Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2 fevral – Gənclər Günündə universitetin Vətən müharibəsində iştirak edən tələbələri ilə görüşüb.
Rektor bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu Şanlı Qələbədə AzTU-nun tələbə və məzunlarının rolunun olması qürurvericidir. Tələbələrimizin təhsillərini dondurub Vətən uğrunda döyüşə getməsi isə universitetdə vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsidir. Rektor deyib ki, AzTU tələbələri müxtəlif illərdə döyüş və qeyri-döyüş şəraitində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Universitetimizin Vətən müharibəsində iştirak edən tələbə və məzunları arasında 26 nəfər şəhidlik zirvəsinə ucalıb. Rektor qeyd edib ki, Vətən müharibəsində gənclər də yüksək iradə, əzm, milli ruh və vətənpərvərlik nümayiş etdirib. Prezident, Ali Baş Komandan İlham Əliyev də Şuşaya səfəri zamanı Şanlı Qələbəmizin qazanılmasında gənclərin rolunu xüsusi vurğulayıb.
“Mən hər zaman deyirəm ki, siz tələbələr bu universitetin sahiblərisiz. Artıq siz qalib ölkənin tələbələrisiz. Bundan sonra sizin təhsil sahəsində də uğur qazanmağınız istiqamətində universitet səylərini əsirgəməyəcək. Çünki, Azərbaycanın gələcəyi məhz siz gənclərin əlindədir. Siz qalib ölkənin savadlı gəncləri kimi yetişməli və gələcək nəsillərə öz biliklərinizi ötürməlisiniz”-deyə rektor əlavə edib.
Qeyd edək ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün AzTU-da Kompleks Qayğı Proqramı hazırlanıb. Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçirilir.