“Rusiya bilir ki, Ermənistan və Azərbaycan dil tapıb yaşaya bilərlər” — İqbal Ağazadə
“İmkan verməməliyik ki, bizi kimsə Rusiyanın yançısı hesab etsin, onun ayağına yazsın. 44 günlük müharibədən sonra üçtərəfli anlaşma nəticəsində Rusiya sülhməramlı adı ilə gəlib. Heç birimiz Rusiyanı ölkəmizdə istəmirik. Rus qoşunları adında sülhməramlıların olmadığını da bilirik. Lakin fərqli şeylər var. Dünən Xankəndinə çox uzaqdan baxırdıqsa, indi iki kilometrlikdən baxırıq. Biz Xocalıda, Əsgəranda, Xocavənddə, Xankəndidə deyilik, amma Şuşadayıq. Dövlət sərhədlərimizi bağlamışıq. Son 200 illik tarixdə əhəmiyyətli irəliləyişimiz olub. Amma çətinliklərimiz də var. İşləməliyik. Heç kim Rusiyadan nəsə gözləməsin”.Pravda.az xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
İ.Ağazadə bildirib ki, Rusiya Qarabağa sülh üçün gəlməyib: “Rusiya bilir ki, Ermənistan və Azərbaycan iki qonşu ölkədir, dil tapıb yaşaya bilərlər. Amma bu gün orada rus sülh üçün deyil, bir gün bizə, bir gün onlara şərait yaradacaq ki, vəziyyət gərginləşsin. Rusiya Cənubi Qafqazda qalmaq üçün bütün bunları edir. Cənubi Qafqazda bizim imkanlarımız var. Biz bu mərhələni də atlatsaq, hər şey yaxşı olacaq. Gün gələcək, Göyçə gölünün ətrafında olacağıq. Ermənilər hara gedirsə, oranı vətən sanır. Biz isə elə, obaya, dağa, daşa bağlı adamlarıq. Biz Avropa Birliyi kimi Cənubi Qafqaz Birliyi yarada bilərik. Bu xətti sonra genişləndirmək mümkündür. Biz Azərbaycan tarixinə özümüzün pəncərəmizdən bu günə yox, yüz il sonraya baxmalıyıq”.