Azərbaycanda peşəkar fəaliyyətinə görə heç bir vəkil təzyiq və təqiblə üzləşmir
Vəkillik kifayət qədər çətin, məsuliyyətli, eyni zamanda da şərəfli peşədir. Yaxşı vəkil olmaq üçün dərin hüquqi biliklərə sahib olmaqla yanaşı, həm də yaxşı psixoloq və yaxşı sirr ortağı olmalısan. Çünki vəkilin müdafiə etdiyi müştərilər arasında hər cür xarakterə malik insana rast gəlmək mümkündür. O cinayətkar da ola bilər, günahsız qurban da və ya qanunsuz əməl törətməsinə baxmayaraq, özünü günahkar hesab etməyənlər də.
Müştəri həyatda heç kimlə bölüşmədiyi şəxsi məlumatlarını, sirlərini rahatlıqla vəkilinə etibar edə bilməlidir. Bunun üçün isə qarşılıqlı etimadın olması əsas şərtdir. Çünki konfidensiallığa əminlik olmayan yerdə inam və etibardan danışmaq olmaz. Vəkilin borcu kimliyindən və əməlindən asılı olmayaraq müştərisinin hüquqlarını qorumaqdır. Çətin situasiyalarda düzgün və uğurlu qərarlar qəbul etmək vəkildən tələb olunan əsas şərtdir. Peşəkar vəkil səlis çıxış etmək, təhlil aparmaq, tədqiq etmək, operativ və düzgün qərarlar qəbul etmək, insanlarla münasibətlər yaratmaq kimi bacarıqlara malik olmalıdır. Qeyd olunan bacarıqlarla yanaşı, vəkildə əsas məsuliyyət hissinin olmasıdır. Vəkillik xidməti göstərilərkən vəkil öz üzərinə nəinki işin taleyini həll etmək öhdəliyini götürür, o, demək olar, bəzi hallarda hüquqi yardım göstərməklə insanın taleyini həll etmək kimi mühüm mənəvi öhdəliklərin həllinə çalışmalı olur. Vəkil ona müraciət edilən məsələ ilə bağlı əlaqədar qanunları, qərarları araşdırır, təhlil aparır, məhkəmələrdə müxtəlif iddialar qaldırır və ya müvəkkili əleyhinə qaldırılan iddialara cavab verir, məhkəmə qərarlarının icrasını təqib edir, yeni qəbul edilən qanunları izləyir. Vəkil hər şeydən əvvəl hadisələr arasında əlaqə qura bilmə qabiliyyətinə malik olmalı, hadisələri dərin araşdırmağı, qarşısındakı insanı dinləməyi, anlamağı və hətta zərurət yaranarsa, onun fikirlərinə təsir etməyi bacarmalıdır.
Vəkillik peşəsi Azərbaycanda qədim və zəngin köklərə malikdir. Bu gün məhkəmə-hüquq sistemində mühüm və əvəzsiz rolu olan vəkillik mütərəqqi islahatlar aparılmaqla təkmil bir struktura çevrilib. Vəkil təkcə təmsil etdiyi şəxslər üçün hüquqi yardım göstərmir, o, həm də ədalət mühakiməsinin həyata keçirilməsində fəal iştirak etməklə öz peşəkarlığı ilə məhkəmə fəaliyyətinin keyfiyyətinə töhfə verir. İyirmi ilə yaxındır ki vəkillik fəaliyyəti ilə məşğul olan, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ələskər Hüseynli Azərbaycanda hər bir şəxsin ibtidai istintaq öz hüquqlarının müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının tam təmin olunduğunu, hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin yüksək səviyyədə tənzimləndiyini deyir. Onun sözlərinə görə, bəzən mətbuat orqanlarında və sosial şəbəkələrdə guya vəkillərin müxtəlif təzyiqlərə məruz qalmaları, ölkəmizdə müstəqil vəkillik fəaliyyətinin olmaması barədə fikirlər səslənəndə həmkarları məyus olurlar. “Bilirsiz, bu cür xəbərlər adamı ruhdan, həvəsdən salır. İllərdir ki, bu sahədə çalışıram. Yüzlərlə məhkəmə prosesində iştirak etmişəm. Biz vəkillərin guya təzyiq altında qərar verdiyimizi eşidəndə bu, bizə çox pis təsir edir. Azərbaycanda peşəkar fəaliyyətinə görə heç bir vəkil təzyiq və təqiblə üzləşmir. Bütün sahələrdə olduğu kimi, vəkillik fəaliyyətində də müəyyən narazılıqlar ola bilər. Hansı bir vəkil peşəkar fəaliyyətində yol verdiyi səhvə görə Vəkillər Kollegiyasının üzvlüyündən kənarlaşdırıla bilər. Amma bu, o demək deyil ki, Azərbaycanda vəkillərin işinə müdaxilə və ya hər hansısa təzyiq var. Belə hallar təhsildə, tibbdə, iqtisadiyyatda, bir sözlə, hər sahədə yaşanır. Əbəs yerə kimisə Kollegiyadan uzaqlaşdırmırlar. Demək ki, həmin vəkil barəsində ona öz hüquqlarını etibar etmiş şəxslər tərəfindən əsaslı şikayətlər qeydə alınıb”.
