Sapı özümüzdən olan baltalar
44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması, işğal altında olan torpaqlarımızın tam azad edilməsi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət və qüdrətli ordu strategiyası, milli birlik və hərbçilərimizin ruh yüksəkliyi idi. Azərbaycan döyüşlərdə ən müasir silahlardan istifadə etməklə həm işğal altındakı ərazilərimizi azad etdi, həm də düşmənin bütün hərbi texnikasını və canlı qüvvəsini darmadağın etdi. Nəticədə beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində gerçəkləşdirdi.
Sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın illərlə qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Düşmənin kapitulyasiya aktına imza atmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa yolu qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin hələ ilk günlərindən irəli sürdüyü şərtlərlə razılaşmağa məcbur oldu.
Heç şübhəsiz ki, müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri idi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. Lakin təəssüflər olsun ki, “sapı özümüzdən olan baltalar” öz şəxsi maraqlarını xalqın mənafeyindən üstün tutaraq bu şanlı qələbəmizə kölgə salmağa çalışırlar. Sosial şəbəkələrdə çirkli kampaniya apararaq Ordumuza rəhbərlik edən şəxslərə qara yaxırlar. Qələbəmizə kölgə salmaq, insanlarda çaşqınlıq yaratmaq üçün xüsusi canfəşanlıq göstərən bu bir qrup antimilli ünsürlər düşmən dəyirmanına su tökürlər. Guya dövlət başçısının Müdafiə nazirimizin fəaliyyətindən narazı olduğunu, bununla əlaqədar Orduda təmizləmə işlərinin həyata keçirilildiyi və s. kimi həqiqəti əks etdirməyən fikirlər səsləndirilər. Bunu təsdiq etmək üçün isə 44 günlük Vətən müharibəsi dövründə Müdafiə nazirimizin ictimaiyyət arasında tez-tez görünmədiyini əsas gətirirlər. Həmin antimilli ünsürlərə üzümü tutub ilk növbədə bildirmək istəyirəm ki, Prezidetn fəaliyyətindən narazı olduğu məmurların adlarını açıq-aşkar səsləndirməkdən heç zaman çəkinməyiblər. Dövlət başçımızın son çıxışlarına nəzərə salsanız onun hansı məmurların fəaliyyətindən narazı olduğunu görərsiniz. Cənab İlham Əliyev nə Vətən müharibəsi dövründə, nə də sonrakı dövr ərzində Müdafiə naziri Zakir Həsənovun işindən narazı olması ilə bağlı heç bir fikir səsləndirməyib. Əksinə Orduda həyata keçirilən islahatları yüksək qiymətlənmdirib, əldə olunan Qələbənin əsas qəhrəmanının məhz əsgər və zabitlərimiz olduğunu vurğulayıb. Müharibə dövründə Zakir Həsənovun göz önündə olmamasına gəlincə, bu normal haldır. Müharibə şəraitində yaşayan bir dövlətin Müdafiə nazirinin dəqiqə başı ictimaiyyət arasına çıxmağa, müsahibələr verməyə, gündəmdə qalmağa vaxtının olmamasında qeyri-adi heç nə yoxdur. Həmin vaxt Müdafiə naziri öz komanda məntəqəsində oturub Prezidentin tapşırıqlarına əsasən müvafiq göstərişlər verib, döyüşlərin gedişatına nəzarət edib.
Orduda həyata keçirilən təmizləmə işlərə gəlincə, bu proses hazırda bir çox sahələrdə həyata keçirilir. Səhhətində yaranmış problemlərə görə və ya xidmətdə yol verdiyi nöqsanlarına görə bir neçə vəzifəli şəxsin xidmətdən uzaqlaşdırılması qətiyyən dövlət başçımızın Ordu rəhbərliyindən narazı olması anlamına gəlməməlidir. Etiraf edək ki, Azərbaycan cəbhədə əldə etdiyi bu qələbə son 17 ildə görülən işlərin nəticəsidir. Bu dövr ərzində Ordumuzun ən müasir döyüş texnikası ilə təchiz olunub, əsgər və zabitlərimizin sosial şəraiti yaxşılaşdırılıb. Azərbaycan Prezidenti çıxışları zamanı Ordu quruculuğunun onun fəaliyyətində həmişə birinci yerdə olduğunu dəfələrlə qeyd edib. Ordumuzun yüksək dəqiqliklə hədəfi vuran silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə modernləşdirilməsi bu sahədə görülmüş böyük işlərin kiçik bir hissəsidir. Təsadüfi deyil ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü 50 ordusundan biridir. Ölkəmiz müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərarlaşıb. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti və Ordumuza rəhbərlik edən peşəkar mütəxəssislərin gərgin əməyi sayəsində mümkün olub. Əgər belə olmasaydı, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ bilməzdi. Vətənini sevən hər bir azərbaycanlı bu şanlı qələbədən qürur və sevinc hissi duymalıdır. Əminəm ki, qələbəmizə kölgə salanlar, Orduda həyata keçirilən islahatlara başqa don geydirməyə çalışanlar, insanları aldatmaq üçün canfəşanlıq göstərənlər Vətənini və xalqı sevməyənlərdirlər. Əlbəttə, onların bu cəhdləri yenə də iflasa uğrayacaq, antimilli ünsürlər məkrli niyyətlərinə çata bilməyəcəklər.
İskəndər Quliyev