Azərbaycan Memarlıq və İnşaat Universiteti “İlin Tələbə Gənclər Təşkilatı” adını qazandı – FOTOLAR
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2 Fevral Gənclər günü münasibətilə Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dəmir Yumruq, Dəmir Gənclik” adlı tədbir təşkil edib.
Onlayn formatda keçirilən tədbirdə ATGTİ-nin sədri Pərviz Mirələmli 44 günlük Vətən Müharibəsi zamanı gənclərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birlik nümayiş etdirərək, ön və arxa cəbhədə düşmənlə mübarizədə sərgilədiyi şücaətə diqqət çəkib.
Gənclərin Azərbaycanın gələcəyində və inkişafında rolu, o cümlədən gənclər sektoruna dövlətin xüsusi diqqət və dəstəyi barədə danışan P.Mirələmli Tələbə Gənclər Təşkilatlarını (TGT) bundan sonra da tələbələrin hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərməyə və ölkəmizin maraqlarını müdafiə etməkdə “dəmir yumruq” kimi bir olmağa çağırıb.
Tədbir zamanı il ərzində aktiv fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları, sədrləri və fəalları təltif edilib.
Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatı 4 digər təhsil müəssisələri ilə birgə “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.
Bundan başqa, TGT sədrləri fəxri ad və Fəxri Fərmanlarla təltif olunublar. Eyni zamanda, yüzlərlə gənc Vətən Müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə iştirakı və digər kateqoriyalar üzrə təltif olunub.