GündəmManşetSiyasətXəbər xətti

Sarqsyanın iddialarını Armen Qriqoryan niyə təkzib edib? – Elçin Mirzəbəyli yazır

Serj Sarqsyanın Aprel döyüşləri ilə bağlı iddialarını Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təkzib edib və keçmiş prezidentin yalan danışdığını söyləyib. Armen Qriqoryan bildirib ki, aprel döyüşləri Serj Sarqsyanın Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı vədlərindən sonra dayandırılıb. Sitat: “Bu vədlərdən sonra torpaqların azad edilməsi ilə bağlı qrafik də müəyyənləşdirilib. Sonra isə Sarqsyan vədlərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr uydurub. 2016-cı ilin yayında baş verən “Sasna srer” hadisəsindən prosesin 2017-ci ilin aprelinə kimi təxirə salınması üçün yararlanıb. Bu adam Ermənistanı dalana dirəyən vədlər verdikdən sonra ölkə üçün olduqca ağır bir yük saxlayaraq hakimiyyətdən gedir, sonra isə gəlib elan edir ki, mən hansısa addımlar atmağa, hansısa sənədi imzalamağa hazır idim… Mən tamamilə dəqiq şəkildə deyə bilərəm ki, məhz Sarqsyanın vədləri ucbatından biz çox ciddi problemlərlə üzləşmişdik”.

Qeyd edim ki, Arm NewsTV-yə müsahibəsində Serj Sarqsyan aprel döyüşlərindən sonra Azərbaycanın 7 rayonunun boşaldılması ilə bağlı hər hansı razılaşmanın olmadığını, döyüşlərin guya Azərbaycanın “xahişi ilə” dayandırıldığını bildirib.
Xocalı canisi Serj Sarqsyanın sözügedən müsahibəsində diqqətdən kənarda qalan bir məqam da var. Bu da Tovuz döyüşləri zamanı Ermənsitanın Azərbaycanı müharibəyə təhrik etməsi ilə bağlıdır. Doğrudur, hətta erməni dilində də biabırçı özünüifadə “qabiliyyəti” olan Sarqsyan “hə” və “yox” cavabının tələb olduğu suallara uzun-uzadı və nala-mıxa döyməklə cavab versə də, bütün hallarda onun səsrsəmləmələrindən nə demək istədiyini müəyyənləşdirmək mümkündür. Jurnalistin “Müharibəni Paşinyan hökuməti başladıb? Onlar (Azərbaycanı-E.M) təxribata çəkiblər?” suallarını Sarqsyan belə cavablandırır: “Bilirsiniz, iki böyük problem var. Əvvəla icazə verin o məsələyə qayıdım ki, nə üçün müttəfiqini aldatmaq olmaz… Əgər siz mövqe üstünlüyü əldə etdiyinizi səhnələşdirirsinizsə, sonra münaqişə müəyyən qədər böyüyürsə və siz çığıraraq bütün dünyaya deyirsiniz ki, azərbaycanlılar hücum edib, biz müdafiə olunmuşuq… Bunu deməzdən öncə anlamalısınız ki, Rusiya, ABŞ və Fransa kimi ölkələr provakasiyanın kimin tərəfindən başladığını artıq bilirlər”.

Göründüyü kimi, Sarqsyan Azərbaycanı müharibəyə Ermənistanın təhrik etdiyini və Rusiya, ABŞ və Fransanın bunu bildiyini deyir. Düşünürəm ki, Sarqsyanın ona qarşı ünvanlanan ittihamlara cavab olaraq səsləndirdiyi bu fikirlər ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin 44 günlük müharibə dövründəki davranışlarına müəyyən qədər aydınlıq gətirir. Hərçənd ki, bu, Azərbaycan ictimaiyyətinə yeni heç nə demir.

Sarqsyan son bir həftə ərzində, öncə “Respublika meydanı”nda etiraz aksiyası keçirən gənclərin “təşviqat çadırı”na gedir, onlarla söhbət edib şəkil çəkdirir, dəstəyini bildirir, sonra müsahibəsində Paşinyan hakimiyyətini “yıxıb sürüyür” və sonda bəyan edir ki, onun hakimiyyət iddiası yoxdur. O zaman sual olunur, bütün bunlar nə üçün idi? Zənnimcə, Sarkisyanın indiki şəraitdə yeganə hədəfi məsuliyyətdən yayınmaq, həbs olunmamaqdır. Çünki Ermənəstan prokurorluğunda açılan yeni cinayət işlərinin bir ucu Serj Sarqsyana, onun prezidentliyi dönəmində ordunun təchizatı, silah-sursat, hərbi texnikanın alınması ilə bağlı məqamlara gedib çıxır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri isə sübuta yetirir ki, aprel döyüşlərindən sonra Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsi razılaşdırılıb, hətta torpaqların boşaldılmasının qrafiki də hazırlanıb, lakin Sarqsyan vədini yerinə yetirməyib, etimadını itirib və bu səbəbdən də onun hakimiyyətini qorumaqda ənənəvi müttəfiqləri maraqlı olmayıblar…

Elçin Mirzəbəyli