Vəkilovdan Ankara bələdiyyəsinə çağırış: Ədaləti bərpa edin!
Azərbaycanın tanınmış hüquqşünası, məşhur Vəkilovlar nəslindən olan Səməd Vəkilov Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mənsur Yavaşa açıq müraciət ünvanlayıb.
Kult.az xəbər verir ki, S.Vəkilov Azərbaycan və Türkiyə cümhuriyyətlərində müstəsna xidmətləri ilə tarixə düşən Əhməd bəy Ağaoğlu ilə bağlı ədalətsizliyin aradan qaldırılmasına çağırış edib.
Səməd Vəkilov müraciətində yazıb:
“Türkiyə siyasi elitasına daxil olmuş Ağaoğlu ailəsinin Türkiyə Cümhuriyyəti həyatında müstəsna xidmətləri olmuşdur. Türkiyə Cümhuriyyətinin hüquq məktəbinin yaradıcılarından biri olan böyük mütəffəkir Əhməd bəy Ağaoğlunun qardaş ölkənin Konstitusiya quruluşunun formalaşmasında, hakimiyyət bölgüsü nəzəriyyəsinin hazırlanmasında da böyük xidmətləri var.
Türkiyədə mətbuat sahəsində ilk quruculardan olan Ağaoğlu bir neçə dəfə Türkiyə Böyük Millət Məclisinin millət vəkili olmuş, “Anadolu” ajansının qurulmasında çox mühüm rol oynamışdır. Bütün fəaliyyəti boyu türk dünyasının maariflənməsi, hüququn aliliyinin təmin olunduğu bir cəmiyyət qurulmasına çalışan Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə xalqlarının ortaq dəyəridir.
Ə.Ağaoğlunun övladları – Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, Türkiyənin ilk mühəndislərindən olan Tezer Ağaoğlu, Türkiyədə nazir vəzifəsinə qədər yüksəlmiş Səməd Ağaoğlu da Türkiyə ictimai-siyasi həyatının ayrılmaz bir parçasına çevrilmişdir.
Təbii ki, Azərbaycan-Türkiyə xalqlarının ortaq dəyəri olan Əhməd bəy Ağaoğluya hər iki ölkədə böyük ehtiram bəslənməkdədir.
Vaxtilə Türkiyənin paytaxtı Ankaranın küçələrindən biri Əhməd bəy Ağaoğlunun adını daşıyırdı. Lakin təəssüflər olsun ki, 1976-cı ildə birdən-birə, müəmmalı şəkildə Ağaoğlunun adını daşıyan Çankaya “Ağaoğlu sokağı” heç bir anlam daşımayan “Viyana sokağı”na dəyişdirilmişdir.
Ağaoğlu ailəsinin ünlü ismi, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu dövrün iqtidar partiyasının rəhbəri Bülənd Əcəvitə rəsmi məktubla müraciət edərək, Ə.Ağaoğlunun adının Ankarada küçədən götürülməsinin səbəbini soruşsa da, onun məktubuna cavab verilməmişdir. Eyni zamanda o dövrün Ankara bələdiyyə sədri Vedat Dalakaya müraciətlər də heç bir nəticə verməmişdir.
Böyük mütəffəkirin oğlu Səməd Ağaoğlu “Tərcüman” qəzetində o dövrün bələdiyyə başkanı Dalakaya “Sizin istədiyiniz rejim gəldiyi gün Atatürk caddəsinin də adını dəyişəcəkdir” deyə söyləmişdir. Lakin bütün bu cəhdlərin heç bir nəticəsi olmamışdır.
Sonradan CHP baş katibi Orxan Eyyuboğlu Ağaoğlu ailəsinə göndərilən məktubunda Ə.Ağaoğlunun Türkiyə Cümhuriyyəti üçün etdiyi xidmətləri vurğulayaraq, ilk fürsətdə onun adının Ankaranın küçələrindən birinə veriləcəyini bildirmişdir. Lakin bu tarixdən əlli ilə yaxın vaxt keçsə də, bu “fürsət” hələ də yetişməmişdir.
Hesab edirəm ki, tarixi ədalətsizlik aradan qaldırılmalı və Türkiyə və Azərbaycan xalqlarının ortaq dəyəri olan Əhməd bəy Ağaoğlunun adına olan küçə yenidən öz adına qaytarılmalıdır.
Odur ki, Ankara Böyükşəhər Bələdiyyə başkanı hörmətli Mənsur Yavaşa müraciət edərək, bu tarixi ədalətsizliyə son qoymasını xahiş edirəm”.