Bu il qərənfillər xarıbülbül qoxuyur…
Qədirbilən, vəfalı xalq yenə öz şəhidlərini anır, yenə bütün yollar Şəhidlər Xiyabanına aparır, yenə Xiyaban qərənfil dənizinə qərq olub. Bu il bir başqa ovqat var. İllər öncə, şəhər və rayonlarımızın işğalından sonrakı 20 yanvar ziyarətləri necəydi? – Dərd üstündən dərd yüklənirdik… Lakin yenə də məhz 20 yanvar dirənişimiz, 20 yanvar haqlılığımız, 20 yanvardan sonra böyük bir imperiyanın günəşinin qüruba enməsi, bizim istiqlal günəşimizin üfüqdə cilvələnməsini yada salmağımız bizə güc, inam verirdi. Qan yaddaşımızı təzələyir 20 yanvar. İşğal tarixlərində də Şəhidlər Xiyabanını ziyarət etməyimiz müqəddəs ruhlardan güc almağımız, ümidsizlikdən, kəsafətdən arınıb-durulmağımızdı…
Bu ilki qərənfillər sınqın deyil, sanki bütün güllər kimi qərənfillər də xarıbülbül qoxuyur, xarıbülbülə bənzəyir artıq. Xarıbülbül hər nə qədər həsrət gülü kimi ədəbiyyatımıza köçübsə də, 44 günlük Vətən Müharibəsi ilə xarıbülbül azadlığın, qələbənin, zəfərin yarıbülbül oldu, yaramızı sarıyan gül oldu, gülən gül oldu, gül kimi gül oldu. Budur, Vətən Müharibəsindən sonrakı ilk 20 yanvar ziyarətimizdə iştirak edənlərin duruşu, yerişi, baxışı kədərdən çox Şuşa kəramətinə qərq olub!
20 yanvar uzun illərdən sonra öz ilkin anlamına, məzmununa – qəhrəmanlıq, milli qürur, əzmkarlıq ruhuna dönüb.
20 yanvara aparan yolu yada salaq: 1987-88-ci illərdən başlayaraq soydaşlarımızın Ermənistandakı öz dədə-baba torpaqlarından son, qəti deportasiyası, Dağlıq Qarabağımızın süni, qondarma üsullarla Ermənistana birləşdirilməsi çağırış və cəhdlərinin genişlənməsi müşahidə olunurdu. Gərginlik günbəgün artan xətlə davam edirdi, ovaxtkı mərkəzi hökumət – rəsmi Kreml isə gərginliyin qarşısını almaq yerinə, xalqımıza qarşı hərbi-siyasi cinayət işləməyi məqbul hesab etdi.
20 yanvar sovet ideoloqlarının, marksizm-leninizm təbliğat-təşviqatçılarının onillər boyu danışdığı, yazdığı, nümayiş etdirdiklərinin çoxunu sıfırladı: gözümüzdən pərdə tam qalxdı, yalanlar faş oldu. Təsdiq olundu ki SSRİ-nin mərkəzi büdcəsinə milyonlar verən respublikanı, həmişə dotasiya ilə yaşayan qondarma və cırtdan respublikanın ayağına vermə cəhdləri var. Bu yaramaz gedişatı durdurdu 20 yanvar şəhidləri!
20 yanvar şəhidlərinin 2 milyona yaxın insanın iştriakı ilə – tarixdə tayı-bərabəri az rastlanan izdihamla dəfni xalqımızın dəyanətini, cəsarətini, ruhgücünü bütün dünyaya göstərdi. Təsəvvür edin: o zaman ölkə əhalisinin sayı 7 milyondan bir qədər çox idi, onun da təqribən yarısı bölgələrdə, kəndlərdə yaşayırdı, üstəlik, paytaxtda fövqəladə vəziyyət rejimi tətbiq olunmuşdu.
Demək, uşaq, qoca, xəstə və təxirəsalınmaz işlərdə çalışanları çıxmaq şərti ilə Bakı və ətrafı başda olmaqla, əhalinin gənc və orta nəslə mənsub hissəsinin mütləq əksəriyyəti şəhidlərin dəfninə qatılıb! 22 yanvarda Azadlıq Meydanından indiki Şəhidlər Xiyabanına keçirilən matəm yürüşü, o dövrün bütün şərt və şərtsizliklərini, parametrlərini nəzərə alsaq, tarixin gördüyü nadir hadisələrdəndir.
