BAXCP Ali Məclisinin iclası keçirilib
Fevralın 7-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin onlayn formatda iclası keçirilib.
İclasda təşkilat məsələləri və ictimai-siyasi vəziyyət müraciət olunub.
Öncə BAXCP sədri Qüdrət Həsənquliyevin İdarə Heyətinin üzvü Əli Həziquliyevin partiyanın Türk Dünyası və Dünya Azərbaycanlıları ilə iş üzrə katibi vəzifəsinə təqin edilməsi ilə bağlı təqdimata münasibət bildirilib və yekdilliklə dəstəklənib.
İclasda ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev öncə Azərbaycan ordusunun işğalçı Ermənistan üzərində qələbəsindən və 30 il ermənilərin işğalında qalan torpaqlarımızın geri alınmasından danışıb.
Qüdrət Həsənquliyev qeyd edib ki, ölkəmizdə çox ciddi proseslər gedir: №Biz Vətən müharibəsindən qələbə ilə çıxdıq. Hazırkı şəraitdə düşünürəm ki, Azərbaycan prezidenti noyabrın 10-da atəşkəs haqqında sazişi imzalamaqla, yəni mövcud vəziyyətdə mümkün olan ən doğru, ən düzgün qərara imza altdı”.
Qüdrət Həsənquliyev vurğulayıb ki, əgər Ermənistan döyüş meydanında tək olsaydı, nə torpaqlarımızı işğal edə, nə də 30 il ərzində işğal altında saxlaya bilərdi. Vəziyyətimizi ağırlaşdıran məqam ondan ibarət idi ki, bizi Qərb də dəstəkləmirdi: “Moldova, Gürcüstan, Ukraynadan fəqli olaraq Qərb dairələri heç vaxt demirdilər ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazisi çərçivəsində həll olunmaldır. Onlar deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Azərbaycan Ermənistanla dil tapmalıdır və sizin Ermənistala gəldiyiniz razılığı biz də dəstəkləyəcəyik, ancaq sülh sazişi imzalayın”.
BAXCP sədri qeyd edib ki, ötən il, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri məlum bəyannaməni imzalayanda, atəşkəslə bağlı razılıq əldə olunanda, bəziləri bunun kapitulyasiya aktı olmadığını deyib: “Mən bunun da izahını vermişdim və demişdim ki, müharibə edən tərəflərdən biri digərinin qarşısında hansı şərti qoyursa və məğlub olan tərəf bu şərti qəbul edirsə, bu artıq kapitulyasıya aktıdır. Söhbət ondan gedir ki, biz hansı şərti qoymuşduq onların qarşısında, onlar da qəbul etdilər. Müharibənin gedişində mən deyirdim ki, biz Ermənistanla heç bir sənədin altında imza atmamalıyıq. O vaxta qədər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin bu ərazi bütövlüyün çərçivəsində həll olunmasını qəbul edir. Ancaq noyabrın 10-da imzalanan sənədə bu müddəanı salmadılar. Ona görə ki, Rusiyanın da regionda marağı var ”.
BAXCP sədrinin fikrincə, biz həqiqətən tarixi bir uğura imza atmışıq: “Əlverişli şəraitdən istifadə etməklə, qardaş Türkiyənin də ciddi siyası dəstəyi ilə qələbəyə imza atdıq. Bilirik ki, Türkiyə ilə Qərb arasında açıq və gizli formada bir qarşıdurma var. Bu yaxınlarda Türkiyənin daxili işlər naziri ABŞ-ı 2015-ci ildə baş verən FETÖ çevrilişində ittiham etdi. Türkiyə ilə Avropa ölkələri, qonşu Yunanıstan, Səudiyyə Ərəbistanı və Misirlə problemləri var. Bu baxımdan, Türkiyə ilə Rusiya arasında isti münasibətlər yaranmaqdadır. Onu da qeyd edək ki, Rusiyanın özü də Qərbin təzyiqləri ilə üz-üzədir. Belə əlverişli şəraitdə Rusiya ilə Türkiyənin yaxınlaşması ona imkan verdi ki, biz bundan istifadə edib torpaqlarımızı işğaldan azad edək. Ermənilər onsuz da kiçik bir ərazidə yaşayıblar, bundan sonra da bir müddət yaşayasınlar. Önəmli odur ki, Azərbaycan Dağlıq Qarabağa qayıdıb, kommunikasiya xətləri açılacaq, orada özünün güclü hərbi bazasını, dağ-desant diviziyalarını yaradacaq, hərbi şəhərciklər qurulacaq, peşəkar hərbçilərimiz ora yerləşdiriləcək. Peşəkar ordu quruculuğu sürətləndiriləcək. Dağlıq Qarabağın digər regionlarımızla əlaqələri bərpa olunacaq”.
BAXCP sədri Ermənistanın birinci Qarabağ savaşında qalib gəlməsinə baxmayaraq, 30 il ərzində bir milyona yaxın erməninin ölkəsini tərk etdiyini xatırladıb: “Pandemiya miqrasiya prosesini daha da sürətləndirib”.
