Təhlükəsiz internet necə qurulmalıdır? – QHT sədrinin şərhi
9 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günüdür…
Həmişə olduğu kimi, sosial şəbəkə bu gün də mənə “Nə düşünürsən?” sualı ilə müraciət etdi. Cavabsız qoymaq istəmədim… İnternet maraqlı və faydalı imkanlar aləmidir. Həm də bu imkanlardan bəhrələnənlər, xüsusən də uşaqlar üçün təhlükə mənbəyidir. Təcavüz, təqib, saxtakarlıq, psixoloji təzyiq, yad insanlarla onlayn görüş – bütün bunlar hər gün qlobal şəbəkədə uşağı gözləyən təhdidlərdən yalnız bir neçəsidir. Uşaqlarımızı, başqa sözlə, gələcəyimizi onlardan necə qorumaq olar?
Ölkəmizdə yetkinlik yaşına çatmamış yüz minlərlə uşaq İnternet xidmətlərindən istifadə edir. Əksər valideynlər isə övladlarının ümumdünya şəbəkəsində nə etdiyini, hansı məlumatları axtardığını, kimlə əlaqə qurduğunu bilmir, hansı təhlükələrlə üzləşə biləcəkləinin fərqinə varmırlar. İnterneti təhlükəsiz etmək üçün mütəxəssislər mütəmadi olaraq, qayğıkeş valideynlər və onların övladları üçün təhdidlərin qarşısını almaqda və İnternetin faydalı olmasında yardımçı olacaq təlimatlar hazırlayır, dəyərli tövsiyələr verirlər. Valideyn üçün ən faydalı məsləhət onun övladının fəaliyyətindən xəbərdar olması ilə bağlıdır. Uşaqla İnternet haqqında danışmaq, bu gün şəbəkədə nə etdiyini, kimlə tanış olduğunu, hansı maraqlı məlumatlar əldə etdiyini soruşmaq, uşağın müraciət etdiyi mənbələri mütəmadi olaraq, nəzərdən keçirmək və əlaqə qurduğu hər kəsi tanıdığına əmin olmaq üçün əlaqə siyahısını yoxlamaq vacibdir. Valideyn övladından İnternetlə əlaqəli hər hansı bir təhdid və ya narahatlıq barədə ona və ya digər yetkin yaşlı ailə üzvlərinə məlumat verməsini istəməli, amma xoşagəlməz hadisələrə görə hər dəfə övladını danlamamalıdır. Əks halda uşaq İnternetdən əldə etdiyi hər bir məlumatı gizlədəcəkdir.
Mütəxəssislərin fikrincə, valideyn övladının İnternetdə bələdçisi olmalı və bilməlidir ki, övladına öyrətmədiklərini başqaları öyrədəcək və ya təhdidlərdən şübhələnmədən uşaq özü öyrənəcəkdir. Valideyn özü İntrnetin imkanlarından məlumatlı olmalı, övladının müvafiq bilik və bacarıqları mənimsəməsinə kömək etməli, lazımi məlumatları düzgün axtarmağı öyrətməli, faydalı, maraqlı, uşaq üçün təhlükəsiz mənbələrin siyahısını tərtib etməli və onlardan düzgün istifadə etməyi, özü və ailəsi haqqında məlumat verməməsini tövsiyə etməlidir.
Hər bir valideyn texniki imkanlardan istifadə edərək övladının qlobal şəbəkədə istifadəçi qismində iştirakına nəzarət edə, İnternet saytlarının “ağ” siyahısını yarada, uşağın şəbəkədə keçirdiyi vaxtı məhdudlaşdıra və yaş filtri qura bilər. “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi mütəxəssislərin tövsiyələrindən bəhrələnərək “Uşaqlar üçün təhlükəsiz İnternet qaydaları” hazırlamışdır. Düşünürük ki, valideynlər və müəllimlər uşaqları bu qaydalarla tanış etməklə onların virrtual ünsiyyətdə təhlükəsizliyinin təmin edilməsini asanlaşdıra bilərlər.
Uşaqlar üçün təhlükəsiz İnternet qaydaları:
• Şifrələrini heç vaxt heç kimə açıqlama. Onlar əsas sirrindir. Heç kimin təxmin edə bilməyəcəyi öz unikal şifrəni tap. Şifrələri kağız üzərində yazma, onları ictimai yerdə saxlama. Parollarını e-poçtla göndərmə.
