Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində – FOTO
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün nəzərdə tutulmuş “Qış məktəbi” yenidən fəaliyyətə başlayıb.Universitetdən Aktor.Az-a verilən məlumata görə, bu gündən başlayaraq Rusiyanın Voronej, Tambov və Kuban Dövlət Universitetində təhsil alan 43 tələbə AzMİU-nun “Qış məktəbi”ndə oxuyacaq. Fevralın 6-dan 22-nə qədər davam edəcək layihədə tələbələr 3 qrup şəklində AzMİU-nun Memarlıq fakültəsində keçirilən ixtisas dərslərində iştirak edəcəklər. Layihənin ilkin mərhələsində universitetin qonaqları Rusiyanın Voronej və Kuban Dövlət universitetlərinin 3 müəllimi və 23 tələbəsi olub.
Gələn qonaqları salamlayan universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev onları universitetdə görməkdən məmnun olduğunu deyib. Rusiyalı tələbələrə AzMİU-nun tarixi, keçdiyi inkişaf mərhələsi, tələbə şəhərciyi, fakültə və ixtisasları, müəllim-professor heyəti, əcnəbi tələbə kontingenti, laboratoriyaları barədə məlumat verən şöbə müdiri universitetin nəzdində fəaliyyət göstərən lisey və kollecdən də danışıb. O, çıxışında universitetin bakalavr və magistr pillələrində dünyanın ən qabaqcıl universitetləri ilə ikili diplom layihələrini həyata keçirdiyinə, universitetin beynəlxalq tədbirlərə ev sahibliyi etdiyinə də toxunub.
Sonra tələbələr AzMİU-nun Memarlıq fakültəsində olublar. Fakültənin dekanı Zahidə Məmmədova rusiyalı tələbələrə fakültə, ixtisaslar, burda keçirilən dərslər barədə məlumat verib, onları fakültə tələbələrinin memarlıq və dizayn işlərinin sərgiləndiyi stendlərlə tanış edib.
Universitetlə tanışlıqdan sonra tələbələr fakültənin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru Raihə Əmənzadənin “Orta əsrlərdə Azərbaycanda monumental islam memarlığı” mövzusunda mühazirəsini dinləyiblər.