Ermənistanın bir çox keçmiş rəsmilərinin bu gün də Azərbaycanı hədələmələrinə, yenidən revanş götürəcəklərini iddia etdiklərinə gəlincə isə, Qüsdrət Həsənquliyev deyib ki, əslində, müharibə ritorikası bizim xeyrimizədir: “Rusiya Qarabağda 50 min, Ermənistan isə 20 min erməninin yerləşdirildiyini bildirib. Bu 70-75 min nəfər edir. Amma onlar iddia edirdilər ki, Dağlıq Qarabağda 120 min erməni yaşayıb. Bir-birini təkzib edən məlumat və rəqəmlərdir. İkincisi, müharibə təhlükəsi qaldıqca orada olan gənclər də qaçıb gedəcəklər. Bu baxımdan mən hesab edirəm ki, Dağlıq Qarabağın gələcəyi Azərbaycanla bağlıdır ”.
Partiya sədri ikinci mərhələdə müharibədən sonrakı dövrdə ölkədə iqtisadi islahatların aparılmasının vacibliyinə toxunub. Bildirib ki, neftin qiyməti aşağı düşüb, hətta qiymət qalxsa da belə ixracat azalıb: “Əvvəl 50 milyon ton neft ixrac edirdiksə, indi bu rəqəm 30-34 milyon tondur. Bu da onu göstərir ki, xərclər artır, amma gəlirlər azalır. Ötən il ixracda birinci yeri qızıl, sonrakı yerləri pomidor və pambıq tutub. 205 milyon dollarlıq qızıl, 200 milyon dollara yaxın pomidor, 130 milyon dollara yaxın pambıq satmışıq. Bununla ordu saxlamaq, maaş vermək, dövlətin digər gəlirlərini ödəmək mümkün deyil. Ölkə tamamilə neft və neft məhsullarından əldə edilən gəlirlərdən asılıdır. Onun üçün partiya olaraq, parlamentdə tərəfimdən məsələ qaldırmışam ki, təcili olaraq islahatlar həyata keçirməliyik. Bir sıra dövlət şirkətləri özəlləşməlidir, səhmdar cəmiyyətlərə çevrilməlidir. Hazırda Azərbaycan Dövlət İnvestisiya holdinqi yaradılıb. Hökumət bir sıra dövlət şirkətlərini özəlləşdirməyə, yaxud səhmləşdirib səhmlərini satmağa hazırlaşır. Düşünürəm ki, bu istiqamətdə yubanmadan səmərəli addımlar atılsa, Azərbaycanda bundan başqa struktur islahatları həyata keçirilsə, bələdiyyələrin səlahiyyətləri genişləndirilsə və məhkəmə hakimiyyəti gücləndirilsə, biz doğrudan da ölkədə ciddi şəkildə vəziyyəti dəyişə bilərik”.
Qüsdrət Həsənquliyev onu da qeyd edib ki, Prezidentin məmurları tənqid etməsi, DTX tərəfindən korrupsiyaya qurşanan məmurların həbs edilməsi qısa müddətdə effekt verə bilər. Amma geniş mənada bir müddətdən sonra hər şey yenidən öz axarına qayıdacaq və bunun qarşısını almaq mümkün olmayacaq: “Bu məsələlərlə bağlı bizim konkret planlarımız var, seçki platformalarımızda da bu öz əksini tapıb. Dəfələrlə bu kimi məsələləri ictimailəşdirmişəm. Baxın, icra hakimiyyətləri strukturu ola-ola, Prezident Dağlıq Qarabağda xüsusi nümayəndələrini təyin edir. Bu barədə parlamentdə də məsələ qaldıracam. İcra hakimiyyətlərinin səlahiyyətləri Türkiyədə valilərin səlahiyyəti kimi minimal şəkildə azaldılmalı, əsas səlahiyyət bələdiyyələrə verilıməlidir. Niyə bunu istəyirik? Ona görə ki, Prezidentin təyin etdiyi vəzifəli şəxslərdən prezident hesabat istəyə bilər. Sadə insanlar onlardan hesabat tələb edə bilmirlər. Amma bələdiyyələr seçki sistemi ilə fortmalaşdığından xalq onlardan hesabat tələb edə bilər. Ona görə də hesab edirəm ki, bələdiyyələrin səlahiyyətləri genişlənməlidir. Yəni yuxarıdan təyin olunan şəxslərlə bu işi görmək mümkün deyil”.