• Veb saytlarda və sosial şəbəkələrdə qeydiyyatdan keçərkən şəxsi məlumatları (telefon nömrəsi, yaşayış yeri, məktəb, valideynin iş yeri və s.) göstərməməyə çalış – bu, hər kəs üçün, hətta tanımadığın insanlar üçün də əlçatan ola bilər.
• İnternetdə yerləşdirilən hər bir fotoşəkilin hər kəs tərəfindən izlənə biləcəyini unutma. Ailənizi, məktəbinizi, evinizi və digər şəxsi məlumatlarını əks etdirən fotoşəkilləri yerləşdirməməyə çalış. • İnternetdə tanış olduğun insanlarla görüşməməyə çalış.
• Bir çox hallarda insanların özləri haqqında İnternetdə yalan danışdıqlarını unutma. • İnternetdə və sosial şəbəkələrdə yalnız şəxsən tanıdığın insanlarla ünsiyyət qur. “Dostlar” siyahısına tanımadığın bir kəsi əlavə etməzdən əvvəl düşün və valideynlərinlə məsləhətləş.
• Əcnəbilərlə ünsiyyət qurarkən veb kameradan istifadə etmə, yad insanlardan uzaq durmağı, onlarla məsafə saxlamağı unutma.
• İnternetdəki həmsöhbətlərinə hörmətlə yanaş. Heç vaxt və heç bir halda başqalarını hədələmə, aqressiv və təxribat xarakterli materiallar, etik davranış qaydalarından kənar məlumatlar yerləşdirmə. Səmimi ol. Kobud olma.
• İnternetdə “şəbəkə etiketi”nin olduğunu unutma. Böyük hərflərlə yazılmış mesajı görən həmsöhbətin ona qəzəbləndiyini düşünə bilər.
• Tanımadığın qruplara qoşulma və kiminsə istəyi ilə məlumatlandırıcı, təhrikedici və aqressiv materiallar və mesajlar yayma.
• İnternetdə oxuduğun və ya görə bildiyin bir çox məlumatlar doğru deyil. Tənbəl olma, məlumatları digər axtarış sistemlərində yoxla və ya valideynlərindən soruş.
• Unutma ki, uşaqlar üçün nəzərdə tutulmayan saytlar var, “18+” qeyd olunan saytlara, ədəbsiz və aqressiv saytlara daxil olma. Əgər belə bir sayta keçid yolu ilə daxil olmusansa, “ctrl + alt + delete” düymələrindən istifadə edərək brauzerini bağla.
• Gördüyünü və yeni öyrəndiklərini böyüklərlə bölüş.
•Heç bir halda telefon nömrəni və ya e-poçt ünvanını göstərmə, ondan İnternetdəki naməlum nömrələrə SMS göndərmə.
• Naməlum ünvandan mesaj alsan, açmamağın yaxşıdır.
• Dostlarının sənə “qəribə” bir məlumat və ya proqram göndərdiyini düşünürsənsə, sənə hər hansı bir sənəd göndərib-göndərmədiyini soruş. Bəzən fırıldaqçılar kənar şəxslərin adından çıxış edə bilərlər.
• İnternetdən hər hansı bir xidmət və ya oyun yükləmək istəyirsənsə, valideynlərinlə məsləhətləş.
• Böyüklərin razılığı olmadan faylları, proqramları və ya musiqiləri yükləmə – onlar viruslara “yoluxmuş” ola bilər və kompüterinə (telefonuna) ziyan vura bilər.
• Valideynlərindən kompüterinə və ya smartfonuna virusların yayılmasının qarşısını ala biləcək antivirus və xüsusi proqram yükləmələrini xahiş et.
• Unutma: İnternet sənin üçün təhlükə mənbəyi yox, faydalı bilik mənbəyi olmalıdır. Təhlükəsiz internetlə dost ol!
Qələmə aldığım düşüncələrimin məqsədi gələcəyimiz olan uşaqlarımıza yeni texnologiyalardan yetərincə faydalanmağı, gözlənilən təhdidlərdən uzaq durmağı tövsiyə etməkdir. Təhlükəsiz İnternetin təhlükəsiz gələcəyimizi təmin edən reallıq olmasını hər birimiz dərk etməli, gənc nəsli yeni təhlükələrdən qorumalıyıq.
Könül Quliyeva,
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri