GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

Ayvazyan Cavad Zəriflə görüşdə nədən şikayətlənib? – Ekspertin şərhi

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan İranlı həmkarı ilə görüşdə yenə də ənənəvi ritorikasını davam etdirib. Ayvazyana görə, “Azərbaycanın “Qarabağ münaqişəsi”ni güc yolu ilə təhlükəli həllinə cəhdi nəticəsində yaranmış yeni və təhlükəli çağırışlarla qarşı-qarşıyadır”. Sitat: “Biz yenə də vurğulamaq istəyirik ki, yalnız bütün tərəflərin maraqlarına cavab verən, “qalib və məğlub”un, “qələbə və məğlubiyyət”in olmadığı möhkəm sülh regionda real təhlükəsizliyə zəmanət verə, sabitliyə və inkişafa zəmin yarada bilər”.
Düşünürəm ki, Ayvazyanın İranın xarici işlər nazirinə, yuxarıda iqtibas gətirdiyim şikayətində, öncə mühüm bir məqama diqqət çəkmək lazımdır. Bu, “regionda real təhlükəsizliyə zəmanət verilməsi” ilə bağlıdır. Ermənistan xarici işlər nazirinin bu sözləri, istisnasız olaraq, Rusiyaya və bu ölkənin sülhməramlı missiyasına yönəlib. Ayvazyan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə şikayətində, əslində çox açıq bir şəkildə Rusiyanın “real təhlükəsizliyə zəmanət verə bilməyəcəyini deyir”. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr bəyanatının Rusiyanın zəmanəti ilə imzalandığını və atəşkəsə əməl edilməsinə nəzarətin bu ölkənin sülhməramlılarına həvalə olunduğunu, həmçinin sözügedən bəyanatın davamı olaraq, yanvarın 11-də Moskvada əldə olunan razılaşmanı və bu bağlamda Rusiyanın prosesdə zəmanətçi dövlət kimi iştirakını nəzərə alsaq, Ermənistanın rəsmi mövqeyini ifadə edən Ara Ayvazyanın Rusiyaya zəmanətçi dövlət kimi etimadsızlıq nümayiş etdirdiyini deyə bilərik.
Ayvazyanın “qalib-məğlub” ritorikasına gəldikdə isə, bu klassik erməni həyasızlığının növbəti nümunəsidir. Necə olur ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edəndə “qalib” sayılır və bütün prosesin məhz “qalib-məğlub” prinsipi üzərindən həyata keçirilməsini tələb edir, amma Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə bunun əksi iddia olunur.
Bununla yanaşı, Ara Ayvazyanın Məhəmməd Cavad Zəriflə görüşündə Rusiyanın zəmanətçi dövlət kimi missiyasının şübhə altına alınması ilə yanaşı, onun İranın ünvanına bu ölkənin keyfiyyətsiz və az köpüklənən “sabun”undan bolluca istifadə etdiyi də diqqət çəkir. Ayvazyan deyir: “İran regionda qüdrətli dövlətdir və biz İranın öz yaxın qonşuları ilə münasibətlərinə yanaşmasına hörmət bəsləyirik”.
Göründüyü kimi, bir tərəfdən Rusiyaya qarşı şübhələr və etimadsızlıq dilə gətirildiyi halda, digər tərəfdən İranın ünvanına yağı bol düşmüş tərif səsləndirməyi unutmur.