqırımı
aktını pisləməyə və bu cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz
naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırdı.
Amerika Birləşmiş Ştatlarının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Benjamin Kardinin
ATƏT-in Minsk Qrupunun gələcək işinin mümkün istıqamətlərinə dair sualına cavab olaraq Azay Quliyev bildirdi
ki, həmsədrlərin fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik və
əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir. Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən
sonrakı bərpa və yenidənqurma səylərinə yardım və dəstəyini səfərbər etməlidirlər.