İki ali məktəb akkreditasiyadan keçirildi
Azərbaycan təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində və Bakı Xoreoqrafiya Akademiyasında akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
Bu barədə Təhsildə Keyfiyyət Təminat Agentliyindən məlumat verilib.
Bildirilib ki, akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış ekspertlərdən ibarət Komissiya tərəfindən aparılıb. Qiymətləndirilmə nəticəsində hazırlanan Yekun Hesabatlar əsasında hər iki ali təhsil müəssisəsinin növbəti 5 (beş) il müddətinə akkreditasiya olunmasına dair Təhsil Nazirliyi Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib. Müvafiq qərara əsasən Agentlikdə hər iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli Qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq olunub. Həmin Qaydalar tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.