Ermənilərin təxribatları davam edəcəksə, sərt cavab veriləcək – Ekspert
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki geniş nitqində ictimaiyyəti narahat edən bütün həssas, önəmli məsələlərə aydınlıq gətirdi və bir daha bəyan etdi ki, Azərbaycan dövlətinin siyasəti Azərbaycan xalqının mövqeyi ilə hər zaman olduğu kimi üst-üstə düşür, vəhdət təşkil edir.Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, bu gün çoxlarını heyrətləndirən milli həmrəyliyimizin təməlində də bu amil dayanır: “Dövlətimizin başçısı Azərbaycan üçün keçilməz qırmızı xətt hesab edilən bütün məsələlərlə bağlı dəyişməz mövqeyini qəti şəkildə dilə gətirdi. Əslində Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə xarici ölkə vətəndaşlarının, rəsmi şəxslərin, o cümlədən Fransa parlamentarilərinin, Ermənistan XİN rəhbərinin səfərlərinin yolverilməzliyi barədə fikirləri ölkəmizin qanunlarına əməl olunmasına məcburetmə barədə xəbərdarlıq kimi də qəbul oluna bilər.
Sülhə məcbur edilənlər, “iti qovan kimi” qovulanlar və onların simasız himayəçiləri Azərbaycan Prezidentinin xəbərdarlıqlarının “bəhərini” artıqlaması ilə daddıqları üçün artıqlaması ilə nəticə çıxaracaqlarına şübhə etmirəm. Əks təqdirdə “iti qovan kimi” əməliyyatının davamı gələcək və iti, sürətli şəkildə həyata keçiriləcək”.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüquq və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır:
“Ermənistan üçün kapitulyasiya aktı sayılan bu bəyanatda yer almayan heç bir fəaliyyət Azərbaycanın buna prinsipial icazəsi olmadan həyata keçirilə bilməz. Hazırda ölkəmizin mövsümlə və digər amillərlə bağlı reallıqları nəzərə alaraq, humanitar məsələlərin həllinə razılıq verməsi, yalnız dövlətimizin humanitar mahiyyətindən irəli gələn addım kimi qəbul olunmalıdır.
Əks təqdirdə sui-istifadə hallarına cəhd Ermənistan üçün daha böyük fəlakətlərlə nəticələnə bilər. Azərbaycan Silahlı Qüvvələrinin kiçik bir qrupunun həyata keçirdiyi son antiterror əməliyyatları, dövlətimizin vətəndaşlarımızın və sərhədlərimizin təhlükəsizliyi ilə bağlı güzəştsiz mövqeyi kimi anlaşılmalı və nəticə çıxarılmalıdır.
Baxmayaraq ki, Ermənistandan Azərbaycan ərazisinə keçərək diversiya, terror törətməyə cəhd göstərənlərə münasibətdə də humanizm nümayiş etdirilib, onlar məhv edilməyiblər, əsir götürülüblər. Amma bu hal hər dəfə təkrarlanmayacaq. Bir dəfə oldu və başa çatdı. Növbəti cəhd Ermənistana daha çox cəsədin getməsinə yol açacaq. Azərbaycan bununla bağlı öz mövqeyini dəfələrlə ifadə edib: Ölmək istəmirlərsə, Azərbaycan ərazisinə gəlməsinlər”.