Bax, 20 yanvarın tarixi-siyasi mahiyyəti bu nadirlikdə, qeyri-adilikdə, xalqın dərinliklərdən boy qaldıran yaddaş gücündəydi.
20 yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, xalqımızın sarsılmaz iradəsini, danılmaz mətinliyini göstərdi.
Azərbaycan xalqına ömür boyu minnətdar olmalı olan Sovet ordusu, minnətdarlıq yerinə, namərdliyi, haqsızlığı seçsə də, nəticə etibarı ilə az sonra nə Sovet, nə də onun ordusu qalmadı. 20 yanvar bir həqiqəti təsbit etdi ki qəddarlıq, namərdlik qoruyucu funksiyaya malik deyil, tam tərsinə, qəddarın, namərdin dərin quyu dibinə, girdaba gedişini daha da sürətləndirir…
O çətin günlərdə Azərbaycanın haqq səsini duyuran, dərdimizi bölüşən hər kəsə, hər kəsə bir daha, bir daha minnətdarıq. Vurulan radiodalğalarla, dəqiqləşdirilməsi zaman alan xəbərlərlə… Azərbaycanda baş verənlər yenə yayıldı, bilindi, öyrənildi. O çətin günlərdə Moskvaya dikilmiş gözlər, Moskvanı dinləyən qulaqlar rəsmi Moskvadan urvatlı, dövlət ərkanına, dövlət ləyaqətinə yaraşan cavab, üzrxahlıq, izahat, təsəlli almasa da, Moskvadan başqa bir səs ucaldı və xalqa təsəlli oldu: bu səs Heydər Əliyevin səsi idi.
Böyük dövlət və siyasət xadimi 21 yanvar 1990-cı ildə, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi qanlı əmələ kəskin etirazını bildirdi, qanlı Bakı əməliyyatına başçılıq edənləri media önündə ifşa etdi.
Bundan bir qədər sonra, uzun ayrılığın ardından dogma Bakıya gələn Heydər Əliyevin Şəhidlər Xiyabanını ziyarətindən çəkilmiş şəkil də o illərdə bir təsəlli oldu: xalqcanlı, vətəncanlı o böyük insan, Xiyabana gəlib, şəhid məzarı önündə diz çökərək və məzar üstündəki gülü qoxlayaraq, xalqın əyilməz oğullarının ruhuna yüksək ehtiram nümayiş etdirdi. Prezident seçilərkən, dövlət bayrağı önündə diz çökmə ənənəsini də Heydər Əliyev qoydu. Bunlar milləti, ölkəni, dövləti, bayrağı ucaldan hadisələrdir. Böyüklüyü böyüklər edə bilir!
İşğalçı Ermənistanı – dabanyalayan Ermənistan siyasi-hərbi rəhbərliyini diz çökdürən müzəffər Ali Baş Komandanımız İlham Əliyevin, işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Şuşada müqəddəs bayrağımızı göylərin üzünə çəkməmişdən öncə, bayraq önündə diz çökərək, onu öpüb gözlərinin üstünə qoyması Heydər Əliyev irsinin təntənəsidir.
“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” – Ali Baş Komandan bu sözləri 8 noyabr 2020-ci ildə Şəhidlər Xiyabanında, Şuşanın azad olunması münasibəti ilə Xalqa Müraciətində dedi. Şuşa… Azadlıq… Şəhidlər Xiyabanı…
Dövlət başçısının Xalqa Müraciəti!.. – Yalnız bu faktın özü Şəhidlər Xiyabanının müqəddəsliyinin dövlət və xalq qatında necə yüksək dəyər daşımasını ifadə etməkçün yetərlidir. Necəki nikaha girən, hərbi xidmətə gedən, yeni dövlət qulluğuna başlayan gənclərimiz yolunu Şəhidlər Xiyabanından salır, and içir, uğurlanır… – Yəni ziyarətgahımıza yalnız kədər bölüşməkçün deyil, sevinc bölüşməkçün gedirik! Şuşanın azad olunmasını bildirən dövlət başçısının qürur dolu sözlərini bird aha yada salaq: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm”.
ŞƏHİDLƏRİMİZƏ EHTİRAMIMIZ ƏBƏDİDİR!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!