Əlbəttə, vəkil müstəqil olduqda kənar təzyiqlər qarşısında möhkəm dayanar, düzgün qərarların qəbulunda daha israrlı olar. Bu mənada vəkilin peşəkarlığını şərtləndirən əsas amillərdən biri onun müstəqilliyidir. Amma müsahibimiz tez-tez mətbuatda səsləndirilən “Azərbaycanda peşakar vəkil yoxdur” fikri ilə razılaşmır. “Bütün sahələrdə olduğu kimi, bu sferada da peşəkarlar və qeyri-peşəkarlar var. “Artıq iyirmi ilə yaxındır ki, mən vəkillik peşəsi ilə məşğulam. Özünüz düşünün, bu sahədə ədalətsizlik, haqsızlıq, fəaliyyətə müdaxilə və təzyiq görsəydim, bu qədər vaxt öz işimlə sevə-sevə məşğul ola bilərdimmi? Hazırda qızım da hüquq təhsili alır, o da mənim kimi vəkil olmağı planlaşdırır. Əgər Azərbaycanda vəkillik fəaliyyəti üçün ciddi maneələr görsəydim, sizcə, doğma övladımı bu sahəyə yönəldə, ona bu ixtisası seçməyi məsləhət görərdimmi? Əlbəttə ki, yox. Bir daha qeyd edirəm, bütün sahələrdə olduğu kimi, bizim işimizdədə müəyyən çətinliklər, narazılıqlar olur. Lakin bu, qətiyyən vəkillərə qarşı təzyiq kimi qiymətləndirilməməlidir. Ölkəmizdə vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Bu gün vəkillərimiz qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında sərbəst şəkildə fəaliyyət göstərirlər. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda vəkillər heç bir dövlət qurumuna və ya vəzifəli şəxsə tabe olmadan qanunlara əsaslanaraq fəaliyyət göstərirlər. Vəkilin fəaliyyətinə prokurorluğun, məhkəmənin, hakimin, digər dövlət orqanlarının və ya hansı vəzifəli şəxsin müdaxilə etməyi, təzyiq göstərməsi qanunla yolverilməzdir”, – deyə Ələsgər Hüseynli qeyd edib. Müsahibimiz vəkilin fəaliyyəti ilə bağlı dindirilməsinin belə ölkəmizdə qadağan olunduğunu deyir. Vəkil yalnız mövcud qanunvericiliyə və peşə etikasından irəli gələn prinsiplərə əsaslanaraq fəaliyyət göstərir. Onun fikrincə, bu gün vəkillik peşəsinə kölgə salmaq istəyənlər, vəkillərin guya təzyiqlərə məruz qalmaları barədə həqiqəti əks etdirməyən məlumatlar yayanlar təkcə vəkillərə qarşı deyil, bütövlükdə dövlətimizə qarşı qarayaxma kampaniyası aparmış olurlar. Çünki müstəqil məhkəmə sistemi demokratik dövlətin mövcudluğunu şərtləndirən əsas amillərdəndir. Ana Qanunumuz olan Konstitusiyanın 12-ci maddəsində açıq-aydın qeyd olunur ki, dövlətimizin ali məqsədi insan hüquq və azadlıqlarının və insanların layiqli həyat səviyyəsinin təmin olunmasıdır. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi isə birbaşa məhkəmə sistemi, vəkillik fəaliyyəti ilə bağlı məslədir. Əgər kimsə ölkəmizdə müstəqil məhkəmənin olmasına, vəkillərin sərbəst fəaliyyətinə şübhə ilə yanaşırsa, demək həmin insan ümumilikdə dövlətimizi gözdən salmağa çalışır. Əminəm ki, Azərbaycan vəkillərinə qarşı istər yerli mətbuatda, istər xarici KİV-də, istərsə də sosial şəbəkələrdə təşkil edilən hücumlar dövlətçiliyimizə qarşı aparılan kampaniyanın bir hissədir. Mən fürsətdən istifadə edib bütün həmkarlarımı, hüquq ictimaiyyətini bu məsələdə mümkün qədər ayıq-sayıq olmağa, peşəmizə və fəaliyyətimizə kölgə salmağa çalışan pisniyyətli qüvvələrə qarşı fəal mübarizə aparmağa çağırıram.
İsgəndər Quliyev