ManşetSiyasətXəbər xətti

ABŞ-da baş verənlər demokratik prinsiplərə ziddir – Elman Nəsirov

“Yanvarın 6-da Amerika Birləşmiş Ştatlarının Konqresində prezident seçkilərinin nəticələri təsdiqlənməli idi. Daha açıq desək, seçkilərin qalibi Cozef Baydenin prezidentliyi təsdiq olunacaqdı. Ardınca isə, yanvarın 20-də inaqurasiya mərasimi keçirilməli idi. Yanvarın 6-da fərqli mənzərənin şahidi olduq. Bu mənzərə onu göstərdi ki, ABŞ-da seçkilərin nəticələrinə qarşı çox böyük etiraz elektoratı var. Nadir hadisələrdən biridir ki, Amerikada uduzan tərəf sona qədər mübarizəni aparır. Bu, Trampın timsalında özünü göstərdi. Hadisələr gözlənilməz ssenari üzrə inkişaf edib. Heç kəsin ağlına gəlməzdi ki, özünü “demokratiyanın beşiyi” adlandıran bir ölkədə seçicilər Konqresə hücum edə, toqquşmalar ola bilər. Baş verənlər demokratik prinsiplərə daban-dabana ziddir”.Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirovun sözlərinə görə, ABŞ ayrı-ayrı ölkələrdə seçkilərin nəticələrinə qiymət verir, ABŞ Dövlət Departamenti tənqidi mövqeyini ortaya qoyur, irad və ittihamlarını irəli sürür. Bütün bu reallıqlar fonunda ABŞ-da belə hadisələrin baş verəcəyinə inam olduqca az idi: “Amma reallıq başqa şeyi diqtə etdi. Qeyd edim ki, ABŞ Konqresində Baydenin prezident kimi təsdiqlənməsi elə də çətin görünmürdü. Çünki Konqresdə 100 senator var, onların 53-ü Respublikaçılar Partiyasını təmsil edir, amma həmin şəxslərin mütləq əksəriyyəti seçkilərin nəticələrini tanıyacaqlarını bildirirlər. Yəni reallıqla barışırdılar. Nümayəndələr Palatasında isə Respublikaçılar Partiyası deyil, Demokratlar Partiyasının nümayəndələri üstünlük təşkil edir. Baydenin təsdiqlənəcəyi real görünürdü. Trampın sonə qədər mübarizə aparması, xüsusilə də seçkilərdə poçt vasitəsilə səsvermə zamanı ağılasığmaz dərəcədə saxtakarlıqlara, qanun pozuntularına yol verilməsi ilə bağlı ittihamları öz işini gördü. Trampın mövqeyi belə idi ki, pandemiya olmasaydı, poçt vasitəsilə səsvermədən məhdud səviyyədə istifadə olunardı və qanun pozuntuları da olmazdı. Tramp məğlub vəziyyəti ilə barışmaq istəmir. Baydenin prezident kimi təsdiqlənməsi şübhə doğurmur. İsitsna deyil ki, yanvarın 20-də Baydenin andiçmə mərasimi başa çatdıqdan sonra istintaq işi yeni məzmun kəsb etsin və Bayden Trampı 6 yanvar insidentinin baş verməsində ittiham edərək cinayət işi açdırsın”.

 

Qeyd: ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının Konqresə hücumu nəticəsində baş verən toqquşmalarda dörd nəfər ölüb (Biri qadındır, Konqresin zalında güllələnib), 52 nəfər həbs edilib. Buna görə də ölkədə fövqəladə vəziyyət rejimi 15 gün müddətinə uzadılıb.