Ekspert Moskva görüşünü şərh edib: “Azərbaycanın mövqeyi aydındır”
Tanınmış siyasi şərhçi Elçin Mirzəbəyli Moskva görüşünə münasibət bildirib.Aktor.Az onun fikirlərini olduğu kimi təqdim edirik:
“Moskvada Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin iştirakı ilə keçiriləcək görüş öncəsi nəticə ilə bağlı irəli sürülən ehtimallar gözlənildiyindən xeyli azdır.
Ermənistan tərəfindən yalnız baş nazirin mətbuat xidmətinin rəhbəri danışıb və ən yaxşı halda, kommunikasiyaların açılması ilə bağlı razılıq əldə edilərsə birgə bəyanatın imzalana biləcəyini deyib.
Rusiya prezidenti Emmanuel Makronla “məsləhətləşib”, görüş öncəsi Təhlükəsizlik Şurasının iclasını keçirib.
Makronla məsləhətləşmə Minsk prosesinin mövcudluğu ilə bağlı təsəlli jesti olsa da, mahiyyət görüşün nəticəsinə uyğun şəkildə, Fransa rəsmilərinin açıqlamalarında özünü qismən də olsa büruzə verəcək. Fransanın razılıqla qarşıladığı istənilən prosesin Azərbaycanda şübhə doğuracagı və narahatlıq yaradacağı üçün, rəsmi Parisin daha ehtiyatlı davranacağını düşünürəm. Bununla yanaşı, Minsk prosesinin digər iştirakçı olan ABŞ-la “məsləhətləşmə”yə digər həmsədrlərin, xüsusilə də Fransanın ehtiyac duymadığı maraq doğurur. Zənnimcə, bu məqama yanvarın 20-dən sonra yenidən nəzər salmaq lazım gələcək.
Rusiya Təhlükəsizlik Şurasının iclası isə, düşünürəm ki, daha çox siyasi məqsəd daşıyır və Moskvanın görüşün əhəmiyyətini və ciddiliyini qabartmaq, vacib bildiyi mesajları ötürmək üçün vasitə olduğu ehtimalını yaradır.
Azərbaycanın mövqeyi aydındır və artıq ən incə detallarına kimi Prezident İlham Əliyev tərəfindən açıq şəkildə elan olunub. Qeyd edim ki, kommunikasiyaların tez bir zamanda açılması bizim maraqlarımıza da uyğundur. Amma buna qədər olan bütün digər məsələlər öz həllini tapandan, xüsusi ilə də erməni silahlıları Qarabağdan tamamilə çıxarılandan sonra…”
Elçin Mirzəbəyli