GündəmManşetSiyasətXəbər xətti

Azay Quliyev qaz sayğacları ilə bağlı İşçi qrupu yaratmağı təklif etdi

“Qaz sayğacları ilə bağlı yaranan problem haqqında çoxlu şikayətlər daxil olur”.

Bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, “Azəriqaz” QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır:

“Şikayətələrin məzmunu budur ki, mexaniki-elektron sayğacların yazdığı vəsait faktiki sərfiyyatdan fərqlənir və nəticədə vətəndaşlar istifadə etmədikləri təbii qaza görə əlavə vəsait ödəməli olurlar.

Düzdü, bu məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi müəyyən açıqlama verdi, əlbəttə, verilən izahat qəbul etmək olar, ancaq  bundan sonra da eyni məzmunlu şikayətlərin sayı azalmadı.

Bir məsələnidə xüsusi qeyd etmək istəyirəm ki, Mənzil Tikinti kooperativləri tərəfindən qanunsuz olaraq sayğaclar sakinlərə pulla satılır.

Ona görə yaxşı olar ki, “Azərqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət bir komissiya  yaradılsın və məsələ şəffaf şəkildə birgə araşdırılsın, komissiyanın gəldiyi nəticə ictimaiyyətə elan edilsin.

Bundan başqa şəffaflığı artırmaq və ictimai nəzarəti təmin etmək üçün kommunal xidmətlər göstərən bütün qurumlarda, xüsusilə təbii inhisar subyektlərində  İctimai şuralar yaradılsın.

“İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların yaradılması imperativ qaydada  yalnız mərkəzi, yerli və özünüidarəetmə orqanlarının üzərinə vəzifə kimi qoyulur, lakin  ehtiyac olarsa, qanunvericiliyə müvafiq dəyişiklik etmək olar ki, bu qurumlarda da ictimai nəzarət mexanizmi təmin edilsin. Məncə biz qanunvericilikdə bu dəyişikliyə getməliyik.