Qüsdrət Həsənquliyev parlamentin müvafiq komitələrinin işinin gücləndirilməli, parlamentin hökumət üzərində bir nəzarət funksiyası olmasının vacibliyinə də toxunub. Bundan başqa o, bildirib ki, məhkəmələrin müstəqilliyi artırılmalıdır. Elə bir şərait yaradılmalıdır ki, sadə vətəndaş məmur özbaşnalığı ilə üzləşəndə məhkəmədə öz hüququnu qoruya biləcəyinə əmin olsun: “Bu həm də ölkəyə investisiya axınını gücləndirəcək. İndiki şəraitdə ağıllı investor hər hansı ölkəyə investisiya yatırmazdan öncə oradakı vəziyyəti öyrənir. Beynəlxalq təşkilatların hesabatları ilə tanış olurlar. Qanunun aililiyi qorunan, məmur özbaşınalığı olmayan ölkəyə investisiya yatırır. Bəziləri deyə bilər ki, niyə ölkədə iri şirkətlər fəaliyyətdədir? Çünki bu kimi şirkətlər özlərini güclü hesab edirlər. Bilirlər ki, dövlət onların əmlakına əl uzada bilməz. Söhbət orta şirkətlərdən gedir ki, onlar qanunun aliliyi qorunmayan ölkələrə investisiya yatırmırlar ”.
Qüdrət Həsənquliyev mediada söylədiyi həqiqətlərin bəzi insanlarda qıcıq, narahatlıq yaratdığı məsələsinə də toxunub. Bildirib ki, pandemiya dövrü olmasına baxmayaraq hər zaman partiyanın mövqeyi, prinsiplərini mediada ictimailəşdirib: “Onu da bilirəm ki, mənim çıxışlarım bəzi adamları qıcıqlandırır. İnsanlar istəyirlər ki, həmişə xoş sözlər eşitsinlər, amma mən hər zaman reallıqlardan çıxış etmişəm. Vətəndaşlarımıza reallığı demək lazımdır ki, hər biri düşünsün, vəziyyəti təhlil etsin. Arzularla yaşamamalıyıq, acı reallıqlar içindəyik və hər birimiz bu rellıqlara uyğun davranmalıyıq. Fikirlərimizə qıcıqla yanaşanlara əhəmiyyət verməməli, həmişə həqiqəti söyləməkdə davam etməliyik”.
BAXCP sədri Prezidentin apardığı islahatları dəstəklədiyini qeyib. Amma ölkədə iqtisadi islahatların dərinləşdirməsinin zəruriliyini də qeyd edib: “ İqtisadi, hüquqi islahatlara gedilməsə, bələdiyyələrin səlahiyyətləri genişləndirilməsə, bizi qarşıda çətin sınaqlar gözləyir. Ümid edirəm ki, dövlət başçısı bu islahatları həyata keçirəcək və biz də siyasətimizi buna uyğun müəyyənləşdirəcəyik”.
Azərbaycanla Türkiyə münasibətlərinə toxunan BAXCP sədri qeyd edib ki, bəziləri düşünür ki, niyə Azərbaycan Türkiyə ilə hərbi saziş imzalamır. Qüdrət Həsənquliyevin fikrincə, Azərbaycanla Türkiyə arasında qarşılıqla yardım haqqında anlaşma var: “Bu sənədi 2010-cu ildə Abdulla Güllə İlham Əliyev imzalayıb. O sazişə istinad edib Türkiyə istənilən vaxt bizə kömək edə bilər. Baxmayaraq ki, orada əsgəri yardımdan söhbət getmir, silahla təchizat, loqistik köməkdən gedir. Amma düşünürəm ki, Türkiyə istənilən halda bu məsələdə bizə yardım edəcək. Yeri gəlmişkən, mediada bəzi qüvvələr tərəfindən iddia edilir ki, guya Azərbaycan Türkiyəyə xəyanət edib, rəsmi Ankaranın xəbəri olmadan Rusiyanın iştirakı ilə Ermənistanla atəşkəs razılaşması imzalayıb. Bunu ancaq naşı adamlar söyləyə bilərlər. Mediada da açıq demişəm və buna görə üstümə gələnlər də olub – Hərbi əməliyyatlar başlayan andan Türkiyə Azərbaycanın yanında olub, bütün bunların hamısı öncədən razılaşdırılıb. Burada heç bir qəbahət yox, əksinə, diplomatik uğur var. Əgər belə bir danışıq olmadan Azərbaycan qonşu dövlətlərlə, iri dövlətlərlə iş aparmadan hərbi əməliyyatlara başlasaydı, onda hər birimizi heyrətləndirərdi ki, diplomatik, siyasi iş aparmadan Azərbaycan birdən-birə əks hücuma keçir. Prezidentin ən böyük uğuru o olub ki, hərbi əməliyyatdan öncə regionun böyük gücləri ilə razılaşıb”.
Çıxışın sonunda BAXCP sədri Azərbaycanın gələcəyinə, ölkəmizin modern ölkəyə çevriləcəyinə inandığını qeyd etməklə yanaşı, partiya üzvlərinə koronavirusla bağlı marifləndirici təbliğat aparmaları tapşırığını verib. Qüdrət Həsənquliyev partiyanın 65 yaşdan yuxarı üzvlərini peyvənd olunmağa səsləyib. Bildirib ki, bu məsələlərlə bağlı partiya üzvləri əhalinin sağlamlığını qorumaqla üçün yerlərdə ciddi təbliğat aparmalıdır.
Ali Məclisin iclası cari məsələlərin müzakirəsindən sonra yekunlaşıb.