Azay Quliyev seçicilərlə videogörüş keçirib
Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.
Videogörüşdə iştirak edən seçicilər pensiya, istilik, kommunal, məşğulluq və təhsil məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.
Seçicilərin qaldırdığı problemlərin bir qismi yerində həll edilib, digərləri ilə bağlı müvafiq addımların atılacağı bildirilib.
Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydlər aparıb və onların araşdırılaraq həll ediləcəyi deyilib.
Deputat Azay Quliyev Vətən müharibəsi iştirakçılarını narahat edən məsələlərə xüsusi diqqət yetirildiyini və onların həllini nəzarətdə saxlayacağını bildirib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktorunun müavini Ramal Quluzadə də iştirak edib.