Hərbçilərimiz hər zaman diqqət mərkəzindədirlər
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində parlaq qələbə qazanması, 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqlarının azad edilməsi hər birimizə qürür və fərəh hissi yaşatdı. Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, işğala son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Düzü, bu böyük Zəfərdən sonra birliyimizin daha da möhkəmlənəcəyini, Ordu ilə bağlı bütün xoşagəlməz söz-söhbətlərə son qoyulacağını gözləyirdim. Lakin bu gün sosial şəbəkələrdə guya cəbhə bölgəsində xidmət edən hərbi qulluqçuların əmək haqlarının azaldılması mövzusu ətrafında gedən söz-söhbətlər adamı məyus edir. Qalib ölkənin qalib vətəndaşı olaraq bu cür xoşagəlməz fikirlər səsləndirərək, düşmən quyusuna su tökmək hesab edirəm ki, bizə yaraşmır. Fikrimcə, bu cür qərəzli məlumatları Müzəffər Ordumuzun qazandığı qələbəyə kölgə salmaq istəyən bəzi qüvvələr yayır. Vətən Müharibəsində zəfər qazanmış, torpaqlarımızı işğaldan azad etmiş Ordumuzun hər bir zabiti, hər bir əsgəri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Elə ötən gün Prezidentin müharibə əlillərinin və şəhid ailələrinin 5 il ərzində mərhələli şəkildə mənzillə təmin edilməsi barədə imzaladığı Sərəncam buna sübutdur. Bu gün minlərlə hərbçimizə medallar verilir, qazilərimizə, şəhid ailələrinə təqaüdlər kəsilir. İstər müharibə dövründə, istərsə də maharibədən sonrakı dövrdə hərbi qulluqçuların sosial təminatı Müdafiə Nazirliyinin diqqət mərkəzində olub. Bəzi hərbi qulluqçuların əmək haqlarında baş vermiş dəyişikliyə gəlincə, bunun obyektiv səbəbləri var. Məsələni Müdafiə Nazirliyinin Orduya laqeyd münasibəti kimi şərh etmək düşmən dəyirmanına su tökmək kimi bir şeydir. Məsələ burasındadır ki, mövcud qanunvericiliyə əsasən, döyüş şəraitində iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Vətən müharibəsi zamanı Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Aydın məsələdir ki, müharibə dövründə qismən səfərbərlik elan edildiyindən Azərbaycan ordusunun şəxsi heyəti artırılmışdı. Şükürlər olsun ki, müharibə bizim xeyrimizə bitdi. Ordumuz parlaq qələbə qazandı və orduya cəlb edilən hərbiçilərin bir hissəsi təxris edildi. Bu proses hələ də davam edir. Artıq ölkəmizdə müharibə şəraiti hökm sürmür. Bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının dəqiqləşdirilməsi zərurəti yaranıb. Üstəlik, Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin ləğvi, sərhədlərin demarkasiyası ilə əlaqədar ikiqat əmək haqqı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bu, müdafiə nazirinin göstərişi deyil, qanunvericiliyin tələbidir.
Bu sahədə kifayət qədər təcrübəsi olan biri kimi deyə bilərəm ki, bu, birbaşa Müdafiə naziri Zakir Həsənovun səlahiyyətində olan məsələ deyil. Qanunvericilik var, Maliyyə Nazirliyi var. Məsələn, Murovdağda xidmət edən hərbi qulluqçular barəsində deyə bilərəm ki, ora artıq döyüş bölgəsi deyil. Kəlbəcər, Şuşa da artıq bizimdir, orada dinc əhali yaşayacaq. Həmin ərazilər bundan sonra cəbhə bölgəsi hesab olunmayacaq. Təbii ki, həmin zabitlərə gələcəkdə Fizulidə, Şuşada və digər azad olunmuş rayonlarımızda evlər veriləcək. Onlar üçün hərbi şəhərcik salınacaq. “Rus sülhməramlılarının hərbi şəhərciyi artıq hazırdır” deyənlərə isə üzümü tutub burdan söyləyirəm ki, onlar 300 nəfərluk kazarma tikublər, buzim isə 40-50 minlik Ordumuz və üstəlik, 30 il viran qoyulmuş əraziləri bərpa etmək kimi bir problemi yoxdur. 50 min kifayət qədər böyük rəqəmdir, bir şəhərin əhalisi deməkdir. Bir şəhər salmaq asan məsələ deyil. Müdafiə Nazirliyi bacardığını edir və əminəm ki, bundan sonra da edəcəkdir. Proses tam başa çatdıqdan sonra ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşəcək və müvafiq maliyyələşmə ilə təmin olunacaq. Məsələyə siyasi don geyindirmək, emosiyalara qapılaraq tələsik rəy vermək qətiyyən yolverilməzdir. Bu, 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanmış, 30 ildən sonra torpaqlarını işğaldan azad etmiş bir xalq kimi bizə yaraşmaz. Hərbçilərimiz hər zaman şücaəti və qəhrəmanlığı ilə fəxrimizdirlər. Biz evimizdə rahat yatırıqsa, bunu sizə borcluyuq. Qəlbimiz sizinlədir!
İsgəndər Quliyev